Aşqarlar Kimyası İnstitutunda insan sağlamlığına töhfə verən beynəlxalq səviyyəli tədqiqatlar aparılır

45

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) “COP29” və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər planına uyğun olaraq növbəti maarifləndirmə seminarı keçirilib. “Bitki ekstraktları əsasında canlı orqanizmlərin bəzi patoloji proseslərinə qarşı antioksidantların alınması və tədqiqində yeni yanaşmalar” mövzusunda təqdimatla çıxış edən İnstitutun icraçı direktoru professor Əfsun Sucayev bildirib ki, AKİ alimləri müştərək beynəlxalq tədqiqatlar çərçivəsində bitki ekstraktlarından alınan potensial dərman maddələrinin fizioloji fəallıqlarının öyrənilməsinə geniş yer verirlər.

O, bu istiqamətdə Azərbaycan florasına daxil olan bir çox bitkilərin ekstarktından alınan dərman təsirli maddələrin müfəssəl tədqiq edildiyini, mühüm nəticələr əldə olunduğunu və onların artıq nüfuzlu xarici jurnalda çap edildiyini və xüsusən, dünya alimlərinin diqqətini cəlb etdiyini vurğulayıb.

Ə.Sucayev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların flora örtüyünə aid daha çox dərman bitkilərinə rast gəlindiyini əsas gətirərək, yaxın hədəfdə bu istiqamətdə elmi tədqiqatların daha da genişləndiriləcəyini və hətta Qarabağ Universiteti ilə də əməkdaşlıq məsələlərinin nəzərdən keçirildiyini qeyd edib.

Mövzu ətrafında İnstitutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru Mehparə Səfərova, aparıcı elmi işçilər, fəlsəfə doktorları – Məlahət Abbasova və Xuraman Əfəndiyeva mövzu ilə əlaqədar öz rəy və təkliflərinin bildirblər.

 

PAYLAŞ