Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) Elmi şuranın geniş tərkibdə iclası keçirilib.
Gündəlikdə olan ilk məsələ haqqında məlumat verən İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev bildirib ki, bu il AKİ-yə 1 doktorant və 1 dissertant qəbul olunub, onlara müştərək elmi rəhbərlər təyin edilib və dissertasiya mövzuları təsdiq olunub. Müzakirə zamanı doktoran və dissertantın illik fəaliyyət planı təsdiq olunub.
Sonra İnstitutun “Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasının kiçik elmi işçisi, sabiq doktorant İbadulla Həsən oğlu Mahmudovun “Pirazol-, N-benzil, N- allilanilin törəmələri, onların metal komplekslərinin sintezi və tədqiqi” mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin ilkin müzakirəsi təşkil olunub.
Laboratoriya müdiri kimya üzrə elmlər doktoru, professor Pərvin Məmmədovanın sədrliyi ilə keçirilən müzakirədə iddiaçı İ.Mahmudov mövzu ilə əlaqədar əldə etdiyi mühüm elmi yenilikləri, sintez etdiyi yeni maddələrin fundamental elmi və tətbiqyönlü əhəmiyyətə malik olması və onların həm karbohidrogenlərin oksidləşməsinə qarşı antioksidantlar, həm katalitik fəallıqları, eyni zaman da patoloji proseslərə qarşı enzim-izoenzim inhibitorları kimi aktivliklərinin öyrənilməsi istiqamətində apardığı müfəssəl tədqiqatlar haqqında geniş məlumat verdi və çoxsaylı sualları cavablandırdı.
İ.Mahmudovun mövzusu üzrə elmi əsərləri «Clarivate Analytics» Agentliyinin “Web of Knowledge” axtarış sistemində referatlaşdırılmış, kimya sahəsində xüsusi nüfuza malik ABŞ-ın, Avropanın yüksək impakt faktorlu jurnallarında çap olunmuşdur.
Müzakirə zamanı rəyçilər – k.ü.f.d., dos. V.Kazımov və k.ü.f.d. M.Hüseynova işin aktuallığını, müasirliyini, vacibliyini vurğulayıb, mövzu ilə bağlı irad və təkliflərini bildiriblər.
İddiaçının elmi rəhbəri kimya elmləri doktoru Ə.Sucayev sabiq doktorantının şəxsi keyfiyyətləri haqqında məlumat verərək, onun çox çalışqan və istedadlı olduğunu, tədqiqatın bir hissəsinin öz təşəbbüsü ilə getdiyi Portuqaliyanın Lisabon Universitetində yerinə yetirdiyini diqqətə çatıdırıb və nümayiş etdirdiyi bilik səviyyəsinin müvafiq elmi dərəcə almağa imkan verdiyini bildirib.
Elmi Şuraının üzvlərindən M.Səfərova, A.Məmmədova, Y.Ramazanova, E.Nağıyeva, S.Osmanova dissertasiya işi və məruzə ətrafında rəy və tövsiyələrini bildiriblər.