Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr olunmuş «Biodeqradasiya. Dağılma və yenidən yaradılış. Biodeqradasiyanın sürətinə təsir edən amillər» mövzusunda seminar keçirilib.
Seminarın gündəliyi haqqında məlumat verən İnstitutun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayev Aşqarlar Kimyasi İnstitutunun ekoloji problemlərin həllinə yönələn elmi fəaliyyətə həmişə üstünlük verildiyini, bununla əlaqədar ayrı-ayrı laboratoriyalarda müxtəlif istiqamətlərdə tədqiqatlar aparıldığını və mühüm fundamental və tətbiqi nəticələr əldə edildiyini söyləyib. Onun sözlərinə görə keçiriləcək ekoloji maarifləndirmə seminarlarının bir məqsədi də indiyə qədər yerinə yetirlimiş tədqiqatların nəticələrini müzakirə etmək və bundan sonra həmin tədqiqatların davamı olaraq perspektiv fəaliyyət planını müəyyənləşdirməkdir.
Sonra İnstitutun “Yağlayıcı-soyuducu kompozisiyalar” laboratoriyasının böyük elmi işçisi Könül Qəhrəmanova mövzu üzrə geniş məruzə ilə çıxış edib. O, biodeqradasiya nədir, bideqradasiyanın sürətinə təsir edən amillər və eksperimental tədqiqatlar haqqında, laboratoriyada aparılan müxtəlif pollyutantlarla (neft məhsulları, ağır metallar, pestisidlər) çirklənmiş ərazilərin biofitoremediasiya üsülları ilə təmizlənməsinə aid tədqiqatlarda mikroorqanizmlərin biodeqradasiya etmə qabiliyyətindən geniş məlumat verib.
K.Qəhrəmanova mövzu ətrafında əməkdaşları maraqlandıran sualları cavablandırıb.