Aşqarlar Kimyası İnstitutunda mükafatlandırılma tədbiri keçirilib

39

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən  gənclər arasında keçirilən “Akademik Əli Quliyev adına mükafat” və “Ən yaxşı elmi məruzə” müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr olunan tədbir keçirilib. Bu ilki müsabiqə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə, “2025-ci il – Konstitusiya və suverenlik ili”nə və  İnstitutun 60 illik yubileyinə həsr edilmişdir.

İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev giriş nitqi ilə çıxış edərək gənc alim və mütəxəssislərin qarşısında duran vəzifələrdən danışıb, bilidrib ki, gənclər bundan sonra elmi hərəkatın hərəkətverici qüvvəsinə çevrilməlidirlər. Belə müsabiqələrin keçirilməsində məqsəd də onları bu proseslərə həvəsləndirməkdir.

İnstitutun icraçı direktoru k.e.d., professor Əfsun Sucayev  hər iki müsabiqə haqqında məlumat verərək qaliblərin seçim meyarlarının namizədlərin məruzə etdiyi mövzunun aktuallığı, əldə olunan nəticələrin elmi və praktikliyi, məruzəçinin sualları cavablandırma səviyyəsi və bu mövzuda dərc etdirdikləri elmi əsərlər və sairdən ibarət olduğunu söyləyib.

O, “Akademik Əli Quliyev adına mükafat” və “Ən yaxşı elmi məruzə” müsabiqəsinin qaliblərinin seçim zamanı ekspert dəyərləndirməsinin şəffaf aparıldığını vurğulayıb.

Beləliklə, Ekspertlər Komissiyasının qərarı ilə son bir ildə elmi nailiyyətlərinə görə doktorant Qasımov Rahib “Akademik Əli Quliyev adına mükafat”a, kiçik elmi işçi Məcdi Nərgis  “Ən yaxşı elmi məruzə” müsabiqəsinin I, magistr Əkbərli Nuridə II, dissertant Qasımlı Gülşən isə III yerə və kiçik elmi işçi Seyfiyeva Jalə həvəsləndirici mükafata layiq görülüblər.

Qaliblərə diplom və pul mükafatları təqdim olunub..

PAYLAŞ