Aşqarlar Kimyası İnstitutunda qazilərin iştirakı ilə “27 sentyabr – Anım Günü” qeyd olunub

200

26 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Yeni Azərbaycan Partiyası (YAP) İlk Ərazi Təşkilatı, Azad Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “27 sentyabr – Anım Günü”nə həsr olunan “Vətən müharibəsi şəhidlərini hörmət və ehtiramla anırıq!” mövzusunda tədbir keçirilib.

Vətən Müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlanılan tədbirdə çıxış edən icraçı direktor k.e.d., dosent Əfsun Sucayev bildirib ki, 27 sentyabr müasir tariximizə qəhrəmanlıq və şərəfli gün kimi daxil olduğu üçün heç zaman xalqımızın yaddaşından silinməyəcək: “Bu gün biz həm şəhidlərimizi anırıq, həm də 44 günlük müharibənin qələbə hissini yaşayırıq. Ona görə ki, məhz bu gündə uzun illər işğal altında qalan torpaqlarımızın azad olunmasına başladıq və 44 gün müddətində qəhrəman oğullarımızın canı,qanı hesabına bu şərəfli missiyanı yerinə yetirdik, gələcək nəsillərə saxlamadıq”.

Ə.Sucayev  həmçinin qeyd edib ki, Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə 27 sentyabr 2020-ci il tarixində son qoyulub: “Məhz həmin gün tarixi qələbəmizin başlandığı gündür. Bu Vətən Müharibəsində İnstitut əməkdaşlarımızın yaxın ailə üzvlərinin könüllü surətdə döyüşə gedib və qazi olaraq geri dönüblər. Onlardan ikisi hazırda bu günki tədbirimizdə iştirak edirlər”.

Tədbirdə AKİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova “Vətən müharibəsi şəhidlərini hörmət və ehtiramla anırıq!” mövzusunda təqdimatla çıxış edib.

Sonra tədbirdə iştirak edən Qarabağ qaziləri – 44 günlük Vətən Müharibəsi zamanı Füzuli rayonunun azad edilməsinə rəhbərlik etmiş tabor komandiri, Ali Baş Komandan İlham Əliyev tərəfindən “RƏŞADƏT” ordeni, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunmuş ehtiyatda olan mayor Elçin Allahverdiyev və Füzuli, Cəbrayıl, Xocavənd, Kəlbəcər uğrunda medallarla təltif olunmuş Rüfət Salmanov müharibə təəssüratlarını bölüşüblər, keçdikləri döyüş yolundan, xalqın həmrəyliyi və birliyindən, onlara dövlət və xalqın yüksək diqqət və qayğısından danışıblar.

AKİ Qadınlar Şurasının sədri, professor Həqiqət Cavadova və  İnstitutun qocaman alimi, aparıcı elmi işçi k.ü.f.d., dosent Nüsrət Əliyev çıxış edərək “27 sentyabr – Anım Günü”nün əhəmiyyətini vurğulayılar və bu əlamətdar təqvim gününün şəhidlərimizin xatirəsinə böyük hörmətin əlaməti olmasını qeyd ediblər.

Çıxış edənlər Aşqarlar Kimyası İnstitutunun I Qarabağ müharibəsində ordumuzun strateji məhsullarla təmin olunmasında xüsusi xidmət göstərdiyini faktlarla qeyd ediblər.

Sonda qazilərə İnstitut Azad Həmkarlar Təşkilatı adından hədiyyələr təqdim olunub.

 

PAYLAŞ