Aşqarlar Kimyası İnstitutunda “Sintetik baza yağları, mürəkkəb efirlər və onların aviasiyada istifadəsi” mövzusunda seminar keçirilib

1

9 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Sintetik baza yağları, mürəkkəb efirlər və onların aviasiyada istifadəsi” mövzusunda maarifləndirmə seminarı keçirilib.

Giriş nitqi ilə çıxış edən institutun elmi katibi k.ü.f.d., dosent Mehparə Səfərova bu seminarların elmi işçi, doktorant, magistrant və institutda təcrübə keçən tələbələri laboratoriyalarda aktual mövzularda aparılan tədqiqatların nəticələri ilə tanış etmək nöqteyi-nəzərdən böyük əhəmiyyəti olduğunu qeyd edib.

Sonra “Alkilfenol əsasında çoxfunksiyalı üzvi birləşmələr” laboratoriyasının aparıcı elmi işçisi, dosent Əli Qədirov “Sintetik baza yağları, mürəkkəb efirlər və onların aviasiyada istifadəsi” mövzusunda geniş təqdimatla çıxış edib.

O, sintetik yağlara yüksək temperatura davamlı oksidləşmə inhibitorlarının yaradılması, bu məqsədə nail olmaq üçün molekulun tərkibində azot, kükürd, bor, silisium atomları və müxtəlif funksional qruplar saxlayan, yüksək temperatura davamlı inhibitorların sintez metodlarınin işlənilməsi və onların təsir mexanizmi öyrənilməsindən, sintez edilmiş birləşmələr və əmtəə aşqarlarının tətbiqi ilə qazturbin mühərrikləri üçün sintetik efir yağları əsasında yüksək temperaturlara (200-240 ºC) davamlı sürtkü kompozisiyalarının hazırlanması haqqında  dünyada, Azərbaycanda, o cümlədən çalışdığı laboratoriyada yerinə yetirilən işlər, əldə olunan mühüm elmi nəticələr, bu istiqamətdə tanınmış alimlərimiz haqqında səlis məlumat verib və çoxsaylı sualları cavablandırıb.

 

 

PAYLAŞ