Aşqarlar Kimyası İnstitutunda “Sürtkü yağlarının inkişaf tarixi və perspektivləri” mövzusunda seminar keçirilib

165

18 may 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Sürtkü yağlarının inkişaf tarixi və perspektivləri” mövzusunda maarifləndirmə seminarı keçirilib.

Giriş nitqi ilə çıxış edən icraçı direktor, kimya elmləri doktoru Əfsun Sucayev bildirib ki, elmi işçi, doktorant, magistrantların və institutda təcrübə keçən tələbələri laboratoriyalarda aktual mövzularda aparılan tədqiqatların nəticələri ilə tanış etmək nöqteyi-nəzərdən belə seminarların böyük əhəmiyyəti var. Onun sözlərinə görə, hər bir laboratoriya orada təcrübi vərdişlər qazanan tələbələrə həm də həmin sahədə elmi tədqiqatlar aparmış Azərbaycanın tanınmış alimləri haqqında geniş məlumatlar vermək lazımdır ki, yetişən gənclik görkəmli elm adamlarını tanısınlar.

Sonra “Sürtkü kompozisiyaları” laboratoriyasının müdiri, texnika elmləri doktoru, professor Həqiqət Cavadova “Sürtkü yağlarının inkişaf tarixi və perspektivləri” mövzusunda geniş təqdimatla çıxış edib.

O, laboratoriyanın 1965-ci ildən akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu yarandığı tarixdən fəaliyyət göstərməsindən, laboratoriyaya texniki elmlər doktoru, AEA-nın akademiki İzzət Orucovanın rəhbərlik etməsindən, onun həyat və yaradıcılığından, institutda işlənilən və sənayedə tətbiq edilən müxtəlif funksional xassələrə malik ИХП-101 aşqarının istifadəsi ilə aparılan tədqiqat işləri nəticəsində benzin və müxtəlif təyinatlı dizel daxili yanma mühərrikləri üçün mineral, sintetik və yarımsintetik mənşəli baza yağları, o cümlədən Azərbaycan neftlərindən alınan distillə yağlarından istismar xassələrinə görə xarici analoqlardan geri qalmayan, müasir tələblərə cavab verən B, Г, Г1, Г2, ВБ, ГБ və ДМ qrup sürtkü yağlarının yaradılmasından geniş məlumat verib.

O, seminar iştirakçılarını müasir konstruksiyalı dizel mühərriklərində istifadə edilən sürtkü yağlarının istismar xassələrinə qoyulan tələblərin sərtləşməsi ilə əlaqədar olaraq yüksək qələvi ədədi və aşağı kül göstəricilərinə malik, tərkibində P, S, N, Ca, Zn, B və s. elementlər və funksional qruplar olan aşqarlar əsasında yeni sürtkü kompozisiyalarını  işlədiklərini və təkibində müxtəlif heteroatomlar saxlayan yeni alkilfenolyatların ИХП-114, ИХП-130, ИХП-105, AKİ-140, AKİ-150, AKİ-219 və digər aşqarların yüksək effektliyini nəzərə alaraq, yaradılan aşqar kompozisiyalarının müasir tələblərə uyğun sürtkü yağlarının istehsalında istifadəsini tövsiyə etdikləri haqqında məlumatlandırıb.

H.Cavadova onu da qeyd edib ki, rəhbərlik etdiyi laboratoriyada aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətlərindən biri də müxtəlif növ texnikada istifadə olunan sürtkü yağlarının işlənmiş nümunələrinin regenerasiya texnologiyasının yaradılması və regenerasiya olunmuş yağ məhsulları əsasında müxtəlif sürtkü kompozisiyalarının yaradılmasına dair elmi tədqiqatların davam etdirilməsidir.

O, sonda istehsal olunan bütün motor yağları və tətbiq üçün tövsiyə edilən sürtkü kompozisiyalarının patentləşdirildiyini və son bir ildə bu mövzuda 2 monoqrafiyanın çap olunduğunu diqqətə çatdırıb.

Təqdimatla bağlı elmi katib, k.ü.f.d. Mehparə Səfərova, laboratoriya müdiri k.e.d. Afayət Məmmədova, aparcı elmi işçilər – k.ü.f.d., dos. Nüsrət Əliyev və tex.ü.f.d. Yulduz Ramazanova fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.

PAYLAŞ