Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) IV kurs tələbələrinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) elmi-istehsalat təcrübəkeçməsi yekunlarına həsr olunan tədbir keçirilib.
İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev giriş nitqində bildirib ki, üç aylıq təcrübə müddətində tələbələr ayrı-ayrı qrup şəklində institutun laboratoriyalarında cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olub, təcrübi tədqiqatları yaxından izləyiblər: “Zərif üzvi sintez və Aşqarlar kimyası sahəsində institut əməkdaşları tərəfindən prioritet istiqamətlər üzrə yerinə yetirilən və əldə olunan elmi tədqiqatın mühüm nəticələri ilə bağlı təşkil olunan elmi seminarlarda iştirak ediblər”.
O qeyd edib ki, elmə maraq göstərən istedadlı tələbələri elmə istiqamətləndirmək üçün bir sıra tədbirlər həyata keçirilir: “Belə ki, ayrı-ayrı laboratoriyalarda İnstitutun aparıcı alimlərinin elmi rəhbərliyi ilə tələbələr konkret mövzular üzrə fundamental və praktikyönlü tədqiqatlar aparırlar və hazırda əldə edilən mühüm nəticələr patentləşdirilir, müştərək məqalələr hazırlanır, həmin tələbələrin konfranslarda iştirakına elmi-texniki dəstək verilir”.
Qeyd edilib ki, IV kurs tələbləri ilə yanaşı ADNSU-nun Kimya texnologiya fakültəsinin Kimya mühəndisliyi ixtisası üzrə III kurs tələbələri də il boyu AKİ-nin müvafiq laboratoriyalarında istehsalat təcrübəsi keçiblər.
Sonda təcrübəkeçmə müddətində bilik-bacarığı, nümunəvi davranışı ilə fərqlənən təcrübəçi tələbələrə diplom və sertifikatlar təqdim edilib.