Aşqarlar Kimyası İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım tədbiri keçirilib

112

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar Təşkilatının birgə təşkilatıçılığı ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Tarixi şəxsiyyətin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə giriş nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev qeyd edib ki, dahi lider Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük tarixi şəxsiyyətdir. O, bütün həyatını şüurlu surətdə xalqımızın, millətimizin, dövlətimizin inkişaf etməsinə, təşəkkül tapmasına və bütövlükdə ölkəmizi bəlalardan xilas olmasına həsr edib. O vurğulayıb ki, Heydər Əliyev hər zaman Azərbaycan xalqına bağlı olub və onun şərəfli ömür yolu elə Azərbaycan tarixinin böyük bir hissəsidir.

O çıxışında bildirib ki, müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin şah əsəridir: “Onun qəlbi həmişə Azərbaycanla döyünüb. Onun apardığı uzaqgörən siyasət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan ölkəni qurtuluşdan tərəqqiyə apardı, onun layiqli davamçısı cənab prezident İlham Əliyev isə ölkəmizi tərəqqidən Böyük Zəfərə daşıdı”.

Tədbirdə təqdimatla çıxış edən İnstitut Gənc Alim və Mütəxəssislər şurasının sədri Günay İsmayılovanın sözlərinə görə, Azərbaycanın bu gününə nəzər salsaq, qeyd-şərtsiz iddia edə bilərik ki, Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini 20-30 il öncədən görən lider olub: “Heydər Əliyevin rəhbərlik etdiyi sovet Azərbaycanında əldə edilən iqtisadi nailiyyətlər, təməli atılan nəhəng layihələr, bu layihələrin bugünkü müstəqil Azərbaycan üçün strateji önəmi barədə çox danışmaq olar. Amma mən bircə faktı qeyd etməklə kifayətlənmək istərdim ki, Heydər Əliyev 30 il öncə sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq bir məktəbin yaradılmasına nail olub. O məktəb ki, Azərbaycanda milli ordu quruculuğunun əsas tədris ocaqlarından birinə çevrildi. 30 il öncə həmin məktəbin müdavimləri olanlar indi Azərbaycan Silahlı Qüvvələrinin komandirləri, generallarıdır. Əlbəttə, indi bəziləri 1973-cü ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasını bir zavod, fabrik tikintisi qədər adi qərar hesab edə bilərlər. Amma bu qərarı vermək üçün həqiqətən böyük iradə, cəsarət və uzaqgörənlik lazım idi”.

İnstitutun aparıcı elmi işçisi, k.ü.f.d. Nüsrət Əliyev Ümummilli lider Heydər Əliyev haqqında eşitdiyi, gördüyü maraqlı xatirələrindən danışıb.

 

PAYLAŞ