Aşqarlar Kimyası İnstitutunda Yeni Azərbaycan Partiyasının 30 illiyi qeyd edilib

46

Noyabrın 18-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, hakim Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyini böyük qürur və sevinc hisslərilə keçiririk: “Bu tarix təkcə bir siyasi təşkilat üçün deyil, bütövlükdə xalqımız və dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən və Azərbaycanın şərəfli tarixinə qızıl hərflərlə yazılan əlamətdar bir tarixdir. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan partiyamızın ötən dövr ərzində keçdiyi yola da nəzər salsaq, onun həm milli-tarixi ənənlərimizə sadiqliyinin, eyni zamanda yuxarıda qeyd etdiyimiz – müstəqilliyin qorunması, möhkəmlənməsi və ərazi bütövlüyünün təmin olunması kimi başlıca məqsəd və vəzifələri böyük məsuliyyətlə, layiqincə yerinə yetirdiyinin şahidi oluruq”.

V.Fərzəliyev bildirdi ki, dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı siyasətlə inkişafın yeni dönəmini yaşayırıq: “Bu siyasət ətrafında xalqımızın sıx birləşməsi, ölkəmizin davamlı inkişafı və beynəlxalq arenadakı böyük nüfuzu, ordu quruculuğu sahəsindəki uğurlarımız Vətən müharibəsində Azərbaycanın şanlı qələbə qazanmasını təmin etdi, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımız azad olundu”.

YAP Yasamal rayon təşkilatının sədri t.ü.f.d., dosent Bəxtiyar Nəbiyev çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında mühüm rola malikdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiya nəinki ölkəmizin, hətta regionun aparıcı siyasi qüvvəsinə çevrilib. O vurğulayıb ki, hazırda dünyanın ən sabit və dinamik inkişaf edən dövlətləri ilə bir sırada yer alan Azərbaycanın qazandığı parlaq uğurlarda xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilən YAP-ın mühüm rolu var. O qeyd edib ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində azad edilməsi, düşmən üzərində böyük tarixi Qələbə qazanılması bir tərəfdən ümumi rifahın, tərəqqinin və inkişafın məntiqi yekunudursa, digər tərəfdən Prezident İlham Əliyevin müstəsna hərbi-siyasi məharətinin və çoxşaxəli dövlətçilik fəaliyyətinin ən parlaq nümunəsidir.

YAP Aşqarlar Kimyası İnstitutunun İlk Ərazi Təşkilatının sədri k.ü.f.d., dosent Vəli Kazımov qeyd edib ki, tarixi şəxsiyyət Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində müstəqil dövlət quruculuğunda əldə olunan uğurlar, Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsi Yeni Azərbaycan Partiyasının da xalq arasındakı nüfuzunu getdikcə artırdı.

O, Aşqarlar Kimyası İnstitutunun həm elmə, həm də dövlət və dövlətçiliyə xidmət göstərdiyini söylədi və hazırda rəhbərlik etdiyi Partiya Ərazi Təşkilatının 100-dən çox üzvünün olduğunu vurğulayıb.

Sonra YAP Yasamal rayon təşkilatı tərəfindən Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyevə Fəxri Fərman təqdim olunub.

aha sonra YAP-ın 30 illiyi münasibəti ilə Aşqarlar Kimyası İnstitutunda gənc alim və mütəxəssislər arasında elan olunmuş “Ən məhsuldar gənc alim” müsabiqəsinin qalibləri – institutun gənc mütəxəssisləri olaraq – I yer – Mənsurə Hüseynova, II yer – Günay İsmayılova, III yer – Səbiyə Osmanova və Lalə Əliyeva diplom və pul mükafatları ilə, Aşqarlar Kimyası İnstitutunun elmi-ictimai fəaliyyətini səmərəli işıqlandırdığına görə AMEA Rəyasət Heyəti Aparatının Dövri nəşrlər sektorunun müdiri Nərgiz Qəhrəmanova Fəxri Fərmanla təltif edilib.

 

PAYLAŞ