Aşqarlar Kimyası Institutunda yubiley tədbiri keçirildi

76

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Sürtkü kompozisiyaları ” laboratoriyasının müdiri, texnika elmləri doktoru, professor Cavadova Həqiqət ƏliƏşrəf  qızının 85 yaşı tamam oldu. Yubileylə əlaqədar olaraq institutda Elmi Şuranın geniş iclası keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan institutun direktoru akademik Vaqif Fərzəliyev professor Həqiqət Cavadovanın elmi-tədqiqatlarının əsas istiqamətinin üzvi birləşmələrin sürtkü yağlarında aşqar kimi tədqiqi olduğundan və onların əsasında müxtəlif növ daxili yanma mühərrikləri üçün yeni sürtkü kompozisiyaları sahəsində apardığı elmi fəaliyyətindən, onun həmmüəllifliyi ilə Aşqarlar Kimyası İnstitutu tərəfindən bir sıra xüsusi təyinatlı sürtkü yağları yaradılması və istehsalının təşkil olunmasından,  2024-cü ildə Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülməsindən danışmış, eyni zamanda yüksək ixtisaslı elmi kadrların hazırlanması sahəsində, institutun ictimai həyatında  uğurlu  fəaliyyətini də qeyd etmişdir.  Onu institutun bütün əməkdaşları adından təbrik etmiş, ona uzun ömür,  cansağlığı  və elmi fəaliyyətində  uğurlar arzulamışdır.

İnstitutun elmi katib  baş elmi işçi M.Səfərova Həqiqət  xanımın keçdiyi uğurlu həyat yolu haqqında geniş məruzə ilə çıxış etmişdir.

İnstitutun Azad Həmkarlar Təşkilatının sədri k.ü.f.d., dosent  Elxan İsakov   yubiliyara AHT-nın  Fəxri Fərmanını təqdim edib və ona xoş arzularını bildirmişdir.

Daha sonra  professor Əfsun Sucayev, baş elmi işçilər – Elmira Nağıyeva, Afayət Məmmədova, dosentlər – Nüsrət Əliyev, Mıziya Mirzoyeva, Xuraman Əfəndiyeva və başqaları professor Həqiqət Cavadovanı  təbrik etmiş, ona ən xoş arzularını bildirmişlər.

 

 

 

 

 

PAYLAŞ