Məlum olduğu kimi, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan isə təbii ki, can Azərbaycan olub.
Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə hümanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.
Zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkcə, şalvar, əlcək, corab və sairə ehtiyacı var. Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, təmizlik alətləri lazımdır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda da Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə kömək məqsədilə yardım kampaniyası başladılıb. Bu elmi-tədqiqat müəssisənin kollektivi bütün Azərbaycan vətəndaşları kimi zələzələdən zərərçəkənlər üçün səfərbər olublar. İnstitutun rəhbərliyi başda olmaqla bir qrup əməkdaşı “Ziraat Bank”da təbii fəlakətlə bağlı Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) bank hesabına pul vəsaitləri köçürmüşdür.
İnstitutn əməkdaşları tərəfindən toplanan humanitar yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasının yanındakı yardım toplama məntəqəsinə çatdırılmışdır.
Aşqarlar Kimyası İnstitutunun kollektivi qardaş Türkiyə xalqının üzləşdiyi faciə zamanı həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.