Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda fəaliyyət göstərən laboratoriya və şöbələrin 2023-cü ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclasları keçirilib.
İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan bu il, rəhbərlik etdiyi müəssisənin elmi fəaliyyəti üçün də müəyyən nailiyyətlərlə yadda qalan bir il olmaqdadır: “Bu nailiyyətlər fundamental və tətbiqyönlü mühüm nəticələrin əldə olunması, həmin nəticələrin nüfuzlu beynəlxalq bazalarda arxivləşmiş, yüksək impakt faktorlu Q2-Q4 klasifikasiyalı jurnallarda dərc olunması, beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, yüksəkixtisaslı kadr hazırlığı, elmlə təhsilin inteqrasiyası, elmin populyarlaşdırılması və gənclərin elmə həvəsləndirilməsi, cəlb olunması və sair istiqamətləri əhatə edir”.
Sonra laboratoriya müdirləri təqdimatlarla çıxış edərək rəhbərlik etdikləri şöbə və laboratoriyaların 2023-cü il fəaliyyət planına və prioritet istiqamətlərinə uyğun olaraq hesabat dövründə yerinə yetirilən konkret elmi tədqiqatlar, əldə olunan nəticələr və onların müxtəlif məqalə, patent, konfrans materiallarında əks olunması, yüksək ixtisaslı kadr hazırlığı ilə bağlı məlumatlar veriblər, qarşıda duran prioritet məsələlər, problemlər və onların həlli yolları haqqında təklif və tövsiyələrini səsləndiriblər.
Məruzələr ətrafında İnstitutun icraçı direktoru, k.e.d. Əfsun Sucayev, elmi katib k.ü.f.d. Mehparə Səfərova, laboratoriya müdirləri tex.e.d., prof. Həqiqət Cavadova, k.ü.f.d. Oruc Nəbiyev, k.r.d., prof. Pərvin Məmmədova və digərləri müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Sonda hesabatlara yekun vuran akademik V.Fərzəliyev görülən işləri məqbul hesab edib, amma aparılan elmi tədqiqatlarda kəmiyyət və keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılması istiqamətində laboratoriyaların mövcud potensialı və maddi-texniki bazasının imkanlarının tam səfərbər edilməsinin zəruriliyini qeyd edib. O, xüsusən növbəti ildə institutda elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elmi müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, elmi kadrlardan düzgün istifadə edilməsi istiqamətlərinə diqqət yetirilməsini vacib hesab edib, lazımi tövsiyələrini verib.