Aşqarlar Kimyası İnstitutunun alimlərinin müştərək beynəlxalq tədqiqatlarının mühüm nəticəsi nüfuzlu xarici jurnalda dərc olunub

15

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunun doktorantı Zübeyda İsrafilova, onun elmi rəhbərləri – akademik Vaqif Fərzəliyev və kimya elmləri doktoru Əfsun Sucayevin Türkiyənin Atatürk və Bartin Universitetinin aparıcı alimləri ilə birgə apardığı müştərək beynəlxalq tədqiqatlar zamanı əldə olunan mühüm nəticələr “Bəzi tiosianat tərkibli heterotsiklik birləşmələr: sintezi, bioaktivlik və molekulyar dokinq tədqiqi” (Zubeyda Israfilova, Parham Taslimi, İlhami Gülçin, Yusif Abdullayev, Vagif Farzaliyev, Muhammet Karaman, Afsun Sujayev, Saleh H. Alwasel, Some Thiocyanate Containing Heterocyclic Compounds: Synthesis, Bioactivity and Molecular Docking Study, ChemistrySelect, 2023, 8(3), e202203653, https://doi.org/10.1002/slct.202203653) adlı məqalə şəklində “Web of science” bazasında Q3 kateqoriyalı jurnallar siyahısında yer alan impakt faktoru 2.307 olan “ChemistrySelect” jurnalında dərc edilib.

Tədqiqat işi bəzi tiosianat tərkibli yeni heterotsiklik birləşmələrin sintezi, qurluşunun müfəssəl tədqiqi, reaksiyaların funksional sıxlıq nəzəriyəsi əsasında kompüter hesablaması və alınan birləşmələrin hCA I və hCA II, AChE və α-Gly fermentlərinə qarşı bioloji fəallığı öyrənilməsinə həsr olunmuşdur. Molekulyar dokinq ilə yeni molekulların fermentlərlə bağlanma modelinin incələnməsi göstərib ki, bu madələr yüksək biokimyəvi aktivliyə malikdir. Xüsusi olaraq retinal kapilyarları genişləndirmək və kapilyar tıxanmanın qarşısının alınması funksiyası yerinə yetirən hCA I və hCA II fermentlərini inhibə edən həmin birləşmələr yüksək dərman maddələri potensialına malikdir.

Məlumat üçün bildirək ki, tədqiqat işinin bir hissəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Elmi-tədqiqat layihələri üzrə əsas qrant (EİF-ETL-2020-2(36)-16/11/4-M-11) layihəsi çərçivəsində yerinə yetirilmişdir.

PAYLAŞ