Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun rəhbərliyi M.Rahim adına 7 saylı tam orta məktəbində fəaliyyət göstərən “Kiçik Akademiya”nın üzvləri ilə görüş keçiriblər. “Heydər Əliyev ili” çərçivəsində məktəbdə elan olunan kimya fənni aylığına müvafiq olaraq “Kiçik Akademiya”nın Kimya dərnəyinin son bir ildə gördüyü işlərin təqdimatına həsr olunan tədbirdə çıxış edən məktəbin direktoru Könül Təhməzova bildirib ki, “Kiçik Akademiya”nın fəaliyyətinin əsas məqsədi məktəbdə istedadlı uşaqlarla aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizminin yaradılmasına kömək göstərmək, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli şəkildə həyata keçirilməsini təmin etməkdir: “Bu fəaliyyət elmi-tədqiqata meyilli olan istedadlı şagirdləri aşağı yaş qruplarında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmasına səbəb olub”.
K.Təhməzova qeyd edib ki, “Kiçik Akademiya”nın fəaliyyət istiqamətləri sırasında məktəbli tədqiqatçıların universitet və elmi tədqiqat institutlarının müvafiq tədqiqat laboratoriyalarına ekskursiyaları, eləcədə institutlarla əməkdaşlıq, tanınmış alim və mütəxəssislərin istedadlı şagirdlərə dəstək verməsi xüsusi yer tutur: “Bu nöqteyi-nəzrdən Aşqarlar Kimyası İnstitutuna bu yaxınlarda bir qrup şagirdin ekskursiyası böyük marağa səbəb olmuşdur. Şagirdlərin gedib yerində laboratoriyaların maddi-texniki bazası ilə tanış olması, bir çox təcrübələri əyani müşahidə etmələri onların kimya elminə marağını artırmış, kimya dərnəyinə yazılan istedadlı şagirdlərimizin sayını artırmışdır”.
O İnstitut rəhbərliyinin məktəbdə dərnək üzvləri ilə canlı görüşünün də olduqca əlamətdar olacağına əminlik ifadə etdi.
Aşqarlar Kimyası İnstitutunun Baş direktoru akademik Vaqif Fərzəliyev çıxışında deyib ki, istər belə görüşlər, istərsə də şagirdlərin institut laboratoriyalarına ekskursiyası təkcə universitetlər deyil, həm də məktəblərdə elmlə təhsilin inteqrasiyası istiqamətində atılan mühüm addımdır: “Nəzərə alsaq ki, əsl istedadlar məktəblərdədir və onları aşağı yaşlarda aşkara çıxarmaq lazımdır, o zaman elmi tədqiqat müəssisəsi olaraq biz də maraqlıyıq ki, bu yollarla elmə istedadlılar gəlsin, davamçılarımız yetişsin, gələcəkdə bizləri əvəz etsinlər”.
V.Fərzəliyev istedadlı şagirdlərin elmə istiqamətlənməsi yolunda 7 saylı tam orta məktəbin “Kiçik Akademiya”, ayrı-ayrı fənn dərnəkləri vasitəsi ilə görülən işləri yüksək qiymətləndirib, bundan sonra da məktəbə rəhbərlik etdiyi İnstitutn alimləri tərəfindən dəstək veriləcəyini vurğulayıb.
İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev, Kataliz və Qeyri üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov çıxışlarında söyləyiblər ki, “Sabahın alimləri” müsabiqəsi, “Bu günün şagirdi, sabahın alimi” layihələri çərçivəsində elmi tədqiqat institutların və onların alimləri tərəfindən istedadlı şagirdlərə həmişə əməli kömək göstərilib. Onlar bundan sonra da istedadlı məktəblilərdə elmi ideyalarının inkişaf etdirilməsi üçün lazımi dəstək verilməsinin mümkünlüyünü səsləndiriblər.
Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəlliməsi Rumiyyə Camalovanın rəhbərlik etdiyi Kimya dərnəyinin üzvlərinin hazırladıqları bir çox “əyləndirici, öyrədici təcrübələr” nümayiş olunub.
Sonra 7 saylı tam orta məktəbin direktoru Könül Təhməzovaya elmlə təhsilin inteqarsiyası, istedadlı şagirdlərin elmə cəlb olunmasına verdiyi töhfələrə görə Aşqarlar Kimyası İnstitutunun təşəkkürnaməsi, akademik Vaqif Fərzəliyevə Kimya dərnəyinin üzvlərinin əl işi olan hədiyyə təqdim edilib.