Aşqarlar Kimyası Institutunun Elmi Şurasının geniş tərkibdə iclası keçirilib

230

12 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda Elmi Şuranın geniş tərkibdə  iclası keçirilib.

İlk öncə İnstitutun “Yanacaq kompozisuyaları” laboratoriyasının baş elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Nüsrət Əliyev və “Korroziya inhibitorları” laboratoriyasının baş elmi işçisi k.e.d., professor Fikrət Məmmədov 85 illik yubileyləri  münasibətilə İnstitutun və Azad Həmkarlar Təşkilatının Fəxri Fərmanı və pul mükafatları ilə təltif ediliblər.

İnstitut kollektivinin hər iki yubiliyara təbrikini çatdıran institutun baş direktoru akademik Vaqif Fərzəliyev qeyd edib ki, həm Nüsrət müəllim, həm də Fikrət müəllim bu elmi-tədqiqat müəssisəsinin elmi-ictimai fəaliyyətində böyük əmək sərf ediblər. O bildirib ki, Fikrət müəllim uzun müddət rəhbərlik etdiyi laboratoriyanın fəaliyyətinə uyğun korroziya inhibitorlarının yaradılması, Nüsrət müəllim isə biodizel yanacağı əsasında ekoloji təhlükəsiz, yüksək keyfiyyətli aşqar və yanacaq kompozisiyalarının yaradılması istiqamətində fundamental və tətbiqyönlü tədqiqatlar aparmışlar, kadr hazırlığına töhfələr vermişdirlər.

Daha sonra  professor Həqiqət Cavadova, professor Pərvin Məmmədova , İnstitutun elmi katibi  baş elmi işçi Mehparə Səfərova, Həmkarlar Təşkilatının sədri Elxan İsakov, aparıcı elmi işçi Mirzoyeva Mziya yubiliyarlar haqqında təbrik və arzularını çatdırmışlar.

Daha sonra gündəlikdə duran digər məsələlər haqqında məlumat verən İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, institutun icraçı direktoru k.e.d., dos. Əfsun Sucayevin  nəfis tərtibatda hazırlanan “Canlı orqanizmlərin bəzi pataloji proseslərinin yeni nəsil inhibitorlarlı” adlı monoqrafiyası çapdan çıxmışdır. Kitab universitet və elmi-tədqiqat institutlarında üzvi kimya, zərif üzvi sintez, bioüzvi kimya, əczaçılıq kimyası istiqamətlərində dərinləşdirilmiş elmi tədqiqat aparan magistrant, doktorant və digər elmi işçilər üçün nəzərdə tutulmuşdur.

Eyni zamanda Əfsun Sucayevin professor elmi adı almaq üçün bütün tələblərə cavab verdiyini, professor elmi adı almağa layiq olduğunu vuğulamış və səsvermə yolu ilə onun namizədliyi irəli sürülmüşdür.

Sonda qəbul edilmiş dissertant Süleymanlı Natiqə Rəhim qızının mövzusu “D-qlükozanın sorbitol və qlukan turşusuna katalitik oksidləşməsi prosesinin tədqiqi”, rəhbərləri isə kimya elmlər doktoru, dosent Ə.R.Sucayev və kimya üzrə fəlsəfə doktoru, dosent Y.Ə. Abdullayev təsdiq edilmişdir.

 

 

 

PAYLAŞ