Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

47

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

Professor Pərvin Məmmədovanın sədrliyi ilə keçən iclasda Azərbaycan Respublikasının “Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatı”na “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” adlı kompleks elmi-texniki işin texnika sahəsi üzrə təqdim olunması məsələsi müzakirə olunub.

İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev təqdim olunan iş haqqında geniş məlumat verib: “İnstitutun elmi fəaliyyətinin əsas istiqamətlərindən biri ölkənin müdafiə qüdrətinin yüksəldilməsinə yönəlmiş elmi tədqiqat işləridir. SSRİ dövründə Aşqarlar Kimyası İnstitutu tərəfindən bir sıra xüsusi təyinatlı sürtkü yağları yaradılmış və istehsalı təşkil olunmuşdur. Bu yağlardan biri də Ukraynanın Xarkov şəhərində yerləşən “Завод им. В.О.Малышева”da istehsal olunan T-80 markalı tankda istifadə edilən xüsusi təyinatlı yüksək gücə malik dizel mühərriki üçün yaradılmış М-16ИХП-3 motor yağıdır.

Daha sonra Bakı baza yağları və mövcud aşqarlardan istifadə edərək М-16ИХП-3 motor yağının və digər xüsusi təyinatlı sürtkü yağlarının analoqları yaradılmış, istehsalı institutun nəzdində fəaliyyət göstərən “Aşqar” Təcrübə İstehsalı ilə Xüsusi Texnoloji Büroda təşkil edilmiş və 100 tonlarla Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim edilmişdir. Qeyd olunan xüsusi təyinatlı motor yağları Birinci Qarabağ müharibəsində də istifadə olunurdu. “Завод им. В.О.Малышева” yeni nəsil xüsusi təyinatlı yüksək gücə malik dizel mühərrikinin yaradılması ilə əlaqədar zavod nümayəndələri 2019-cu ildə Aşqarlar Kimyası İnstitutuna ezam olunmuş və yeni mühərrikin tələblərinə uyğun, М-16ИХП-3 motor yağına nisbətən daha yüksək keyfiyyətə malik yeni motor yağının yaradılmasını müzakirə etmişlər və qısa müddətdə qoyulmuş tələblərə uyğun yeni yüksək keyfiyyətli motor yağı yaradılmış və bu yağ М-16ИХП-3у adlandırıldı. Yaradılmış М-16ИХП-3у motor yağı “Завод им. В.О.Малышева”da  geniş sınaqlar üçün tələb olunan miqdarda təcrübi nümunəni almaq üçün yağın texniki şərtləri işlənildi. “Завод им. В.О.Малышева”da bir neçə mühərrikdə aparılmış stend sınaqları nəticəsində yaradılmış М-16ИХП-3у motor yağının yüksək keyfiyyətə malik olması müəyyən edilmiş və yeni nəsil dizel mühərrikində istifadə üçün tövsiyə edilmişdir. Xüsusi təyinatlı М-16ИХП-3у motor yağı “Məxfi” qriflə Azərbaycan patenti ilə müdafiə olunmuşdur. Yaradılmış xüsusi təyinatlı М-16ИХП-3у motor yağı Azərbaycan Respublikası Müdafiə Nazirliyində mövcud tankların mühərriklərində müəyyən edilmiş proqram üzrə praktiki sınaqlardan uğurla keçmiş və sınaqların nəticələrinə əsasən sınaq komissiyası М-16ИХП-3у markalı motor yağının tank mühərriklərində istifadəsini məqsədəuyğun hesab etmişdir. М-16ИХП-3у motor yağı Pakistanın Müdafiə Nazirliyinin marağını doğurmuşdur”.

Vaqif Fərzəliyev onu da qeyd etdi ki, xüsusi təyinatlı sürtkü yağlarının yaradılması istiqamətində apardığı elmi-tədqiqat işlərinin nəticələri təkcə ölkəmizin strateji məhsullara olan tələbatının ödənilməsi və müdafiə qüdrətinin yüksəldilməsinə deyil, həm də müştərək əməkdaşlıq edilən dost və qardaş ölkələrin iqtisadi inkişafına və müdafiə qüdrətinin yüksəldilməsinə müəyyən töhfə vermiş olur.

Professor Pərvin Məmmədova və texnika elmlər doktoru Elmira Nağıyeva cıxış edib, öz fikirlərini bildiriblər.

Müzakirəyə təqdim olunmuş iş açıq səsvermə yolu ilə səsə qoyuldu və yekdilliklə qəbul olundu.

PAYLAŞ