Aşqarlar Kimyası İnstitutunun fərqlənən gəncləri “2 Fevral – Gənclər Günü”ndə təltif ediliblər

99

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “2 Fevral – Gənclər Günü” ilə əlaqədar tədbir keçirilib.

Azərbaycanın ən cəsarətli və qüdrətli gəncləri olan şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən 1997-ci il fevralın 2-də imzalanan Fərmana əsasən, hər ilin 2 fevral tarixi ölkədə “Gəncləri Günü” kimi qeyd edilir: “Ulu öndər hər zaman gənclərə diqqət və qayğı göstərib və onların inkişafı üçün hər bir sahədə köməklik göstərib. Bu günün təsis olunması da Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Xatırlatmaq üçün deyim ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Məhz Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlayıb. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir”.

V.Fərzəliyev qeyd edib ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq.

Tədbirdə çıxış edən İnstitutun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayev bildirib ki, Azərbaycan gəncliyinə böyük borcumuz var: “44 günlük Vətən Müharibəsi və 23 saat 47 dəqiq davam edən antiterror əməliyyatla Azərbaycanın suverenliyinin əldə olunmasında gənclərimiz canları və qanları bahasına qəhrəmanlıq dastanı yazdılar, ön sırada oldular, mətinlik və cəsarət nümayiş etdirdilər.

Ə.Sucayev  qeyd edib  ki, indiki gənclər daha fəaldılar: “Gənclərimiz göstərilən diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətini də dərk edir və dövlətimizin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə töhfəsini verməyə çalışır”.

O, elmi gəncliyi bundan sonra daha da fəal olmağa çağırıb.

İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Leyla Vahidzadə “2 Fevral Gənclər günü”nə həsr olunan maraqlı təqdimatla çıxış edib.

Daha sonra İnstitun laboratoriya müdiri professor Həqiqət Cavadova gəncləri təbrik edib və onlara öz dəyərli məsləhətlərini verib.

Sonda Aşqarlar Kimyası İnstitutunun  gənc alim və mütəxəssisləri arasında ən fəal gənclər – Məcidi Nərgiz və Kazımzadə Şəfa sertifikat və pul mükafatı ilə təltif ediliblər.

 

 

PAYLAŞ