29 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Sürtkü kompozisiyaları” laboratoriyasının aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Ramazanova Yulduz Böyük Ağa qızının “2314.01 – Neft kimyası” ixtisasında elmlər doktoru elmi dərəcəsi almaq üçün tamamladığı dissertasiya işinin müdafiəsi keçirilib.
Texnika elmləri doktoru elmi dərəcəsinin iddiaçısı Y.Ramazanova “Müxtəlif təyinatlı dizel mühərrikləri üçün Bakı və müasir baza yağları əsasında yüksək keyfiyyətli motor yağlarının yaradılması” mövzusunda dissertasiya işini akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda müvəffəqiyyətlə müdafiə edib.
İddiaçının elmi məsləhətçiləri Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev və professor Həqiqət Cavadova olmuşdur.
Y.Ramazanova mövzu ilə əlaqədar əldə etdiyi mühüm fundamental və tətbiqyönlü elmi yeniliklərdən danışıb.
Məlumat üçün bildirək ki, Y.Ramazanova işlənmiş motor yağının regenerasiyası yaradılmış və regenerasiya olunmuş yağ məhsulları əsasında müxtəlif sürtkü kompozisiyalarının yaradılması sahəsində elmi tədqiqatlar aparıb.
Dissertasiya işi üzrə 80 elmi əsər, o cümlədən 23 məqalə, 38 konfrans materialı məruzə tezisi nəşr edilmiş, 19 patent alınmışdır.
Dissertasiya işi Aşqarlar Kimyası İnstitutunun “Sürtkü kompozisiyaları” laboratoriyasında yerinə yetirilmişdir.