Aşqarlar kimyası məktəbinin banisi

161

Bakı, 31 may, AZƏRTAC

Mayın 31-də görkəmli alim, Əməkdar elm xadimi, Aşqarlar Kimyası İnstitutunun (AKİ) ilk direktoru akademik Əli Quliyevin anadan olmasının 111-ci ildönümü tamam olur. O, müəllimi akademik Yusif Məmmədəliyevlə birlikdə yüksəkkeyfiyyətli aviasiya yanacağı sayılan alkilbenzinin alınması prosesinin tədqiqi ilə məşğul olub. İkinci Dünya müharibəsi başlayanda Əli Quliyev laboratoriyanın əsas işi olan aviasiya benzinlərinin tədqiqindən kənarlaşdırılıb. O illərdə gənc tədqiqatçıya cəbhə üçün tank əleyhinə yandırıcı butulkaların istehsalında elmi yeniliklər etmək və indiyə qədər mövcud olanların təsir imkanlarının artırılması kimi daha məsul bir iş tapşırılıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayevin “Aşqarlar kimyası məktəbinin banisi” məqaləsində yer alıb.

Məqalədə qeyd olunur ki, Əli Quliyevin müharibə illərində diqqətçəkən nailiyyətlərindən biri tank əleyhinə butulkaların – başqa sözlə “Molotov kokteyli”nə yeni növ qarışıqların yaradılması olub. Təxmini hesablamalara görə, onun tərəfindən hazırlanmış alışdırıcı qarışıqdan hər il cəbhəyə yüz minlərlə butulka göndərilirdi.

Hərbi sahənin tələb etdiyi işlərdən biri də əl qumbaralarının yaradılması olub. Cəbhəyə göndərilməzdən əvvəl onların üzərində texniki yoxlama aparılıb. Sınaqlardan biri bədbəxtliyə səbəb olur – qumbara Əli Quliyevin əlində partlayır. O sağ əlini itirir, gözləri yanır, bir çox orqanları ciddi zədə alır. Müalicə nəticəsində görmə qabiliyyəti bərpa olunsa da, əlini itirməsi müharibəni ona və ətrafındakılara heç vaxt unutdurmayacaq aci xatirəyə dönür. Belə fiziki və mənəvi zərbəyə baxmayaraq, bu iradəli insan əvvəlki işinə qayıdır və iki əli olanlardan ikiqat çox çalışır və yeni elmi uğurlara imza atır. Onun haqqında diqqəti cəlb edən ibrətamiz bir faktda deyilir ki, akademik Əli Quliyev həm sol əli ilə işləyir, əvvəllər ona uzadılan sağ əli sol əli ilə sıxırmış. Amma bu hadisədən xəbərdar olanlar isə salamlaşarkən ona sol əllərini uzadırlar.

Aşqarların sintezi və tətbiqi sahəsində məqsədyönlü tədqiqatlar aparmaq üçün Y.Məmmədəliyevin təklifi ilə 1945-ci ildə Kuybışev adına Elmi-Tədqiqat Neft İnstitutunda Ə.Quliyevin rəhbərliyi ilə ixtisaslaşmış laboratoriya yaradıldı. İlk dəfə bu kollektiv tərəfindən aparılan fundamental tədqiqatlar ölkədə aşqarların sənaye istehsalının təməlini qoydu. Tezliklə bu laboratoriya tərəfindən SSRİ-də ilk dəfə olaraq bir sıra aşqarlar yaradıldı və istehsalata tətbiq edildi. Aşqarların işlənib-hazırlanması və sənayeyə tətbiqi sahəsindəki xidmətlərinə görə Ə.Quliyev bir sıra əməkdaşları ilə birlikdə 1948 və 1950-ci illərdə SSRİ Dövlət mükafatı laureatı adına layiq görüldü.

Laboratoriyada müxtəlif növ aşqarların işlənib-hazırlanması və sənayedə tətbiq edilməsi sahəsində aparılan intensiv tədqiqatlarla yanaşı, aşqarlar kimyası sahəsində fundamental tədqiqatlara da başlanılmışdı. Problemin vacibliyini və aşqarların yaradılması və tətbiqində əldə edilmiş nailiyyətləri, həmçinin aşqarlar kimyasının fundamental məsələləri üzrə əldə edilmiş mühüm elmi nəticələri nəzərə alan SSRİ-nin görkəmli alimlərinin təklifi ilə 1965-ci ildə AMEA Neft-Kimya Prosesləri İnstitutunun Aşqarların sintezi və texnologiyası laboratoriyasının əsasında ilk ixtisaslaşmış Aşqarlar Kimyası İnstitutu yaradıldı.

Akademik Ə.Quliyev 1987-ci ilədək institutun direktoru olub. Onun rəhbərlik etdiyi illər ərzində institut aşqarlar kimyası sahəsində görkəmli nailiyyətlər qazanıb.

Keçmiş İttifaqda istehsal edilən bəzi xüsusi təyinatlı mühərriklərin və transmissiya sistemlərinin normal işləməsini təmin edən sürtkü yağları da akademik Ə.Quliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə AKİ tərəfindən onun aşqarları əsasında yaradılıb. Strateji əhəmiyyətli bu yağlar hazırda da respublikanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Akademik Ə.Quliyev və əməkdaşları 1971-ci ildə Bakı neftindən alınan motor yağlarının keyfiyyətini yüksəldən yeni aşqarların sintezi, texnologiyasının hazırlanması, sənayedə tətbiqi və onların əsasında sürtkü kompozisiyaları yaratdıqlarına görə Azərbaycan SSR Dövlət mükafatına layiq görüldülər.

Akademik Ə.Quliyev 50 illik elmi fəaliyyəti ilə aşqarlar kimyası sahəsində elmi məktəb yaradıb. Onun məktəbinin yetirmələri sırasında 19 elmlər doktoru, 60-dan çox elmlər namizədi var. Ə.Quliyev neft kimyası, aşqarlar kimyası və üzvi kimyanın mühüm problemlərindən bəhs edən 600-dən çox elmi əsərin, o cümlədən 200-ə yaxın ixtira və 10 monoqrafiyanın müəllifidir. 1972-ci ildə çapdan çıxan “Yağlara və yanacaqlara əlavə edilən aşqarların kimyası və texnologiyası” monoqrafiyası slovak və macar dillərinə tərcümə olunub. O, Azərbaycanı bir sıra xarici ölkələrin elmi mərkəzlərində, elmi konfrans, konqres və simpoziumlarda layiqli təmsil edib. Akademik Ə.Quliyevin 80 illik yubileyi ərəfəsində 1992-ci ildə Aşqarlar Kimyası İnstitutuna onun adı verilib.

2013-cü ildən institutda “Gənclər üçün akademik Əli Quliyev mükafatı” təsis edilib. Bu institutda çalışan gənc alim və mütəxəssislərdən hər il bir nəfər həmin mükafata layiq görülür. Keçən il institutda akademik Ə.Quliyevin 110 illik yubileyinə həsr olunmuş “Müxtəlif təyinatlı üzvi maddələr və kompozision materiallar” mövzusunda respublika elmi konfransı yüksək səviyyədə keçirilib. Bütün bunlar böyük alimin yaratdığı aşqarlar kimyası məktəbinin yetirmələrinin, onun davamçılarının Əli Quliyev şəxsiyyətinə və alimliyinə olan vəfa borcudur.

PAYLAŞ