Avropa Birliyi sosial davranışı kütləvi şəkildə izləmək və ya sıralamaq üçün istifadə edilən Sİ sistemlərini qadağan edir

949

Süni intellekt (Sİ), alış-veriş təkliflərindən və səs köməkçilərindən tutmuş işə götürmə, sığorta və icra qərarlarına qədər cəmiyyətin bütün sahələrini əhatə etməyə başladığı üçün Avropa Birliyi (AB) Avropada tətbiq olunan texnologiyaların insan nəzarəti altında şəffaf olmasını və istifadəçinin məxfiliyi baxımından yüksək standartlara cavab verməsini təmin etmək istəyir.

AB sosial davranışı kütləvi şəkildə izləmək və ya sıralamaq üçün istifadə olunan Sİ sistemlərini qadağan etməyə hazırlaşır, AB şirkətləri isə proqram tətbiqetmələrini tənzimləyən yeni qaydaları pozduqları təqdirdə gəlirin 4% -i qədər cərimə ilə üzləşə bilər.

AB qaydalarına aşağıdakı normalar daxil olacaq:

  • İnsan davranışını manipulyasiya etmək, fərdlər və ya fərd qrupları haqqında məlumatları istifadə etmək, sosial qiymətləndirmə və ya seçim etmədən izləmə üçün istifadə olunan Sİ sistemləri AB-də qadağan ediləcəkdir. İctimai təhlükəsizlik baxımından bəzi istisnalar tətbiq oluna bilər.
  • Üz tanıma kimi ictimai yerlərdə istifadə olunan uzaqdan biometrik identifikasiya sistemləri səlahiyyətli şəxslərdən xüsusi icazənin alınmasını tələb edəcəkdir.
  • Sistemlərin qərəzsiz məlumat üzərində öyrədilməsini, insanlar tərəfindən izlənilməsini və idarə olunmasını təmin etmək üçün “yüksək dərəcədə risk”li hesab edilən Sİ tətbiqetmələrinin yerləşdirilmədən əvvəl təsdiqlənməsi lazım olacaq.
  • Yüksək dərəcədə riskli Sİ insanların təhlükəsizliyi, həyatı və ya əsas hüquqları, həmçinin AB-də baş verən demokratik proseslər üçün təhlükə yaradan sistemlərə aid ediləcək.
  • Bəzi şirkətlərə öz qiymətləndirmələrini aparmağa icazə veriləcək, bəzilərini isə üçüncü tərəf yoxlayacaq. Qiymətləndirmə qurumları tərəfindən verilmiş uyğunluq sertifikatları beş ilə qədər qüvvədə olacaqdır.
  • Qaydalar həm AB-də, həm də xaricdə yerləşən şirkətlərə eyni dərəcədə şamil ediləcəkdir.

 

PAYLAŞ