AXC-nin yaranmasının 100 illiyinə həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb

2230

AMEA-nın akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ)Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən gənc tədqiqatçılar arasında elan olunan “Akademik Əli Quliyev mükafat”ı və “Ən yaxşı elmi məruzə” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Müsabiqə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illikyubileyinə həsr edilib.Tədbiri AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev açaraq bildirib ki, son illərdə AMEA-da gənclərin elmi-ictimai fəallığı güclənib, fəlsəfə və elmlər doktorluğu üzrə müdafiə edən alimlərin sayı artıb. V.Fərzəliyev AKİ-də çalışan gənc alim və mütəxəssisləri daha yüksəksəviyyəli elmi tədqiqatlara həvəsləndirmək üçün keçirilən müsabiqələrin artıq ənənəvi hal aldığını söyləyib. O, bu cür müsabiqələrin gənc tədqiqatçıların maddi cəhətdən dəstəklənməsində, eyni zamanda, elmi məruzə etmək və məqalə yazmaq vərdişlərinə yiyələnmələrində mühüm rol oynadığını bildirib. Akademik artıq 5-ci ildir keçirilən müsabiqənin özünü doğrultduğunu, ildən-ilə müsabiqəyə maraq göstərən gənclərin sayının artdığını,onların elmi məruzələrinin və təqdimatlarının keyfiyyətinin yüksəldiyini diqqətə çatdırıb.

Sonra çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov gənc tədqiqatçılar arasında sağlam elmi rəqabət yaratmaq baxımından müsabiqələrin çox uğurlu və beynəlxalq təcrübə olduğunu deyib.O, AMEA rəhbərliyinin təşəbbüsü ilə  bu qurumda son illərdə  gənc alimlər arasında keçirilən elmi müsabiqələrin sayının artdığını vurğulayıb. O qeyd edib ki, hazırda 35 yaşa qədər elmlər doktoru olan gənc alimlərə 5 min manat məbləğində pul verilir, eləcə də beynəlxalq nüfuzlu jurnallarda məqalələri dərc edilən gənc tədqiqatçılar ildə bir dəfə mükafatlandırılırlar.

Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev çıxış edərək namizədlərin seçimi zamanı mövzunun aktuallığı, əldə olunan nəticələrin elmi və praktikliyi, məruzəçinin sualları cavablandırma səviyyəsi və mövzu ilə əlaqədar dərc etdirdiyi elmi əsərlər kimi meyarların əsas götürüldüyünü bildirib. O, “Akademik Əli Quliyev adına mükafat” və “Ən yaxşı elmi məruzə” müsabiqəsinin qaliblərinin seçimiz amanı ekspert dəyərləndirməsinin şəffaf aparıldığını vurğulayıb.

Tədbirdə, həmçinin Müsabiqə Komissiyasının üzvü, k.ü.f.d. Şahmərdan Əliyev qaliblərin seçilməsi meyarları və qiymətləndirmə, eləcə də gənc alimlərin məruzə təqdimatları barədə danışıb.

Sonda qaliblərə diplomlar təqdim olunub.Müsabiqə üzrə Ekspertlər Şurası üzvlərinin qərarı ilə 10 saylı laboratoriyanın doktorantı Mənsurə Hüseynova müsabiqədə I yerə, 7saylı laboratoriyanın kiçik elmi işçisi Lalə Mahmudova və 3 saylı laboratoriyanın dissertantı Günay İsmayılova II yerə, 1 saylı laboratoriyanın kiçik elmi işçisi Xədicə Məmmədyarova və 11 saylı laboratoriyanın elmi işçisi Aida Yusifova III yerə, 7 saylı laboratoriyanın dissertantı Ulduz Cəfərova isə müsabiqənin həvəsləndirmə mükafatına layiq görülüblər. Bundan əlavə, son bir ildə elmi nailiyyətlərinə görə 8 saylı laboratoriyanın dissertantı Könül Qəhrəmanova gənclər üçün “Akademik Əli Quliyev adına mükafat” ilə təltif olunub.

PAYLAŞ