Azərbaycan aşqarlar kimyasına uğur qazandıran alim

63
Həmsöhbətimiz Dövlət Mükafatı laureatı, professor Əfsun Sucayevdir 

Bu günlərdə ölkəmizdə texnika sahəsi üzrə akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun 3 alimi – akademik Vaqif Fərzəliyev, professorlar Həqiqət Cavadova və Əfsun Sucayev “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” mövzusunda kompleks elmi-texniki araşdırmalara görə Dövlət Mükafatına layiq görülüblər. Əməkdaşımız laureatlardan biri – Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, professor Əfsun Sucayev ilə görüşərək ondan müsahibə götürüb. Məlumat üçün bildirək ki, istedadlı kimyaçı alim Ə.Sucayev 172 elmi əsərin müəllifidir. Məqalələrin 60-ı “Web of Science” və “Scopus” elmi bazalarına daxil olan nüfuzlu xarici jurnallarda çap olunub. Elmi əsərlərinə dünya alimləri tərəfindən 1679 istinad edilib. H-indeksi 23-dür.

– Əfsun müəllim, Dövlət Mükafatı­na layiq görülən elmi-texniki ixtiranız haqqında oxuculara qısa məlumat ver­məyinizi xahiş edirəm…

– Mən öz adımdan, digər alim yoldaş­larım adından, ilk növbədə, dövlətimizin başçısı, cənab İlham Əliyevə bizim əmə­yimizi yüksək qiymətləndirdiyi üçün dərin təşəkkür etmək istəyirəm. Hər birimiz dövlətimizin bu ali mükafatını, bütövlük­də elmimizə və alimlərə verilən yüksək qiymət kimi qəbul edirik.

Qeyd etmək lazımdır ki, bu elmi-tex­noloji ixtira Azərbaycanda akademik Yu­sif Məmmədəliyev, Əli Quliyev kimi dün­ya şöhrətli alimlərin vaxtilə yaratdığı elmi məktəblərin parlaq ənənələrinin davam etdiyini təsdiq edir.

Xatırlatmaq istərdim ki, Aşqarlar Kim­yası İnstitutunun (AKİ) elmi-təcrübi fəa­liyyətinin əsas istiqamətini sürtkü mate­rialları və aşqarların yaradılması, onların tətbiqi əsaslarının işlənməsi təşkil edir.

Belə bir elmi-texniki nailiyyətin bizim institutda əldə olunması heç də təsadü­fi deyil. Məlumdur ki, hələ keçmiş SSRİ dövründə aşqarlar sahəsində üç mühüm elmi mərkəzdən biri, müstəqillik dönə­mində isə yeganə elmi mərkəz olan AKİ alimləri tərəfindən bir sıra xüsusi təyinatlı sürtkü yağları yaradılıb. Bu istiqamətdə nümunəvi fəaliyyətimizi davam etdirərək Aşqarlar Kimyası İnstitutu alimləri olaraq daha bir uğura imza atdıq.

Yeni motor yağının özəlliyi ilin bütün mövsümlərində işləməsi və ən son mar­kalı texnikalarda təcrübi sınaqdan uğurla keçməsi oldu. Nüfuzlu sınaq komissiyası bu yağın istifadəsini tam məqsədəuyğun hesab etdi.

– AKİ-nin alimlər qrupunun əldə et­diyi yeni elmi-texnoloji nailiyyətə bey­nəlxalq elm ictimaiyyətinin reaksiyası necə olub? 

– AKİ-nin aşqarlar kimyası sahəsində böyük təcrübəsi və zəngin elmi ənənələri var. Sovet dövründə təkcə ölkəmiz üzrə demirəm, bütün keçmiş SSRİ üzrə sürtkü materiallarına, yağlara olan tələbatın 20 faizini bu elmi-tədqiqat müəssisəsi ödə­yib.

Təqdirəlayiq haldır ki, institutda yara­dılmış xüsusi təyinatlı motor yağının Pa­kistan, Banqladeş, Tailand və Mərakeş kimi yaxın və uzaq ölkələrə ixracı nəzər­də tutulur. Artıq müqavilələr də bağlanıb.

Dövlət Mükafatı laureatları olaraq fəxr edirik ki, ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş ölkəmizin iqtisadi inkişa­fına və müdafiə qüdrətinin artırılmasına xidmət edən bir nailiyyətə imza atmışıq.

Belə bir deyim var, sülh istəyirsənsə, müharibəyə hazır ol. Tarixi Zəfərmizi gözü götürməyən bəzi xarici güc mərkəzləri bizi bir sıra strateji malların, o cümlədən hərbi təyinatlı məhsulların idxalına qada­ğa qoyulması ilə təhdid edirlər. Yaratdığı­mız strateji yağlar ölkəmizi bu məhsullar üzrə xarici asılılıqdan tam azad edir. Bu istiqamətdə nəzəri və təcrübi fəaliyyəti­mizi daha da genişləndirəcəyik.

Beynəlxalq elmi ictimaiyyətin əldə etdiyimiz elmi uğura reaksiyası müsbət­dir. Bağlanan müqavilələr məhz bunun göstəricisidir.

– AKİ-də son vaxtlar qazanılan di­gər yeni elmi uğurları barədə də söz açmağınız yerinə düşərdi…

– Məlumdur ki, AKİ-də hazırlanan bir sıra yeni aşqar üzvi birləşmələr həm də potensial dərman maddələri kimi tədqiq edilir. ABŞ, Portuqaliya, Türkiyə, İtaliya, Rusiya, Belarus kimi ölkələrin aparıcı elmi mərkəzlərinin alimləri ilə beynəlxalq tədqiqat qrupları yaratmışıq. Onlarla müştərək tədqiqatların nəticəsi olaraq sintez etdiyimiz 300-ə yaxın fizioloji fəal maddələrin bədxassəli şiş, Alzeymer, qlaukoma, şəkərli diabet kimi bəzi geniş yayılan xəstəlliklərə qarşı yeni nəsil en­zim-izoenzim inhibitorlarını yaratmışıq.

Bununla da biz, ilk növbədə yeni bir elmi istiqamət kimi bioüzvi kimyanı xa­ricdən ölkəmizə gətirmişik desək, yerinə düşər. Bu yeniliklərin nəticəsi olaraq son 10 ildə dünyanın nüfuzlu qlobal elmi ba­zalarında 70-ə yaxın məqalə dərc edil­miş, onlara dünya alimləri tərəfindən 2 minə yaxın istinad edilmişdir.

Bu günlərdə Azərbaycandan 3 univer­sitetin elmmetrik meyarlara görə dünya universitetlərinin reytinq siyahısında yer almasını həmin ali məktəblərin alimləri ilə yanaşı, həm də elmi-tədqiqat institutları, o cümlədən AKİ-nin aparıcı alimlərinin fəaliyyətinin nəticəsi hesab etmək olar.

– Ötən ay ABŞ-nin nüfuzlu bey­nəlxalq elm və mühəndislik yarışma­sında medal qazanan Bakı məktəb­lilərinin elmi layihəsi bu istiqamətdə aparılan tədqiqatlara aid idimi?

– Tamamilə doğru vurğuladınız. Bu ilin 11–17 may tarixlərində Kaliforniya şəhərində keçirilən Beynəlxalq elm və mühəndislik yarışmasında (ISEF) pay­taxtdakı “Dünya məktəbi”nin X sinif şa­girdləri Səid Aslanov və İbrahim Allah­verdiyev “Biotibb və sağlamlıq elmləri” kateqoriyası üzrə bürünc medala layiq görülüblər. Onlar mənim elmi rəhbərliyim altında “Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasında “Alzeymer xəstəliyinə qarşı yeni nəsil enzim-izoenzim inhbitor­ların yaradılması” mövzusunda tədqiqat işləri aparıblar.

Həmin layihə bundan öncə ölkəmizdə keçirilən “Sabahın alimləri” XIII Respubli­ka müsabiqəsində qızıl medala layiq gö­rüldüyü üçün ISEF-ə vəsiqə qazanmışdı.

Ölkəmizdə elmi tədqiqat işinə meyli olan və yüksək elmi tədqiqat nəticələri əldə etmiş istedadlı şagirdlərin aşkarlan­ması üçün 2012-ci ildən etibarən ISEF-ə seçim turu olan “Sabahın alimləri” Res­publika müsabiqəsi keçirilir.

Sözügedən müsabiqədə şagirdlərin əsasən riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, eko­logiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri olmaqla 8 istiqamət üzrə elmi-tədqiqat layihələri dəyərləndirilir.

Diqqəti cəlb edən fakt odur ki, 2012-ci ildən ISEF-də yarışan Azərbaycan mək­təbliləri indiyə qədər heç vaxt medal qa­zanmamışlar. Bu il bugünün şagirdi, sa­bahın böyük alimi olacaq yetirmələrimizin bürünc medal qazanmaqla ölkəmiz adına bir ilkə imza atması qürurverici uğurdur.

– Əfsun müəllim, elm daim inki­şafdadır. Sizin özünüzün bir alim kimi hansı yeni hədəflərniz var? 

– Elm bir yerdə durmur, daim inki­şafdadır. Qarşıya qoyulan hər bir hədəfə çatmaq üçün daim fədakarcasına çalış­maq tələb olunur. Bu gün elmi fəaliyyətin elmmetrik meyarlar üzrə dəyərləndiril­məsinə görə ölkəmiz Cənubi Qafqazda birinci yerdədir. Amma bundan sonra regionda birinciliyi qorumaq bizim üçün yeni hədəf ola bilməz. Alimlərimizin bun­dan sonrakı əsas hədəfi dar çərçivədə MDB, geniş anlamda Avropa ölkələri ilə elmi rəqabət aparmaqdır. Əlbəttə, mənim özümün də bir çox yüksək hədəflərim var. Mən əminəm kimi, Azərbaycan alim­ləri bir çox sahələrdə, xüsusilə aşqarlar kimyası istiqamətndə qlobal səviyyədə parlaq uğurlara imza atmaq potensialına maliikdirlər.

Bir məqamı da vurğulamaq istərdim. Məşğul olduğumuz kimya elə bir elm sahəsidir ki, onu müasir fiziki-kimyəvi cihazlar, reaktivlər olmadan təsəvvür etmək çətindir. Tədqiqat institutlarının laboratoriya avadanlıqlarını, reaktiv təc­hizatını dünyanın aparıcı elm mərkəzlə­rinin səviyyəsinə yüksəldə bilsək, inanın ki, həsəd apardığımız Nobel mükafatını Azərbaycana qazandıra biləcək istedadlı alimlərimiz vardır.

Pünhan ƏFƏNDİYEV
XQ

PAYLAŞ