Azərbaycan elminin parlaq gələcəyi naminə səfərbər olaq

319

Dünya aparıcı elm mərkəzlərində çalışan tanınmış alimlərimizin potensialı akademik elmimizin prioritet istiqamətlər üzrə inkişafına yönəldilməlidir

Azərbaycan elminin dünya elminə inteqrasiyasına mane olan bir sıra problemlər vardır ki, onlardan ən başlıcası elmi tədqiqat müəssisələrində yüksəkixtisaslı kadr hazırlığı ilə bağlıdır. Başqa sözlə bu gün beynəlxalq standartlara tam cavab verən alim və mütəxəssis hazırlığı çox aşağı səviyyədədir. Bunun da obyektiv səbəbləri vardır.

Etiraf edəyin ki, dəqiq və təbiət elmləri üzrə ixtisaslaşmış institutların mövcud laboratoriyalarının dünya elminin müasir çağrışları ilə səsləşən prioritet seçilmiş istiqamətlər üzrə elmi tədqiqatlar aparmaq imkanları olduqca zəifdir. Hər il, hər ay, hər gün yeniləşən ən müasir cihaz və avadanlıqlara ancaq azsaylı laboratoriyalarda rast gəlinir ki, onların da imkanlarından tam istifadə etmək mümkün olmur. Yəni ya dünyanın aparıcı mərkəzlərində olan son sinif cihaz və avadanlıqlar bizim tədqiqat müəssisələrində ümumiyyətlə yoxdur, ya da olsa belə həmin müasir cihaz və avadanlıqlardan əldə olunan informasiyaları dəqiq emal edə bilən mütəxəssislər yox dərəcəsindədir.

Yuxarıda qeyd edilən problemdən çıxış yolu prioritet istiqamətlər üzrə istedadlı gənc alim və mütəxəssislərin dünyanın aparıcı elm mərkəzlərində qısa və ya ortamüddətli təcrübəkeçməyə çəlb edilməsidir.

Xatırlayırsınızsa, əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasına ayrılan (AMEA) illik büdcə xərclərində alimlərin xarici ölkələrdə təcrübəkeçməsi üçün bəlli miqdarda vəsait nəzərdə tutulurdu. Həmin vəsait hesabına alim və mütəxəssislər xarici elm mərkəzlərinə göndərilirdi. Daha bu prosesin o zamanlar nə qədər səmərə verib-verməməsi, göndərilənlərin təcrübəkeçmədən sonra geri qayıdıb-qayıtmaması, qazandıqları təcrübəni yerində tətbiqetmə səviyyəsi və bu yolla Akademiyaya hansı töhfələr verib-vermədiyini qiymətləndirmək ayrı bir araşdırmanın mövzusudur. Əsas olan odur ki, artıq 10 ildən çox müddətdir ki, AMEA büdcəsində belə bir xərc maddəsi mövcud deyil, ehtiyac yarananda da kimisə xaricə təcrübəkeçməyə göndərmək mümkün olmur.

Fikrimə konkret faktla aydınlıq gətirmək istəyirəm. Bu yaxınlarda elmi rəhbəri olduğum AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Üzvi kimya ixtisasından kimya üzrə fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantı İbadulla Mahmudovun sintez etdiyi yeni maddələrin müasir fiziki-kimyəvi analiz cihazları ilə struktur təhlillərinə ehtiyac yaranmışdı. O cümlədən DMSO mühitində gedən reaksiyalarda məqsədyönlü məhsulu yan məhsullardan normal xromotoqrafiya metodu ilə ayırmasında da çətinlik yaranmışdı. HPLC və Flash Xromotoqrafiya cihazlarında məhsulun təmizlənməsi ilə bağlı əlavə təcrübi biliklər qazanması lazım idi. Bu metodları mükəmməl şəkildə yerinə yetirmək üçün İ.Mahmudovun  kimyanın sintez və kataliz sahəsində Avropanın qabaqcıl universitetlərindən birinə göndərilməsi zəruri idi. Bu məqsədlə Portuqaliyanın Lissabon Universitetində çalışan tanınmış azərbaycanlı alim kimya elmləri doktoru Kamran Mahmudovla əlaqə saxladıq, o, təmənnasız öz köməyini təklif etdi, qısa müddətdə Universitet tərəfindən dəvət məktubunu hazırladıb göndərdi. Sadəcə bizə lazım olan doktorantımızın gediş-gəlişi üçün aviabilet, viza, qonaqlama və gündəlik yemək xərclərini ödəmək lazım idi. Təxmini hesablamalara görə, 6 aylıq təcrübəkeçmə üçün bu xərclər  9-10 min manat təşkil edirdi.

Bu məqsədlə AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyevə ərizə ilə müraciət etdik. Lakin həmin ərizəyə cavab özünü çox gözlətmədən Akademiyanın elə o vaxtkı birinci şəxsinin “dərkənarı” ilə geri qayıtdı: “İnstitutun daxili imkanları ilə göndərilməsi tövsiyə olunur”.

Məlumat üçün bildirim ki, elmi tədqiqat müəssisələrinə əsasən işçilərin əmək haqları, komunal xidmət haqları ayrılır. Dövlət sifarişləri yox, təsərrüfat müqavilələri əsasında görülən işlərə görə ödənişlər də cüzi məbləğlərlə ifadə olunur. Bir sözlə İnstitutun olmayan daxili imkanları ilə də bu “namümkünü” mümkün edə bilmədik. Amma hədəfimiz konkret, məqsədimiz aydın idi. Nə yolla olursa olsun doktorantı həmin elmi mərkəzə göndərməli idik. Çünki bu prosesdən qazanan dar çərçivədə doktorant İbadulla Mahmudov olsa da, geniş mənada Azərbaycan elmi, konkret olaraq AMEA olacaqdı.

İbadullanın digər elmi rəhbəri k.ü.f.d., dosent Yusif Abdullayevlə uzun məsləhətləşmədən sonra özümüzün ABŞ Buffalo Universitetinin Kompüter Hesablama Mərkəzinə nəzərdə tutulan elmi ezamiyyətimizin üzərindən xətt çəkməli olduq və daxili imkanlar hesabına topladığımız pulu tərəddüd etmədən doktorantımızın hədəfinə çatmasına xərcləməyə qərar verdik və düşünürəm ki, düzgün addım da atdıq. Ona görə ki, çəkilən əziyyət artıq öz bəhrəsini verib, gözləntilərimiz özünü doğruldub. Qısa müddətdə əldə olunan nəticələr ortadadır. Gənc doktorant ezamiyyət müddətində hər şeydən öncə zərif üzvi sintez sahəsində böyük təcrübə qazanıb, mənimsədiyi müasir sintez və fiziki-kimyəvi analiz üsulları ilə bağlı bilik bacarıqları hansı ki, bundan sonra məhz burada – Azərbaycanda magistr, doktorant hazırlığına sərf edəcək.

Eyni zamanda İ.Mahmudov ezamiyyət müddətində dünya kimyaçı alimlərin diqqətini cəlb edən müasir və aktual mövzuda apardığı tədqiqatlar nəticəsində tərkibində azot və kükürd atomları saxlayan yeni hetero halqalı birləşmələrin ədəbiyatda məlum olmayan metal komplekslərini almış, onların mürəkkəb quruluşunu və yeniliyini müfəssəl şəkildə tədqiq və təsdiq etmiş, bir çox reaksiyaların mexanizminin kompüter-eksperimental tədqiqi, fizioloji xassələrininin – antioksidant, enzim-izoenzimler üzərindəki inhibitor təsirləri ilə bağlı əldə etdiyi mühüm nəticələrin dünya elminə müəyyən töhfələr gətirəcəyini qabaqcadan təxmin etmək mümkündür. Çünki az zaman keçməsinə baxmayaraq əldə olunan nəticələrlə bağlı 2 məqalə “Web of Science”, “Scopus” bazalarına daxil olan “Elsevier” və “Wiley” nəşriyatına daxil olan yüksək impakt faktorlu “Journal Arabian Chemistry” (IF-6.212) və “Acta Cristallographica Section A”də (IF-2.29) dərc olunmuş, daha 2 məqalə isə hazırlanaraq başqa yüksək reytinqli jurnallara çapa göndərilmişdir.

“Google Scholar” və “ResearchGate” elmmetrik bazalarının məlumatına görə ilk məqalə “Journal Arabian Chemistry”də yayımlandıqdan 2-3 ay keçməsinə baxmayaraq dünya alimləri tərəfindən 20-ə yaxın istinad edilmişdir.

Qeyd etdiyimiz fakt özlüyündə bu təcrübənin özünü doğrultduğunu və bundan sonra təxirəsalınmadan akademik elmimizin bütün başqa prioritet istiqamətləri üzrə də tətbiq olunmasını diqtə edir.

Məlum olduğu kimi dünyanın bir çox aparıcı elm mərkəzlərində elmin ən aktual və prioritet istiqamətləri üzrə tanınmış azərbaycanlı alimlərimiz çalışır. ABŞ-da kompüter kimyası sahəsində Cəmaləddin Musayev, İngiltərədə molekulyar biologiya sahəsində Qərib Mürşüdov, Almaniyada riyaziyatçı alim Məsud Əfəndiyev, Rusiyada bitki fiziologiyası sahəsində Süleyman Allahverdiyev, Portuqaliyada katalitik kimya sahəsində Kamran Mahmudov, Türkiyədə molekulyar biologiya, molekulyar biotexnologiya və biokimya sahəsində Tərlan Məmmədov və sair öz sözlərini demiş və ölkəmizi dünyada layiqincə təmsil edən bilim adamlarıdır. Niyə də onların mövcud potensialından Azərbaycan elminin parlaq gələcəyi naminə istifadə edilməsin? Düzdür, adlarını sadaladığım bioloq alimlərin imkanlarından AMEA Molekuyar Biologiya və Biotexnologiyalar İnstitutu müəyyən səviyyədə yararlana bilir. Amma bu məqsədəuyğun sayılsa da, yetərli ola bilməz.

İlk növbədə xarici ölkələrdə çalışan tanınmış alimlərimizin iştirakı ilə “Azərbaycan elminin bu günü, sabahı: problemlər və gələcək perspektivlər” mövzusunda geniş müzakirə təşkil etmək, onların təmsil etdiyi ölkənin təcrübəsini dinləmək və  akademik elmimizin hansı ölkənin təcrübəsi əsasında inkişaf etdirməyin mümkünülüyünü müəyyənləşdirmək lazımdır.

Növbəti mərhələdə dəqiq və təbiət elmləri üzrə ixtisaslaşmış elmi müəssisələrimizdə müştərək beynəlxalq laboratoriyalar yaradılmalı və həmin laboratoriyaların işi bilavasitə xaricdəki aparıcı elm mərkəzlərində çalışan alimlərimizin elmi fəaliyyət sahələri ilə əlaqələndirilməlidir. Ən müasir cihaz və avadanlıqlarla təchiz edilmiş, elektron kitabxanalara, müasir beynəlxalq axtarış proqramlarına, bütün nüfuzlu elmmetrik bazalara, qlobal elmi şəbəkələrə çıxış imkanları olan həmin laboratoriyaların illik fəaliyyət planı müştərək beynəlxalq tədqiqatların mövzuları əsasında hazırlanmalı, o tədqiqatların yüksək səviyyədə yerinə yetirilməsi üçün əlavə maliyyələşmə, stimullaşdırma tədbirləri olmalı, fəlliyyəti hesabatlılıq, şəffaflıq və məhsuldarlıq kimi beynəlxalq prinsiplər əsasında qurulmalıdır. İldə iki dəfə beynəlxalq laboratoriyaların beynəlxalq meyarlar əsasında qiymətləndirilməsi aparılmalıdır.

Beynəlxalq laboratoriyalar  üzrə magistratura və doktoranturaya qəbul olunan ən azı 2 gənc mütəxəssis minimum bir il müddətinə həmin alimin çalışdığı elm mərkəzinə beynəlxalq təcrübəkeçməyə göndərilməlidir. Tam təcrübəni qazandıqdan sonra Azərbaycana geri qayıtması əsas şərtlərdən biri olmalıdır. Bundan əvvəlki təcrübədə xaricə təhsil almağa gedən bir çox alimlərimiz sonradan orada qalıb işləməyə qərar vermişdirlər. İndi qabacıl təcrübəni qazanan mütəxəssislərin ölkəmizdə olmasına daha çox ehtiyacımız vardır.

Başa düşürük ki, bütün bunlara bir anda nail olmaq çətindir. Lakin bir yerdən başlamaq lazımdır. Unutmayaq ki, Azərbaycanmızın elmsiz, elmin də Akademiyasız davamlı, hərtərəfli inkişafı mümkün deyil.

 

Əfsun Sucayev
AMEA Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru,
kimya elmləri doktoru, dosent

 

PAYLAŞ