Azərbaycanlı məktəblilər Türkiyədə keçirilən beynəlxalq olimpiyadada böyük uğura imza atıblar

1749

Türkiyənin İzmir şəhərində “OKSEF-2018” məktəblilərin beynəlxalq elmi ideya və layihə olimpiyadası keçirilib. Nümayəndə Heyətinin üzvi, AMEA Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayevin verdiyi məlumata görə, dünyanın 38 ölkəsindən 120 nəfər iştirakçının 60 layihə ilə qatıldığı bu möhtəbər tədbirdə ölkəmizi 3 qrup nümayəndə heyəti təmsil edib. Müsabiqənin biologiya kateqoriyası üzrə Avropa-Azərbaycan məktəbinin 10-cu sinif IB kurrikulumu üzrə təhsil alan Ülvi Cabbarov və Fuad Xasıyev (Elmi rəhbər Elvin Abdullayev) qızıl, həmin məktəbin 10-cu sinif şagirdləri – Samir Məmmədov, Yasəmən Həsənzadə (Elmi rəhbər Mələk Əzizova) və Nizami rayonu 251 saylı orta məktəbin 10-cu sinif şagirdi Cavad Cəbrayılov (Elmi rəhbər dosent Əfsun Sucayev) bürünc medala layiq görülüblər. Dosent qeyd edib ki, müsabiqəyə ümumilikdə 452 layihə təqdim olunubonlardan 60 layihə olimpiyadanın final mərhələsinə vəsiqə qazanılıb.

Ə.Sucayev vurğulayıb ki, final mərhələsində ekspert dəyərləndirilməsi ingilis dilində olmaqla 5 dəqiqə poster, 12 dəqiqəlik slaytla şifahi təqdimatdan ibarət olub. Qiymətləndirmə üzrə hər kateqoriya üzrə 4 beynəlxalq ekspert iştirak edib. Onlar layihəni və müəlliflərin çıxışlarını qiymətləndirib, məktəblilər layihə ilə bağlı sualları cavablandırıblar.
Yekunda qaliblərə diplom, medal və xatirə hədiyələri, bütün iştirakçılara isə sertifikat təqdim olunub.

Müsabiqə çərçivəsində layihə iştirakçılarının təmsil olunduğu ölkələr haqqında qısametrajlı film və milli-mədəniyyət nümunələri nümayiş olunub.

Məlumat üçün qeyd edək ki, 13 ildir keçirilən bu beynəlxlaq olimpiyadanın əsas məqsədi istedadlı, yaradıcı məktəbliləri elmi və texnoloji araşdırmalar aparmağa həvəsləndirmək, elmi və mədəni mübadilə etmək üçün bütün dünyada eyni yaş qrupundan gəncləri bir araya gətirmək, gənclərin elmi araşdırmalar əsnasında etik qaydaları öyrənməyə və onların yaradıcılıq imkanlarını inkişaf etdirməkdən ibarətdir. Müsabiqə bu günədək müxtəlif adlar altında ABŞ, İngiltərə, Rusiya, Argentina, İtaliya, İspaniya, Meksika və b. ölkələrdə keçirilib.

PAYLAŞ