Bu günlərdə ölkəmizdə texnika sahəsi üzrə akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun 3 alimi – akademik Vaqif Fərzəliyev, professorlar Həqiqət Cavadova və Əfsun Sucayev “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” mövzusunda kompleks elmi-texniki araşdırmalara görə Dövlət Mükafatına layiq görülüblər. Əməkdaşımız laureatlardan biri – Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, professor Əfsun Sucayev ilə görüşərək ondan müsahibə götürüb. Məlumat üçün bildirək ki, istedadlı kimyaçı alim Ə.Sucayev 172 elmi əsərin müəllifidir. Məqalələrin 60-ı “Web of Science” və “Scopus” elmi bazalarına daxil olan nüfuzlu xarici jurnallarda çap olunub. Elmi əsərlərinə dünya alimləri tərəfindən 1679 istinad edilib. H-indeksi 23-dür.
– Əfsun müəllim, Dövlət Mükafatına layiq görülən elmi-texniki ixtiranız haqqında oxuculara qısa məlumat verməyinizi xahiş edirəm…
– Mən öz adımdan, digər alim yoldaşlarım adından, ilk növbədə, dövlətimizin başçısı, cənab İlham Əliyevə bizim əməyimizi yüksək qiymətləndirdiyi üçün dərin təşəkkür etmək istəyirəm. Hər birimiz dövlətimizin bu ali mükafatını, bütövlükdə elmimizə və alimlərə verilən yüksək qiymət kimi qəbul edirik.
Qeyd etmək lazımdır ki, bu elmi-texnoloji ixtira Azərbaycanda akademik Yusif Məmmədəliyev, Əli Quliyev kimi dünya şöhrətli alimlərin vaxtilə yaratdığı elmi məktəblərin parlaq ənənələrinin davam etdiyini təsdiq edir.
Xatırlatmaq istərdim ki, Aşqarlar Kimyası İnstitutunun (AKİ) elmi-təcrübi fəaliyyətinin əsas istiqamətini sürtkü materialları və aşqarların yaradılması, onların tətbiqi əsaslarının işlənməsi təşkil edir.
Belə bir elmi-texniki nailiyyətin bizim institutda əldə olunması heç də təsadüfi deyil. Məlumdur ki, hələ keçmiş SSRİ dövründə aşqarlar sahəsində üç mühüm elmi mərkəzdən biri, müstəqillik dönəmində isə yeganə elmi mərkəz olan AKİ alimləri tərəfindən bir sıra xüsusi təyinatlı sürtkü yağları yaradılıb. Bu istiqamətdə nümunəvi fəaliyyətimizi davam etdirərək Aşqarlar Kimyası İnstitutu alimləri olaraq daha bir uğura imza atdıq.
Yeni motor yağının özəlliyi ilin bütün mövsümlərində işləməsi və ən son markalı texnikalarda təcrübi sınaqdan uğurla keçməsi oldu. Nüfuzlu sınaq komissiyası bu yağın istifadəsini tam məqsədəuyğun hesab etdi.
– AKİ-nin alimlər qrupunun əldə etdiyi yeni elmi-texnoloji nailiyyətə beynəlxalq elm ictimaiyyətinin reaksiyası necə olub?
– AKİ-nin aşqarlar kimyası sahəsində böyük təcrübəsi və zəngin elmi ənənələri var. Sovet dövründə təkcə ölkəmiz üzrə demirəm, bütün keçmiş SSRİ üzrə sürtkü materiallarına, yağlara olan tələbatın 20 faizini bu elmi-tədqiqat müəssisəsi ödəyib.
Təqdirəlayiq haldır ki, institutda yaradılmış xüsusi təyinatlı motor yağının Pakistan, Banqladeş, Tailand və Mərakeş kimi yaxın və uzaq ölkələrə ixracı nəzərdə tutulur. Artıq müqavilələr də bağlanıb.
Dövlət Mükafatı laureatları olaraq fəxr edirik ki, ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş ölkəmizin iqtisadi inkişafına və müdafiə qüdrətinin artırılmasına xidmət edən bir nailiyyətə imza atmışıq.
Belə bir deyim var, sülh istəyirsənsə, müharibəyə hazır ol. Tarixi Zəfərmizi gözü götürməyən bəzi xarici güc mərkəzləri bizi bir sıra strateji malların, o cümlədən hərbi təyinatlı məhsulların idxalına qadağa qoyulması ilə təhdid edirlər. Yaratdığımız strateji yağlar ölkəmizi bu məhsullar üzrə xarici asılılıqdan tam azad edir. Bu istiqamətdə nəzəri və təcrübi fəaliyyətimizi daha da genişləndirəcəyik.
Beynəlxalq elmi ictimaiyyətin əldə etdiyimiz elmi uğura reaksiyası müsbətdir. Bağlanan müqavilələr məhz bunun göstəricisidir.
– AKİ-də son vaxtlar qazanılan digər yeni elmi uğurları barədə də söz açmağınız yerinə düşərdi…
– Məlumdur ki, AKİ-də hazırlanan bir sıra yeni aşqar üzvi birləşmələr həm də potensial dərman maddələri kimi tədqiq edilir. ABŞ, Portuqaliya, Türkiyə, İtaliya, Rusiya, Belarus kimi ölkələrin aparıcı elmi mərkəzlərinin alimləri ilə beynəlxalq tədqiqat qrupları yaratmışıq. Onlarla müştərək tədqiqatların nəticəsi olaraq sintez etdiyimiz 300-ə yaxın fizioloji fəal maddələrin bədxassəli şiş, Alzeymer, qlaukoma, şəkərli diabet kimi bəzi geniş yayılan xəstəlliklərə qarşı yeni nəsil enzim-izoenzim inhibitorlarını yaratmışıq.
Bununla da biz, ilk növbədə yeni bir elmi istiqamət kimi bioüzvi kimyanı xaricdən ölkəmizə gətirmişik desək, yerinə düşər. Bu yeniliklərin nəticəsi olaraq son 10 ildə dünyanın nüfuzlu qlobal elmi bazalarında 70-ə yaxın məqalə dərc edilmiş, onlara dünya alimləri tərəfindən 2 minə yaxın istinad edilmişdir.
Bu günlərdə Azərbaycandan 3 universitetin elmmetrik meyarlara görə dünya universitetlərinin reytinq siyahısında yer almasını həmin ali məktəblərin alimləri ilə yanaşı, həm də elmi-tədqiqat institutları, o cümlədən AKİ-nin aparıcı alimlərinin fəaliyyətinin nəticəsi hesab etmək olar.
– Ötən ay ABŞ-nin nüfuzlu beynəlxalq elm və mühəndislik yarışmasında medal qazanan Bakı məktəblilərinin elmi layihəsi bu istiqamətdə aparılan tədqiqatlara aid idimi?
– Tamamilə doğru vurğuladınız. Bu ilin 11–17 may tarixlərində Kaliforniya şəhərində keçirilən Beynəlxalq elm və mühəndislik yarışmasında (ISEF) paytaxtdakı “Dünya məktəbi”nin X sinif şagirdləri Səid Aslanov və İbrahim Allahverdiyev “Biotibb və sağlamlıq elmləri” kateqoriyası üzrə bürünc medala layiq görülüblər. Onlar mənim elmi rəhbərliyim altında “Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasında “Alzeymer xəstəliyinə qarşı yeni nəsil enzim-izoenzim inhbitorların yaradılması” mövzusunda tədqiqat işləri aparıblar.
Həmin layihə bundan öncə ölkəmizdə keçirilən “Sabahın alimləri” XIII Respublika müsabiqəsində qızıl medala layiq görüldüyü üçün ISEF-ə vəsiqə qazanmışdı.
Ölkəmizdə elmi tədqiqat işinə meyli olan və yüksək elmi tədqiqat nəticələri əldə etmiş istedadlı şagirdlərin aşkarlanması üçün 2012-ci ildən etibarən ISEF-ə seçim turu olan “Sabahın alimləri” Respublika müsabiqəsi keçirilir.
Sözügedən müsabiqədə şagirdlərin əsasən riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri olmaqla 8 istiqamət üzrə elmi-tədqiqat layihələri dəyərləndirilir.
Diqqəti cəlb edən fakt odur ki, 2012-ci ildən ISEF-də yarışan Azərbaycan məktəbliləri indiyə qədər heç vaxt medal qazanmamışlar. Bu il bugünün şagirdi, sabahın böyük alimi olacaq yetirmələrimizin bürünc medal qazanmaqla ölkəmiz adına bir ilkə imza atması qürurverici uğurdur.
– Əfsun müəllim, elm daim inkişafdadır. Sizin özünüzün bir alim kimi hansı yeni hədəflərniz var?
– Elm bir yerdə durmur, daim inkişafdadır. Qarşıya qoyulan hər bir hədəfə çatmaq üçün daim fədakarcasına çalışmaq tələb olunur. Bu gün elmi fəaliyyətin elmmetrik meyarlar üzrə dəyərləndirilməsinə görə ölkəmiz Cənubi Qafqazda birinci yerdədir. Amma bundan sonra regionda birinciliyi qorumaq bizim üçün yeni hədəf ola bilməz. Alimlərimizin bundan sonrakı əsas hədəfi dar çərçivədə MDB, geniş anlamda Avropa ölkələri ilə elmi rəqabət aparmaqdır. Əlbəttə, mənim özümün də bir çox yüksək hədəflərim var. Mən əminəm kimi, Azərbaycan alimləri bir çox sahələrdə, xüsusilə aşqarlar kimyası istiqamətndə qlobal səviyyədə parlaq uğurlara imza atmaq potensialına maliikdirlər.
Bir məqamı da vurğulamaq istərdim. Məşğul olduğumuz kimya elə bir elm sahəsidir ki, onu müasir fiziki-kimyəvi cihazlar, reaktivlər olmadan təsəvvür etmək çətindir. Tədqiqat institutlarının laboratoriya avadanlıqlarını, reaktiv təchizatını dünyanın aparıcı elm mərkəzlərinin səviyyəsinə yüksəldə bilsək, inanın ki, həsəd apardığımız Nobel mükafatını Azərbaycana qazandıra biləcək istedadlı alimlərimiz vardır.
Pünhan ƏFƏNDİYEV
XQ