Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimləri Bakı Mühəndislik Universiteti və və Rusiyanın müxtəlif elmi-tədqiqat mərkəzlərin olan həmkarları ilə apardıqları müştərək beynəlxalq tədqiqatların nəticələri “Web of Science” bazasında arxivləşdirilən impakt faktoru 4.7 olan dünyaca məşhur “Elsevier” nəşriyyatının “Journal Molecular Structure” jurnalında məqalə kimi (https://www.sciencedirect.com/science/article/pii/S0022286025019982#abs0001) dərc olunub.
İnstitutdan verilən məlumata görə, tədqiqat zamanı Azərbaycanlı alimlər yeni Şiff əsasları sintez etmiş, struktur xüsusiyyətlərini müfəssəl öyrənmişlər. Ətraflı araşdırmadan məlum olmuşdur ki, asan və əlverişli üsulla alınan birləşmələr təkrarlana bilən məhsullar verir. Onların kristal dizaynı ilk növbədə müxtəlif molekuldaxili və molekullararası hidrogen rabitəsinin təsirinə məruz qalır.Əldə edilən tapıntılara əsasən, müəlliflər hesab edirlər ki, salisilaldehid fraqmenti saxlayan Şiff əsasları yüksək texnologiyalı funksional materialların işlənib hazırlanmasında yeni imkanların araşdırılması üçün yeni perspektivlər vəd edir. Bu materiallar qiymətli katalitik, farmasevtik və optik xüsusiyyətlərə malikdir. Tədqiqat qrupu hazırda bu birləşmələrin tam potensialını və onların xrom materialları kimi potensial tətbiq imkanlarını müəyyənləşdirmək üçün araşdırmalarını davam etdirirlər.