AZSTAND/TK-34 Texniki Komitəsində 9 dövlət standartına dəyişikliklər edilib

223

27 sentyabr 2023-cü il tarixində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) nəzdində yaradılan AZSTAND/TK 34 “Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər” Standartlaşdırma üzrə Texniki Komitənin videoformatda iclası keçirilib. ZOOM platforması üzərindən təşkil olunan tədbirdə ilk növbədə 44 günlük Vətən Müharibəsində və antiterror əməliyyatında qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Adı çəkilən komitənin sədri, İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyev giriş nitqi ilə çıxış edərək bildirib ki, AZSTAND/TK 34 adlı Texniki Komitənin bu iclasının keçirilməsinin məqsədi qüvvədə olan standartların yenidən baxılması, bəzi əlavə və dəyişikliklər edilməsi, Texniki Komitənin hazırladığı tərcümə olunmuş standartların müzakirəsi və qəbul olunmasıdır.

V.Fərzəliyev vurğulayıb ki, iclasın gündəliyinə, ümumilikdə 11 məsələ daxil edilib: “Bunlar əsasən 2022-ci il üzrə fəaliyyət planına əsasən ildə bir dəfə dövri yoxlamadan keçməli olan 9 dövlət standartına edilən 2 saylı dəyişikliyin işlənib hazırlanması, AZS ГОСТ 12417-2023 “Neft məhsulları – Sulfat külünün təyini üsulu” dövlət standartı rus dilindən autentik tərcümə olunması, AZS ISO 11158:2023 “Sürtkü yağları, sənaye yağları və əlaqəli məhsullar (L sinfi) — H ailəsi (hidravlik  sistemlər) — HH, HL, HM, HV və HG kateqoriyaları üçün Texniki şərtlər” dövlət standartı ingilis dilindən autentik tərcümə olunması ilə bağlı məsələlərdir”.

Müzakirələrdə Aşqarlar Kimyası İnstitutunun, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Y.H. Məmmədəliyev adına Neft-Kimya prosesləri İnstitutunun, H.Əliyev adına Neft Emalı Zavodunun, “Təcrübə Sənaye Zavodu” MMC-nin və “Technoil” MMC-nin nümayəndələri iştirak edərək, rəy və təkliflərini səsləndiriblər.

Sonda standart və texniki şərtlər dəyişikliklərlə qəbul edilib.

PAYLAŞ