Bakı Dövlət Universitetinin Kimya fakültəsində akademik Vaqif Fərzəliyevlə görüş keçirilib

413

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin təşkilatçılığı ilə bu fakültənin tanınmış məzunları ilə görüşlərə start verilib. İlk görüş dünya şöhrətli alim, AMEA Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyevlə baş tutub.

Giriş nitqi ilə çıxış edən Kimya fakültəsinin dekanı k.ü.f.d., dosent Fuad Kərimli bildirdi ki, tədbirin əsas məqsədinin yetişməkdə olan gənc nəsl – doktorant, magistrant və bakalavriat tələbələrin elmə həvəsləndirilməsi üçün tanınmış ziyalı məzunlarla canlı görüşlərini təşkil etmək, onların gələcək karyeraları ilə bağlı faydalı məsləhətlərini özlərindən eşitməkdir.

O, akademik Vaqif Fərzəliyevin həyat və yaradıcılığı haqqında danışaraq dünya şöhrətli alimin ömür yolu, elmi fəaliyyəti, AMEA-nın Aşqarlar Kimyası İnstitutu ilə Kimya fakültəsi arasında təhsil, eləcə də elm sahəsində birgə əməkdaşlıq haqqında tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə çıxış edən akademik Vaqif Fərzəliyev elm və təhsildə uğur qazanmağın yollarını açıqlayıb, təhsil-elm-istehsalat vəhdətinin ölkənin inkişafı üçün vacib şərtlərdən biri olduğunu vurğulayıb, tələbələrə öz faydalı məsləhətlərini verib və tədbir iştirakçıların suallarını cavablandırıb.

Görüşdə BDU-nun Üzvi kimya kafedrasının müdiri akademik Abel Məhərrəmov, professorlar – Musa Bayramov, Qasım Hüseynov, İbrahim Məmmədov, Namiq Şıxaliyev, Rasim Alosmanov çıxış edərək Vaqif Fərzəliyevin yüksək insani və alim kimi keyfiyyətlərindən, gəncliyə nümunə olmasından danışdılar, rəy və fikirlərini bölüşüblər.

Tədbirin sonunda Vaqif Fərzəliyevə fakültənin I kurs tələbəsi Səbinə İbrahimxəlilovanın  əl işi olan portret hədiyyə edilib.

PAYLAŞ