“Bu günün şagirdi, sabahın alimi”

173

Alimlər məktəbə gedirlər

Müasir çağırışlar dövrü məktəb sistemləri qarşısında mühüm vəzifələr qoyur. Əmək bazarının günü-gündən kəskinləşən şərtləri məktəbdən müasir bilik və bacarıqlara, innovativ düşüncəyə sahib gələcək nəslin formalaşdırılmasını tələb edir. Mühüm vəzifələrdən biri də ümumi təhsildə şagirdlərin elm və texnoloji biliklərə əlçatanlığının təmin olunması, elmi təfəkkür və tədqiqatçılıq bacarıqlarının formalaşdırılmasına nail olmaqdır. Bu baxımdan məktəblərimizdə şagirdlərə elmi biliklərin aşılanması, gənc nəsil arasında elmin populyarlaşdırılmasını təşviq etmək hər vaxtkından daha aktual və qaçılmaz görünür. Beləliklə, şagirdlər arasında elmi bilikləri necə yaymaq olar? Onları elmlə necə tanış etmək, elm aləminin iştirakçılarına necə yaxınlaşdırmaq olar?

Fikrimizcə, dünyanın müxtəlif ölkələrində olduğu kimi, alimlərimizin orta məktəblərimizlə sıx əlaqəsini təmin etməklə bu sahədə irəliləyişlərə təkan vermək olar. Ayrı-ayrı məktəblərimizdə alimlərimizlə görüşlərin təşkilinə dair uğurlu nümunələr vardır. Söhbət bu cür tədbirlərin intensivləşdirilməsi və məktəb həyatının ayrılmaz fəaliyyət sahələrindən birinə çevrilməsindən, eləcə də bu təşəbbüsün ölkə miqyasında əhatəliliyinin təşkilindən gedir.

Alimlərimizin şagirdlərlə görüşü elmi mühit və təhsil müəssisələri arasında kommunikasiya kanalının yaradılması, məktəblilər arasında elmin populyarlaşdırılması, elmi fəaliyyətin cəlbediciliyinin artırılması, uğurlu və perspektivli alim imicinin yaradılmasına öz töhfələrini verə bilər. Mövzu ilə bağlı alimlərimizə üz tutduq. Alimlərimiz məktəbli şagirdlərlə bu cür əlaqələrin qurulmasını çox vacib hesab edirlər. Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, dosent Əfsun Sucayev “Azərbaycan müəllimi”nə açıqlamasında qeyd edir ki, bu gün ölkəmizdə istedadlı gənclərin elmə cəlb edilməsi üçün elmlə təhsilin inteqrasiyasına universitetlərdən öncə orta məktəblərdə başlanılmalıdır:

-Nəzərə almalıyıq ki, hər bir bölgəmizdə istedadlı şagirdlərimiz vardır ki, onları aşağı yaş qruplarından axtarıb, elmə yönləndirə bilən xüsusi layihələrin, proqramların hazırlanması və həyata keçirilməsi zərurəti yaradır. Bundan ötrü, ilk növbədə, alimlər yolunu həmin istedadların olduğu məktəblərdən salmalıdır. Respublikamızın, demək olar ki, bütün regionlarından, rayonlarından, hətta kəndlərindən alimlər, elm adamları yetişib, bu gün uğurla fəaliyyət göstərməkdədirlər. Niyə də onların öz təhsil aldıqları orta məktəblərdə şagirdlərlə görüşləri, ustad dərsləri təşkil olunmasın? Bu günün məktəblisi, təbii ki, qarşısında dayanan alimin zamanında onun kimi əyləşdiyi parta arxasından çıxıb, ziyalılığın ən üst zirvəsinə yüksəldiyini görüb qəlbində, beynində ancaq onun kimi olmaq hədəfini müəyyənləşdirir.

Hesab edirəm ki, Elm və Təhsil Nazirliyinin paytaxt və iri şəhərlərdə reallaşdırdığı “Kiçik akademiya”ların əhatə dairəsini regionlara, ən ucqar dağ kəndlərinə doğru genişləndirmək faydalı olardı. Elmi-tədqiqat institutları həmin “Kiçik akademiya”ları öz himayələrinə götürməli, onlara elmi-metodiki dəstək verməli, alimlərimizin təqdimatlarında elmin müasir və aktual problemləri ilə əlaqəli maarifləndirici seminarlar təşkil olunmalı, elmin yenilikləri uşaqların dərk edəcəyi populyar dildə çatdırılmalıdır. Bu tədbirlərin əsas məramı nüfuzlu, görkəmli alimlərimizin iştirakı ilə məktəblərdə fitri istedadı olan şagirdlərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizminin yaradılmasına kömək göstərmək, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli şəkildə həyata keçirilməsinə bu və ya digər formada dəstək verməkdir. Bu müştərək çalışma nəticəsində elmi-tədqiqata meyilli olan istedadlı şagirdləri aşağı yaş qruplarında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensiallarını nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, şagirdlərdə elmi dünyagörüşün formalaşdırılması istiqamətində sistemli iş aparılmasına nail olmaq mümkün olacaq. Unutmayaq ki, ucqar məktəblərdə də əsl istedadlar var və onları məktəb yaşlarında aşkara çıxarmaq lazımdır ki, bu yollarla elmə yeni istedad sahibləri gəlsin, dünyaşöhrətli alimlərimizin davamçıları yetişsin, Azərbaycanda “elmi məktəblər” ənənəsi bərpa olunsun. Paralel şəkildə biz məktəblərdə təşkil olunan “fənn gecə”lərini “əyləndirici, öyrədici elm gecə”lərinə çevirməli və orada elmin təntənəsini nümayiş etdirməli, istedadlı şagirdlərimizi bu yolla həm düşündürməli, həm əyləndirməli, həm də öyrətməliyik.

Bundan başqa hər bir rayonda heç olmasa nümunəvi məktəblərdə, istedad liseylərində elm guşələri yaradılmalıdır. Həm tanınmış dünya, həm də Azərbaycan alimlərinin, dünya elminə verdiyi töhfələri qısa məlumatlar şəklində həmin guşələrdə əks etdirməliyik. Məktəblərin kitabxanalarına alimlərimizin kitabları hədiyyə olunmalıdır. Ayrıca məktəblilərimiz üçün populyar dildə elmi kitablar yazılmalıdır.

İstedadlı gənclərin elmə cəlb edilməsi üçün ayrı-ayrı regionlarda “Bu günün şagirdi, sabahın alimi”, “Məntiqlə düşün” adlı müsabiqələr, bilik yarışları, eyni zamanda elm günləri, elm həftəsi təşkil etmək olar. Elmi-tədqiqat institutları ilə təkcə Bakı yox, ayrı-ayrı region və rayon, kənd məktəblərinin istedadlı şagirdləri üçün “açıq qapı” günləri keçirmək olar.

Gənc tədqiqatçı, bakalavr və magistr təhsilini Böyük Britaniyanın nüfuzlu ali məktəblərindən olan London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində, eləcə də Kembric Universitetində almış İnqilab Şahbazov alimlərin məktəblilərlə görüşlərini əhəmiyyətli hesab edir. Təhsil aldığı London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin rəhbərliyinin tələbələrə şagirdlərlə görüşlərin keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini bildirib. Onun sözlərinə görə, bu cür görüşlər şagirdlərdə alim, tədqiqatçı kimdir, elmi tədqiqat nədir kimi suallarına cavab tapılması baxımından əhəmiyyətlidir. Bundan əlavə, uğurlu karyera seçimi baxımından şagirdlərin təkcə alimlərlə deyil, öz sahəsində sözlərini demiş, ölkəmizin inkişafında töhfələri olan digər görkəmli şəxslərlə də belə görüşlərin keçirilməsi arzu olunandır.

Sonda fikrimizi əsaslandırmaq üçün Rusiyada həyata keçirilən “Alimlər məktəbdə” layihəsi barədə də danışaq. Elmə marağın stimullaşdırılması məqsədilə ölkənin bütün regionlarında reallaşdırılan bu layihə çərçivəsində  Rusiya məktəblərində professorlar, universitetlərin və elmi-tədqiqat mərkəzlərinin elmi işçiləri, habelə Rusiya Elmlər Akademiyasının akademikləri, müxbir üzvləri və professorları şagirdlərə elmi-populyar mühazirələr oxuyurlar.

Mövzular kifayət qədər genişdir: alimlər zəlzələlər, genetika, süni intellekt, biotexnologiya, viruslarla mübarizə və orqanizmdə əksər proseslərə nəzarət edən fermentlərin xüsusiyyətlərindən danışıblar. Mühazirə proqramından sonra şagirdlərə müxtəlif kimyəvi elementlərin xassələrindən bəhs edən eksperimentlər silsiləsi ilə elmi şou təqdim olunub.Əminik ki, Azərbaycanda da belə tədbirlərin keçirilməsi istedadlı gəncləri elm və texnologiya sahəsinə cəlb etməyə kömək edər.

Oruc MUSTAFAYEV

PAYLAŞ