“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, cari ildə tətbiq ediləcək hesablama qaydası dünyada ən qabaqcıl elmmetrik və bibliometrik şirkətlərdən hesab olunan “Clarivate” şirkətinin mütəxəssisləri ilə birgə hazırlanıb. Hesablama qaydasında həm “Scopus” həm də “Web of Science” bazalarında olan göstəricilər əsas götürülüb. Belə ki, yeni qaydaya əsasən, hər iki bazada son 6 il ərzində ən azı 3 məqaləsi olan müəlliflər dəyərləndiriləcəkdir.
Yanaşmada tətbiq edilən digər yenilik isə alimlərin elmi işlərinin keyfiyyətinin bir neçə meyar üzrə ölçülməsi olacaqdır. Bu göstəricilərə aşağıdakılar aiddir:
– hər iki baza üzrə elmi işlərin sahə üzrə istinad təsiri göstəriciləri;
– elmi işlərin Q1 və Q2 kvartilli jurnallarda dərc olunması;
– dünya üzrə ən oxunaqlı top 10% elmi iş siyahısında yer alma;
– həmmüəllif sayı.
Qeyd edək ki, hesablama hər ay yenidən aparılacaq və həmin ay üzrə minimal şərtlərə tələb verən alimlər mükafatlandırılacaqdır.
Mükafatlandırmanın keçirilməsində əsas məqsəd alimlərin obyektiv göstəricilərə əsasən fəaliyyətinin stimullaşdırılması və beynəlxalq impakt faktorlu jurnallarda dərc edilən məqalə sayının artırılmasıdır.