Cəmiyyət təbiətin insan təbəqəsidir

52

Elm onlar arasında əzəli tarazlığı pozmamalıdır 

Ölkəmizdə son zamanlar insan kapitalının inkişafı, elmi tədqiqatların kommersiyalaşdırılması və bilik transferinin dəstəklənməsi istiqamətində mühüm addımlar atılır. Burada əsas məqsədlərdən biri hərtərəfli hazırlığa malik yüksək ixtisaslı kadrlara olan tələbatın ödənilməsidirsə, digəri Azərbaycan alimlərinin apardıqları yüksək səviyyəli fundamental tədqiqatların nəticələrini tətbiq etməklə yerli istehsalı inkişaf etdirmək, ən azı, strateji məhsulların idxal asılılığını minimumlaşdırmaqdır. Bu sahədə dəqiq və təbiət elmlər sahəsində ixtisaslaşmış elmi tədqiqat institutları vardır ki, orada çalışan alimlərimizin əldə etdiyi mühüm nəticələr istehsalata uğurla tətbiq olunur. Elə 2024-cü il üzrə texnika sahəsində Dövlət Mükafatına layiq görülən kompleks elmi-texniki iş məhz Azərbaycan alimlərinin əldə etdiyi mühüm elmi-texniki nailiyyətlərin istehsalata tətbiqini özündə ehtiva edir. Həmin kompleks elmi işin rəhbəri, Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyevlə müsahibədə bu və digər suallara cavab tapmağa çalışdıq.

Qısa arayış:

Məlumat üçün bildirək ki, akademik Vaqif Fərzəliyevin elmi fəaliyyətinin əsas istiqamətini sürtkü yağları, yanacaq və yağlayıcı-soyuducu mayelərə yüksək tə­sirli aşqarların və onların əsasında yük­sək keyfiyyətli yağ, yanacaq və yağla­yıcı-soyuducu maye kompozisiyalarının yaradılmasının elmi əsaslarının işlənib hazırlanması təşkil edir. O, yeni aşqarların sintezi, onların funksional təsir mexaniz­minin və həmçinin tərkib və quruluşlarının effektivliyə təsirinin öyrənilməsi sahəsində sistematik fundamental tədqiqatlar aparır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə ya­radılmış bir sıra aşqarlar və sürtkü yağları, o cümlədən xüsusi təyinatlı yağlar səna­yedə tətbiq edilmişdir.

Akademik Vaqif Fərzəliyevin bu is­tiqamətdə apardığı çoxşaxəli elmi tə­dqiqat işlərinin nəticələri 1000-ə yaxın elmi əsərdə, o cümlədən 150-dan çox SSRİ müəlliflik şəhadətnaməsi və Azər­baycan patentində, 5 monoqrafiyada öz əksini tapmışdır. “Google Scholar Citati­ons” və “ResearchGate” qlobal informa­siya şəbəkələrinin məlumatlarına görə, onun tədqiqat sahəsi üzrə 250 elmi əsəri müxtəlif beynəlxalq elektron sistemlərinə daxil olmuş və onlara dünya alimləri tərə­findən 2500-ə yaxın istinad edilmişdir. H-indeks 31-ə bərabərdir. Onun rəhbər­liyi ilə 6 elmlər doktoru və 24 fəlsəfə dok­toru yetişmişdir.

– Vaqif müəllim, Dövlət Mükafatına layiq görülən kompleks elmi-texniki iş son illər ərzində ölkəmizdə ən uğur­lu tətbiqi elmi ixtira adlandırılır. Sizin buna münasibətinizi bilmək istəyərdik.

– Bizim əməyimizi yüksək dəyərlən­dirənlərin hər birinə dərin təşəkkürümüzü bildirirəm. Eyni zamanda, təvazökarlıqdan uzaq olsa da, etiraf edim ki, həqiqətən Aşqarlar Kimyası İnstitutunun ən uğurlu tətbiqi elmi-texniki işlərindən biri təbii ki, hərbi məqsədli texnika üçün motor yağı­nın yeni analoqunun yaradılması ilə bağlı­dır. Bu xüsusi təyinatlı yağlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərən­camında olan bütün markalı tankların mü­hərriklərində praktiki sınaqlardan uğurla keçmiş və sınaq komissiyası bu yağın tank mühərriklərində istifadəsini məqsə­dəuyğun hesab etmişdir.

Yeri gəlmişkən qeyd edim ki, Azər­baycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsa­lının vətəni olduğu üçün keçmiş Ittifaqda aşqarların işlənib hazırlanması və isteh­salı da ilk dəfə olaraq respublikamızda həyata keçirilmişdir. Məhz institutun əsa­sını qoyan akademik Əli Quliyev və digər istedadlı alimlərimiz SSRİ Dövlət mü­kafatına, 1970-ci ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdürlər.

Aşqarlar Kimyası İnstitutunun bu dəfə mühüm elmi-texniki nailiyyətinin dövlətin ən ali mükafatı ilə təltif olunması Azərbay­canda vaxtı ilə yaradılan elmi ənənənin davam etdirilməsinin məntiqi nəticəsidir. Bu, həm də dövlət başçımızın Azərbay­can elminə və elm adamlarına verdiyi ən böyük dəyərin əyani nümunəsidir.

– İnstitutun başqa hansı elmi nə­ticələrinin istehsalata uğurla tətbiq olunduğunu və ya tətbiqə tövsiyə edi­liyini qeyd edə bilərsiniz?

– Digər mühüm tətbiqi işimiz Qa­zaxıstan və Türkmənistanın yüksək pa­rafinli neftlərinin donma temperaturu və dinamik özlülüyünü aşağı salmaqla on­ların Bakı–Tbilisi-Ceyhan neft kəmərləri ilə uzaq məsafələrə nəql edilməsini tə­min edən aşqar – “Depresator AKİ” ya­radılması və tətbiqi ilə bağlıdır. Hazırda o “Aşqar” Elmi İstehsalat Birliyində min tonlarla istehsal olunur.

Eyni zamanda, respublikada müxtəlif növ daxili yanma mühərriklərində istifadə olunmuş və ekoloji gərginlik yaradan iş­lənmiş yağların regenerasiya texnologi­yası yaradılmış və bu texnologiya üzrə regenerasiya olunmuş yağ və müvafiq aşqarlar əsasında dizel mühərrikləri üçün müxtəlif təyinatlı, o cümlədən xüsusi tə­yinatlı sürtkü kompozisiyaları yaradıl­mışdır. İşlənmiş yağların regenerasiya texnologiyası və regenerasiya olunmuş yağ əsasında yaradılmış xüsusi təyinatlı sürtkü kompozisiyası strateji əhəmiyyət kəsb etdiyinə görə Azərbaycan Respub­likasının “məxfi” qriflə patentləri ilə mü­dafiə olunmuşdur. Konkret olaraq modul elektrik stansiyalarında istifadə olunmuş ekoloji gərginlik yaradan “Musella-40” motor yağının regenerasiya texnologiya­sı yaradılmış və bu texnologiyanın tətbiqi üzrə müəyyən işlər aparılır.

Azərbaycan Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində istifadə edilən və xaricdən gəti­rilən M-14ГБ motor yağının yeni analoqu institut tərəfindən yaradılmış və onun da istehsalı təşkil edilmişdir.

Yağlayıcı-soyuducu mayeləri və neft məhsullarını bioloji zədələnmədən qoru­yan Azin-1, Azin-2, Azin-3 və Azin-4 anti­mikrob aşqarların sənaye istehsalı təşkil edilmişdir.

Neft-mədən avadanlıqlarını korroziya­dan və mühərrikin soyuducu sistemlərini kavitasiya nəticəsində dağılmadan qoru­maq üçün korroziya inhibitorları yaradıl­mış, istehsal texnologiyası işlənilmiş və təcrübi-sənaye istehsalı təşkil edilmişdir.

– Bütün bu yüksək elmi nəticələrini­zi konkret olaraq elmlə istehsalatın vəh­dətinin yaradılmasına xidmət edən ad­dımlar kimi də dəyərləndirmək olarmı?

– Bilirsiniz ki, hər bir dövlətin iqtisa­diyyatı üç nəhəng dayaq üzərində qu­rulur – elm, təhsil və istehsalat prosesi. İqtisadiyyatın inkişaf sürəti bu dayaqların vəhdətindən – inteqrasiya dərəcəsindən asılıdır.

Keçmiş SSRİ dövründə istehsalat müəssisələrinin hamısı dövlətə məxsus olduğundan və əsasən, xaricdən texno­logiyalar gətirilmədiyi üçün elm-istehsalat əlaqələri həddindən artıq möhkəm idi.

SSRİ dağıldıqdan sonra Azərbaycan keçmiş sovet respublikaları kimi sosia­list iqtisadiyyatından bazar iqtisadiyya­tına keçdi və istehsal müəssisələrinin, demək olar ki, əsas hissəsi özəl sektora verildi və bununla əlaqədar elm-istehsa­lat əlaqələri dəyişdi. Özəl müəssisələrin əsas hissəsi asan yolla gedərək xaricdən hazır texnologiyaları gətirib tətbiq etdi və ölkə elminə investisiya yatırımı demək olar ki, yox dərəcəsinə endi.

İnkişaf etmiş ölkələrdə elm-istehsalat vəhdəti həddindən artıq möhkəmdir və özəl müəssisələrin çoxu elmi mərkəzlərə investisiya yatırımını nəinki tətbiqi işlərə, hətta fundamental tədqiqatlara da edirlər, çünki hər bir yeni texnologiya fundemen­tal tədqiqatların nəticəsində əldə olunur.

Azərbaycan reallığında qeyd olunan­lara çox az hallarda rast gəlmək olur. Lakin şükür ki, bu istiqamətdə fəaliyyət göstərən şirkətlər də var. AKİ olaraq bu il qeyd olunan istiqamətdə sıx fəaliyyət göstərən iki özəl şirkəti böyük məmuniy­yətlə qeyd etmək istəyirik. Onlardan biri kimi “Elroys” MMC ilə birgə fəaliyyətimi­zin mühüm nəticəsi yuxarıda adını çəkdi­yim “Depressator AKİ” aşqarının yaradıl­ması və tətbiqi ilə bağlıdır.

Başqa bir şirkət “İselTexno” MMC-nin isə AKİ ilə elmlə istehsalatın vəhdətinin inkişafı istiqamətini əhatə edən ekolo­ji problemlərin həllinə yönələn ən son uğurlu elmi iş Balaxanı ərazisində min tonlarla yığılmış və ekoloji problem ya­radan “turş qudron”un emal prosesinin yaradılması və emal məhsulunun istifa­dəsindən ibarətdir.

– Vaqif müəllim, bu ilin 11–24 no­yabr tarixlərində Bakıda mötəbər COP29 təşkil olunacaq. Həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bunlarla bağlı ölkədə ekoloji problemlərin həl­li və ətraf mühitin sağlamlaşdırılması istiqamətində geniş tədbirlər həyata keçirilir. Elmi-tədqiqat müəssisəsi ola­raq Aşqarlar Kimyası İnstitutu bu pro­sesdə necə iştirak edir?

– Məlum olduğu kimi, neft emalı məh­sullarının əsas hissəsini motor və soba yanacaqları təşkil edir. Bu yanacaqların mühərriklərdə, su-elektrik stansiyaların­da, eləcə də sənaye müəssisələrində yandırılması zamanı atmosferə karbon qazı, dəm qazı, yüngül karbohidrogen­lər, kükürd və azot oksidləri kimi zəhərli qazlar atılır.

Hər hansı mühərrikin işi zamanı (xü­susilə dizel yanacağı) atmosferə bu qaz­larla yanaşı his hissəcikləri və nəzərə çarpacaq miqdarda aromatik birləş­mələrdən alınan kanserogen birləşmələr (benzopiren və sair) də buraxılır. Hazır­da dünyanın əksər ölkələrində dizel mü­hərriklərinə bir sıra çirkləndiricilər üçün emissiya meyarı təyin edilmişdir.

Böyük Britaniyanın Lester Universiteti­nin nəzdindəki Ağ Ciyərin Sağlamlığı İns­titutu və digər ölkələrin tibb mərkəzlərinin araşdırmalarının nəticələrinə görə, nəqliy­yat mühərriklərindən çıxan his hissəcikləri insanların, xüsusilə balaca uşaqların ağ ciyərində yığılır, ciddi fəsadlara yol açır.

Bu qlobal problemə qarşı AKİ-də atmosferin dizel mühərrikinin tullantı qazlarının əsas toksik komponenti olan tüstü ilə çirklənməsini azaltmaq üçün dizel yanacaqlarına tüstüyə qarşı ef­fektiv aşqar yaradılmışdır. Belə ki, dizel mühərriklərinin işləməsi zamanı çıxan qazlarda tüstünün və kanserogen mad­dələrin miqdarını kəskin azaldan, təkcə ölkəmizdə deyil, keçmiş SSRİ-də dizel yanacağı üçün ilk tüstü əleyhinə aşqar olan ИХП-706 aşqarı məhz, AKİ-nin “Yanacaq kompozisiyaları” laboratori­yasında alınmış və tətbiq olunmuşdur (ИХП-AKİ-nin rusca adıdır – Институт химии присадок–müəllif).

Neftlə çirklənmiş torpaqların və su hövzələrinin mikrobioloji vasitələrlə tə­mizlənməsi də AKİ-nin ekoloji problem­lərin aradan qaldırılmasına yönəlmiş əsas fundamental və tətbiqi xarakterli elmi işlərindən biridir. Bu nöqteyi-nəzər­dən İnstitutun aparıcı alimləri Abşeron yarımadasının Suraxanı, Balaxanı, Binəqədi və Bibi-Heybət yataqları ətrafı müxtəlif karbohidrogen tərkibli torpaq­ların təmizlənməsi üçün torpağı yaxşı­laşdıran əlavələr kompleksi ilə seçilmiş mikroorqanizm (bakteriya və maya) as­sosiasiyasını təmsil edən bioloji prepa­ratların alınması üçün müasir texnologiya yaratmışlar.

Neftlə çirklənmiş torpaqların “biore­mediasiyası” adalanan bu texnologiya ilə adları çəkilən yataqların ərazisinə düşən torpaqlardan ayrılmış aktiv karbohidroge­noksidləşdirici mikroorqanizmlərin istifa­dəsi ilə bakteriya və mayaların effektiv assosiasiyası tərtib edilmiş, bunun əsa­sında neftlə çirklənmiş torpaqların rekul­tivasiyası üçün 4 müxtəlif biopreparat və tədqiq olunan bu yataqlar üçün tövsiyə olunan 1 ümumi biopreparat (“Univer­sal”) hazırlanmış və sınaqdan keçirilmiş­dir.

AKİ-də ekoloji problemlərin həllinə yönələn ən son uğurlu tətbiqyönlü elmi işlərindən biri də Balaxanı ərazisində min tonlarla yığılmış və ekoloji problem yara­dan “turş qudron”un emal prosesinin ya­radılması və emal məhsulunun istifadəsi ilə əlaqəlidir.

– Paytaxtımızda torpaqların çirk­lənməsinin azaldılması, ətraf mühütün sağlamlaşdırılması üçün hansı işlər görülür?

– Bakı Neft Emalı Zavodlarının uzun illər ərzində fəaliyyəti nəticəsində əmələ gəlmiş turş qudron min tonlarla Abşeronun Balaxanı qəsəbəsi ərazisinə tullanaraq həddindən artıq ekoloji problemlər yarat­mışdır. Bu ekoloji gərginliyin azaldılması, ətraf mühütün sağlamlaşdırılmasına AKİ alimləri vaxtı ilə ərazidə fəlakət yaşanma­sında əsas pay sahibi olan turş qudronun emal məhsulundan istifadə edərək mazut əsasında alınan qalıq yanacaqların özlü­lük və aşağı temperatur xassələrini yaxşı­laşdıran əlavə yaradıblar.

Turş qudronun emalı posesini həya­ta keçirərək və emal məhsulunu istifadə edərək həm mühüm texniki, həm də mü­hüm ekoloji problem həll olunmuş olur. Turş qudronun emal məhsulu artıq tətbiq edilir. Bu da həm ölkənin iqtisadi inkişafı, həm də ekoloji problemlərin həllini əhatə edir. Bu müştərək iş də Azərbaycan pa­tenti ilə müdafiə olunub.

AKİ neft sənayesi üzrə ixtisaslaşmış elmi tədqiqat institutu olsa da fəaliyyətinin mühüm aspektləri bu sənayenin yaratdığı ekoloji problemlərin aradan qaldırılmasının elmi əsaslarının yaradılmasına və onun uğurla tətbiqinə yönəlməkdədir. Təbii ki, bundan sonra da bu məsələlərə daha çox diqqət yönələcək və çoxşaxəli fəaliyyət genişlənəcək. Çünki ölkəmizdə baş tutcaq COP29 elmi-tədqiqat institutları, eləcə də kimyaçı alimlərimiz qarşısında yeni və­zifələr qoyacaq. Bu vəzifələri yerinə yetir­mək respublikamıza iqtisadi inkişaf ilə ya­naşı, başqa ölkələrə nümunə göstəriləcək ekoloji təhlükəsizlik gətirəcək.

Pünhan ƏFƏNDİYEV
XQ

PAYLAŞ