COP29: “Yaşıl həmrəylik” təhlükəsiz qlobal gələcəyə “yaşıl işıq” yandırır

9
  • MÜSAHİBƏ
  •  09:33 11.07.2024
  • Bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransında dünyada karbon qazının miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi, 1,5 dərəcə Selsi ilə məhdudlaş­dırmaqla bu sahədə irəliləyişə nail olmaq, tədbirdə iştirak edən ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını ara­dan qaldırmaq kimi məsələlərin müzakirəsi nəzərdə tutulub. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bütün bunlar res­publikada qlobal ekoloji problemlərin həllinə və ekoloji təhlükəsizliyə nə qədər böyük diqqət göstərildiyinin əyani nümunəsidir.

    Ölkəmizin ekoloji təhlükəsizliyinin təmin olunması məsələsində Nazirlər Kabineti tərə­findən müxtəlif tədbirlər planı hazırlanaraq həyata keçirilir. Həmin planlarda nəzərdə tu­tulan prioritetlərin vaxtında və operativ şəkil­də yerinə yetirilməsində elmi-tədqiqat müəs­sisələri, o cümlədən Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu fəal rol oynayır. Bununla bağlı insti­tutun icraçı direktoru, professor Əfsun Suca­yevə bir neçə sualla müraciət etdik.

    – COP29-un əhəmiyyətini bu sahəyə yaxından bələd olan kimyaçı alim kimi necə qiymətləndirirsiniz?

    – Qeyd etdiyiniz kimi, paytaxtımız bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensi­yasının Tərəflər Konfransının 29-cu sessiyasına evsahibliyi edəcək. Bu, bir faktdır ki, COP29 ölkəmizdə indiyə qədər keçirilən tədbirlərlə müqayisəyə gəlmir. Hətta bu vaxta kimi, Bakıda reallaşan iri formatlı tədbirlərdən olan Avropa Oyunlarını xatırlasaq, o zaman respublikamıza 5 min idmançı və onları müşayiət edən, təqribən, 3 min qonaq gəlmişdi. Ancaq COP29-da ölkəmizə 70-80 min xarici nümayəndənin gələ­cəyi gözlənilir.

    Buna görə də bu mötəbər tədbirin qalib ölkənin adına layiq şəkildə keçi­rilməsi sıravi vətəndaşdan tutmuş səla­hiyyətli şəxslərə, dövlət qurumlarından özəl təşkilatlara qədər milliyətindən, dilindən, dinindən aslı olmayaraq hamı səfərbər olmalı, hər kəs üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetir­məlidir. Alimlərimiz də bu tədbirin əhə­miyyətini yüksək qiymətləndirir, konf­ransın məsuliyyətini dərk edirlər.

    – COP29-un əsas məqsədləri sı­rasında yer alan qlobal ekoloji prob­lemlərin həlli, ekoloji təhlükəsizliyin bərqərar olması istiqamətində işlə­rin görülməsində Aşqarlar Kimyası İnstitutu alimləri indiyə qədər hansı işləri görüb və bundan sonra görə­cəklər?

    – Respublikamız zəngin neft və qaz ölkəsi olduğundan neft və qazçıxarma, neft və qaz emalı, neft kimyası və bü­tövlükdə, kimya sənayesi həmişə eko­loji məsələlərə xüsusi diqqət tələb edib. Ancaq sovet dövründə keçmiş SSRİ rəhbərliyi bu sahədə tamamilə yararsız texnologiyalar əsasında neft istehsalı həyata keçirib, nə olursa-olsun, Azər­baycanın sahib olduğu “qara qızıl”ı ta­mamilə çıxarıb, tükəndirmək siyasəti yürüdüb. Bu məqsədli siyasət yeraltı sərvətimizi tükəndirməklə yanaşı, ölkə­mizin ekoloji mühitini korlayıb, neftlə çirklənmiş ərazilərdə ekoloji böhran yaradıb, insanların sağlamlığını ciddi təhlükəyə atıb.

    Ümummilli lider Heydər Əliyev ha­kimiyyətə gəldikdən sonra dahi şəx­siyyətin qətiyyəti və iradəsi sayəsində Azərbaycanın neft-qaz sektorunun və kimya sənayesinin yenidən qurulması və müasirləşdirilməsi ilə ekoloji prob­lemlərin də həlli istiqamətlərində əsaslı dönüş mərhələsi başlandı.

    Sualınıza gəldikdə isə qeyd edim ki, Aşqarlar Kimyası İnstitutu alimləri­nin ekoloji problemlərin həllinə yönələn fundamental və tətbiqi işlərini bir neçə qrupa ayırmaq olar. Siz yaxşı bilirsiniz ki, neft emalı məhsullarının əsas his­səsini motor və soba yanacaqları təşkil edir. Bu yanacaqların mühərriklərdə, su-elektrik stansiyalarında, eləcə də sənaye müəssisələrində yandırılması zamanı atmosferə karbon qazı, dəm qazı, yüngül karbohidrogenlər, kükürd və azot oksidləri kimi zəhərli qazlar atılır.

    Hər hansı mühərrik daha çox dizel yanacağı ilə işlədikdə atmosferə qeyd edilən qazlarla yanaşı, his hissəcikləri və nəzərə çarpacaq miqdarda aromatik birləşmələrdən alınan kanserogen bir­ləşmələr (benzopiren və s.) də buraxı­lır. Hazırda dünyanın əksər ölkələrində dizel mühərriklərinə bir sıra çirkləndiri­cilər üçün emissiya meyarı təyin edilir. Böyük Britaniyanın Lester Universiteti­nin nəzdindəki Ağ Ciyər Sağlamlığı İns­titutunun və digər ölkələrin tibb mərkəz­lərinin araşdırmalarına görə, nəqliyyat mühərriklərindən çıxan his hissəcikləri insanların, xüsusilə balaca uşaqların ağ ciyərində yığılır, ciddi fəsadlara yol açır.

    Bu qlobal problemə qarşı institutu­muzda atmosferin dizel mühərrikinin tullantı qazlarının əsas toksik kompo­nenti olan tüstü ilə çirklənməsini azalt­maq üçün dizel yanacaqlarına tüstüyə qarşı effektiv aşqar yaradılıb. Belə ki, dizel mühərriklərinin işləməsi zamanı çıxan qazlarda tüstünün və kanserogen maddələrin miqdarını kəskin azaldan, təkcə ölkəmizdə deyil, keçmiş SSRİ-də dizel yanacağı üçün ilk tüstü əleyhinə aşqar məhz bizdə yaradılaraq tətbiq olunub.

    Bu aşqar əlçatan və ucuz xam­maldan istifadə etməklə istehsal edilib. Onun istehsal prosesi texnoloji və texni­ki dizayn baxımından olduqca sadə idi və sənaye miqyasında asanlıqla həyata keçirilirdi. Yanacağa 0,2 – 0,5 faiz kütlə qatılıqda əlavə edilən tüstüyə qarşı bu aşqar dizel mühərrikinin növündən asılı olaraq, onun buraxdığı tüstünün 60-90 faiz azalmasını təmin edib.

    Dizel mühərrikinin tərkibində tüstü­yə qarşı aşqar olan yanacaqla işləmə­si, beynəlxalq sanitariya standartları ilə müqayisədə tullantının atmosferə bu­raxılmasını nəzərə çarpacaq dərəcədə aşağı sala bilir.

    Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının F. Fersman Təcrübə və Klinik Onkologiya İnstitutunda apa­rılan araşdırmalar göstərib ki, Aşqarlar Kimyası İnstitutunda hazırlanmış tüs­tüyə qarşı aşqarın dizel yanacağına əlavə edilməsi işlənmiş qazların tərki­bində olan kanserogen birləşmələrin miqdarını isə 45-50 faizədək azaltmağa imkan verir.

    Həmin aşqar dizel mühərriklərinin və yanacaq avadanlığının etibarlılığı və uzun müddət istismarına mənfi tə­sir göstərmir, aşağı temperaturda di­zel yanacağının filtrasiya qabiliyyətini pozmur, az zəhərli maddədir və dizel yanacağına əlavə olunduqda onun tok­sikliyini artırmır.

    İnstitutumuzda hazırlanmış tüstüyə qarşı aşqarın müxtəlif texnikanın dizel mühərriklərində təkcə ölkəmizin deyil, həmçinin keçmiş bir çox sovet respub­likalarının aparıcı elm mərkəzləri və za­vodlarında uğurla sınaqdan keçirilib və müsbət nəticələr alınıb.

    Aşqarlar Kimyası İnstitutu tərəfin­dən hazırlanmış tüstüyə qarşı aşqar di­zel yanacağı kompozisiyasının Rusiya Federasiyası Kursk Maqnit Anomaliya­sı karxanalarında yükünü özüboşaldan böyük yük maşınlarında, “Moskva reka” Moskva Naviqasiyası Co katerlərində və digər təşkilatlarda uğurla tətbiq olu­nub.

    Sözügedən tüstüyə qarşı aşqarın tətbiqi mədənlərdə, karxanalarda və işlənmiş qazlarla çox zəhərlənmə sə­bəbindən işlərin dayandırılması tələb olunan digər müəssisələrdə güclü di­zel mühərrikli texnikanın işləməsində xüsusilə səmərəli olub və Rusiya Fe­derasiyası və Azərbaycan tərəfindən patentləri alınıb.

    – Son illər ətraf mühitin sağlam­laşdırılmasına xidmət edən elmi işlə­riniz hansılardır? 

    – İnstitut alimlərinin ölkəmizin eko­loji təhlükəsizliyinə böyük töhfə verdiyi elmi layihələrdən biri işlənmiş motor yağlarının regenerasiya texnologiyası­nın yaradılması və regenerasiya məh­sulu əsasında müxtəlif təyinatlı sürtkü kompozisiyalarının yaradılması ilə bağ­lı olub.

    Ölkəmizdə avtomobil və digər texni­ka parkının ildən-ilə sürətlə genişləndi­rilməsi və bununla da istifadə olunan sürtkü yağlarının kənara atılması ətraf mühiti çirkləndirməklə ekoloji gərgin­lik yaradır. Ona görə də uzun müddət müasir neft kimyası elminin qarşısında duran əsas məsələlərdən biri həmin zərərin minimuma endirilməsi olub. Bu nöqteyi-nəzərdən ekoloji gərginli­yi mümkün qədər azaltmaq üçün həm sürtkü yağlarının keyfiyyətini xüsusi əlavələrlə ̶ aşqarlarla yaxşılaşdıra­raq, onların işləmə müddətini artırmaq, həm də işlənmiş yağları bərpa edib yenidən istifadə etmək lazım gəlirdi. Bu məqsədlə hələ bir neçə il əvvəl ins­titutda ekoloji gərginlik yaradan işlən­miş sürtkü yağlarının təkrar istifadəsi istiqamətində elmi-tədqiqatlar aparı­lıb, işlənmiş yağların təkrar istifadəsini təmin etmək üçün yeni regenerasiya üsulu ̶ texnoloji proses işlənib hazır­lanıb. Alınan məhsullar əsasında aşqar kompozisiyası ilə əmtəə yağının ana­loqu yaradılıb və müəyyənləşdirilib ki, müxtəlif təyinatlı motor yağının yaradıl­masında regenerasiya olunan yağlar baza yağı kimi istifadə edilə bilər.

    Məlumat üçün onu da qeyd edim ki, institutda 2014–2015-ci illərdə həyata keçirilən “Yerli bentonitlərdən istifadə etməklə işlənmiş yağların regenerasiya texnologiyasının yaradılması və rege­nerasiya olunmuş yağ əsasında sürtkü yağlarının işlənilməsi” adlı elmi layihə çərçivəsində “Pilot qurğu” inşa edilib, 2019-cu ilə kimi “Azərenerji” tərəfindən verilən işlənmiş sürtkü yağları regenra­siya edilib. Burada yeni elmi yanaşma olduğundan tədqiqat işinə “məxfi” qriflə patent alınıb.

    Onu da bildirim ki, neftlə çirklənmə nəticəsində respublikanın ərazisində məhsuldar torpaqların deqradasiyası prosesi baş verir, onların bioloji fəallığı azalır, erroziya prosesi güclənir. Neft çirklənmələrinin təmizlənməsində iqtisa­di və ekoloji cəhətdən səmərəli olan bi­oloji üsullar sırasında mikroorqanizm və bitkilərin birləşmiş metabolizm potensia­lından istifadəyə əsaslanan “fitoremedi­asiya” xüsusi yer tutur. Bu amili nəzərə alan institut tərəfindən neftlə çirklənmiş torpaqların bərpa və münbitləşdirilməsi üçün Azərbaycanın ekoloji-iqlim şəraitini nəzərə alan, bitkilər və destruktor mik­roorqanizmlərin birgə təsirini təmin edən rasional fitoremediasiya texnologiyası hazırlanıb.

    İnstitut alimlərinin ekoloji problemlə­rin həllinə yönələn ən son uğurlu tətbiq­yönlü elmi işlərindən biri də Balaxanı ərazisində min tonlarla yığılmış və eko­loji problem yaradan “turş qudron”un emal prosesinin yaradılması və emal məhsulunun istifadəsi ilə əlaqəlidir.

    Təbii ki, bundan sonra da bu məsələlərə daha çox diqqət yönələcək və çoxşaxəli fəaliyyət genişlənəcək. Çünki ölkəmizdə keçiriləcək COP29 elmi-tədqiqat institutları, eləcə də kim­yaçı alimlərimiz qarşısında yeni və­zifələr qoyacaq. Bu vəzifələri yerinə yetirmək respublikamıza iqtisadi inki­şaf ilə yanaşı, başqa ölkələrə nümunə göstəriləcək ekoloji təhlükəsizlik gətirə­cək.

    Müsahibəni qələmə aldı:
    Pünhan ƏFƏNDİYEV

    XQ

PAYLAŞ