Elmə yanaşma tərzi dəyişməlidir

58

Əfsun Sucayev: “Aktual olmayan, bir-birini təkrarlayan dissertasiya işlərinə çox rast gəlinir” 

Bu günlərdə Nazirlər Kabineti “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında qərar qəbul edib. Əsas dəyişikliyə görə, bundan sonra Şura Elm və Təhsil Nazirliyin nəzdində fəaliyyət göstərəcək. Görünən odur ki, elmi tədqiqatların təşkili məsələsində ciddi yeniliklər tətbiq olunacaq. Bu və digər məsələlər haqqında həmin Şuranın üzvü, Aşqarlar Kimyası İnstitutunun icraçı direktörü, professor Əfsun Sucayevin fikirlərini öyrəndik. 

– Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası bundan sonra konkret hansı zəruri tədbirlər həyata keçirilməlidir?

– İlk növbədə elmə yanaşmanı dəyişməliyik. Başqa sözlə, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası səlahiyyəti çərçivəsində ölkəmizdə elmin prioritetlərinə yenidən baxmalıdır. Söz yox ki, indiyə qədər mövcud olan elmi potensialımızı qoruyub saxlamalıyıq. Azərbaycanda ənənəvi elm sahələri olub ki, bu istiqamətlər üzrə dünya elminə görkəmli elm adamları bəxş edib. Sovet dövründə ayrı-ayrı elmi istiqamətlər üzrə elmi məktəblərin formalaşdığını (məsələn, akademik Yusif Məmmədəliyevin neft kimyası məktəbi, akademik Zahid Xəlilovun funksional analiz məktəbi, akademik Həsən Abdullayevin yarımkeçiricilər fizikası elmi məktəbi, akademik Əli Quliyevin aşqarlar kimyası məktəbi və sair) xüsusi qeyd etmək olar.

Sovetlər Birliyinin dağılması ilə həmin ənənəvi elm sahələri böyük bir tənəzzül yaşadı. Müstəqilliyin ilk illərində, hətta elmi potensialın tamamilə yox olması təhlükəsi yarandı. Ancaq dünyada və ölkəmizdə davamlı cəmiyyətin formalaşmasında elm və alimlərin mühüm rolunu yüksək qiymətləndirən Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə bu təhlükənin də qarşısını aldı və elm də inkişafın yeni mərhələsinə qədəm qoya bildi. Təbii ki, biz bu elmi məktəblərin əvvəlki şan-şöhrətini özünə qaytarmaqla, inkişaf etdirib daha da irəli aparmalıyıq.

Ancaq özünü doğrultmayan, səmərəsiz fəaliyyəti olan elmi istiqamətlərdən imtina etməkdən çəkinməməliyik və əvəzinə dünyanın müasir və aktual mövzuları ilə uzlaşan yeni prioritet elmi istiqamətlər müəyyənləşməlidir.

Təkcə bir faktı qeyd edə bilərəm: il ərzində müdafiə olunan fəlsəfə və elmlər doktoru dissertasiya işlərinin mövzularına və strukturuna baxanda bu sahədə problemi açıq-aydın görmək olur. Aktual olmayan, bir-birini təkrarlayan dissertasiya işlərinə çox rast gəlinir. Açıq etiraf etmək lazımdır ki, mühüm fundamental xarakterli və praktik əhəmiyyətli elmi nailiyyətlər nəzərə çarpmır. Əldə olunan nəticələr nüfuzlu jurnallarda çap olunmur, yerli jurnallarda çap olunsa belə, onlara istinad edilmir. Hazırda evro 7, 8 standartlarına cavab verən yanacaqların alınmasının nəzəri əsasları ilə bağlı elmi araşdırmalar aparılır. Bizdə isə elm adamları hələ də evro 2, 3 standartları məsələsini tədqiqat obyekti və predmeti götürür. Deməli, ya dünya elminin ən son yeniliklərindən xəbərsizik, ya da bilik və bacarıqlarımız bura qədərdir.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) çox haqlı olaraq belə dissertasiya işlərinə imtina verdikdə, əsassız, narazılıq yaradırıq. Bu yolla biz əsl alimlərin yox, olsa-olsa elmi dərəcəsi olanların sayını artıra, keyfiyyət yox, kəmiyyət dəyişikliklərinə nail ola bilərik. Elm və təhsil naziri cənab Emin Əmrullayevin haqlı olaraq “elmi dərəcəsi olan şəxslərin hamısı əsl alim deyil” sözlərini də süngü ilə qarşılamamalıyıq. Sözün əsl mənasında bizə elmi dərəcəsi olanlardan çox, konkret tədqiqat işi, elmi istiqaməti və tədqiqatları ilə, nəzəri, praktik yenilikləri ilə elmə daha çox töhfə verə bilən alimlər lazımdır.

Təəssüf hissi ilə qeyd edə bilərik ki, ölkəmizdə elm sahəsində çalışan işçilərin və ya elmi dərəcə, və elmi ad daşıyıcıların heç də hamısı ciddi elmlə məşğul olmurlar. Onların bir qismi, ümumiyyətlə, elm sahəsinə ikinci və ya üçünçü iş yeri kimi baxır. Başqa bir qismi də sahib olduğu elmi rütbədən karyera yüksəlişində bir vasitə kimi istifadə etməyə çalışır. Olmazmı, elmlə şəxsi maraqlarını arxa plana keçirməyi bacaran, elmlə nəfəs alan, belə demək mümkünsə, “elmin fanatları” məşğul olsunlar? Bu sahədə kütlə yox, istedadlar olmalıdır.

–  O zaman akademik elmə kütlə psixologiyası ilə yanaşanlardan necə qurtulmaq olar? 

– Bu, dünya təcrübəsində olduğu kimi elmi işçilərin elmmetrik meyarlar əsasında qiymətləndirilməsi ilə mümkündür. Hamıya məlumdur ki, dünyada hər bir alimin elmi fəaliyyəti məhz, elmmetrik meyarlar əsasında qiymətləndirilir. Bu meyarlar içərisində əsas parametrlər də nüfuzlu jurnallarda məqalə çapı, onlara olan ümumi istinad və H-indeks hesab olunur. Təəssüf ki, ölkəmizdə bu elmmetrik göstəriciləri qəbul etməyən, onun mahiyyətini belə doğru-düzgün başa düşməyən kifayət qədər alimə rast gəlinir. Onlar nəinki, özləri üçün “Web of Science”, “Scopus”, hətta “Google Scholar”, “ResearchGate”, “Mendeley.com”, “Academia.edu” və sair kimi akademik profil səhifələrinin yaradılmasına belə maraq göstərmirlər. Həmin insanlarla eyni düşüncəni paylaşanlar da AAK-nın haqlı olaraq fəlsəfə və ya elmlər doktoru dissertasiya işlərinin müdafiəsi üçün “Web of Science”, “Scopus”, hətta “РИНЦ” elmi bazalarına daxil olan jurnallarda çap olunan minimum məqalə tələbini haqsız sayır, gənclərin elmə gəlməsinin qarşısını alan əsas maneə hesab edirlər. Halbuki inkişaf etmiş və ya etməkdə olan istənilən ölkədə nəinki PhD, hətta magistr təhsili alan gənc mütəxəssisin 10-dan çox məqaləsi, o məqalələrə yüzlərlə istinadları olur.

Nüfuzlu xarici jurnalda çap olunmaq, təkcə müəllifin alimliyinin təsdiqi deyil, həm də onun çalışdığı elmi müəssisənin, universitetin və ən əsası da ölkəsinin tanınması, elmi əsərinə istinad isə həm də dünyanın onun təmsil etdiyi ölkəyə istinad göstərməsidir.

 – Bəs, elmdə kəmiyyətdən keyfiyyət dəyişikliklərə keçməsi üçün nələr etmək lazımdır?

– Düşünürəm ki, ilk növbədə universitetlərdə və institutlarda tədqiqat mühütü yaxşılaşmalıdır. Konkret kimya sahəsində elmi tədqiqatların aparılmasında əsas çətinlik müasir laboratoriya avadanlıqları və kimyəvi reaktivlərin operativ şəkildə vaxtında, asan yolla əldə edilməməsi ilə əlaqədardır. Aparılan müşahidələrə görə, lazım olan hər hansı bir elementar reagentin xaricdən sifariş edilib gətirilməsi 6 aydan tez mümkün olmur. Məhz zəruri sifarişlərin gecikdirilməsi aparılan tədqiqatın aktuallığını əhəmiyyətli şəkildə azaldır. Çıxış yolu tədqiqat institutlarına lazım olan kimyəvi cihaz, laboratoriya avadanlıqlarının və reaktivlərin Nazirlər Kabinetinin ƏDV-dən azad olunan mallar siyahısına daxil etməsi və onların idxalı zamanı rəsmiləşdirmə qaydalarının sadələşdirilməsindədir. Əvvəl belə güzəştlər olub.

Sintezlə məşğul olan tədqiqatçıların üzləşdiyi əsas problemlərdən biri də alınan yeni birləşmələrin quruluşunu müfəssəl tədqiq edə bilməmələridir. Problemin həlli üçün mərkəzləşmiş milli laboratoriya yaradılması məqsədəuyğundur. Bu laboratoriya həm tədqiqat məqsədli, həm də kənar qurumlara (sənaye müəsisələri) ödənişli xidmət verə bilər. Bu labortatoriyaların tərkibində həmçinin yeni yaradılan proseslərin modelləşməsi və optimallaşması departamenti mövcud olmalidir.

Artıq yuxarda qeyd etdik ki, dünya elminə inteqrasiya prosesində müşahidə olunan ciddi problemlərdən biri elmi araşdırma mövzularında aktuallıq və müasirliyin az nəzərə alınmasıdır. Odur ki, belə mövzularda əldə olunan nəticələri nüfuzlu xarici jurnallarda dərc etdirmək mümkün olmur, yaxud dərc olunan məqalələrə də istinad edilmir. Təklif odur ki, fundamental tədqqiatlar aparan bütün elmi müəssisələrdə “SciFinder” qlobal axtarış sisteminə mərkəzləşdirilmiş qayda da çıxış əldə edilsin. Bunun vasitəsi ilə tədqiqata başlamadan əvvəl mövzunun yeni və aktual olduğunu aşkara çıxarmaq asan olacaq.

Akademik elmin daha da inkişaf etdirilməsinin əsas yollarından biri qabaqcıl elmi texnologiyaların ölkəyə gətirilməsidir. Bu gün kifayət qədər elmi tədqiqat müəssisələri var ki, onların laboratoriyaları müasir cihaz və avadanlıqlar ilə təchiz olunub, amma həmin avadanlıqlardan dəqiqliyinə və incəliyinə qədər istifadə edə bilən mütəxəssislər az və ya yox dərəcəsindədir. Ona görə də, elmin prioritet istiqamətlərə uyğun olaraq dünyanın aparıcı elmi mərkəzlərinə təcrübəkeçmək üçün gənc mütəxəssislər göndərilməli, onlar qazandığı təcrübəni Azərbaycana qayıdıb tətbiq etməlidirlər. Amma onların əksəriyyəti getdikləri ölkələrin elm mərkəzlərində qalıb işləməyə üstünlük verirlər. Bununla da qazanan tərəf xarici elmi müəssisələr, itirən isə təbii ki biz oluruq.

Nəhayət bütün elmi istiqamətlər üzrə multidissiplinar (fənnlərarası) tədqiqatlar genişləndirilməlidir. Çünki son illər elmdə əldə onunan ən mühüm elmi yeniliklər – kəşf və ixtiralar məhz fənlərarası elmlərin qovşağında əldə edilir. Təkcə bu il fizika, kimya və ya tibb üzrə Nobel mükafatına layiq görülən elmi işlərə nəzər yetirsək görərik ki, onlar ayrı-ayrı elm sahəsinin birgə probleminin həllini özündə ehtifa edir.

Pünhan ƏFƏNDİYEV 

XQ

PAYLAŞ