AMEA akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun
əməkdaşlarının xarici ölkələrə ezamiyyəti haqqında məlumat
(2022-ci il)
İnstitutun icraçı direktoru k.e.d., dos. Əfsun Sucayev 4 – 9 mart 2022-ci il tarixlərdə Türkiyənin Bartin universitetində elmi ezamiyyətdə olmuşdur. 06 mart 2022-ci il tarixdə Bartın Universiteti ilə Aşqarlar Kimyası İnstitutu arasında Əməkdaşlıq Memorandumu və Erasmus proqramı ilə bağlı qurumlararası müqavilə imzalanmışdır. Hər iki sənədə görə tərəflər elm və təhsil sahəsində əməkdaşlıq edəcək, magistratura və doktorantura, post-doktorluq dərəcələri üçün təhsil və təlim fəaliyyətləri ilə birgə məşğul olacaq, nüfuzlu jurnallarda müştərək məqalələrin yayımlanmasına dəstək verəcək və birgə konfrans, seminar, simpoziumlar təşkil və iştirak edəcəklər.
Əfsun Sucayev həmçinin Fən fakültəsinin təşkil etdiyi “Bilim söhbətləri”ndə “Müxtəlif məqsədlər üçün yeni üzvi birləşmələrin sintezi və tətbiq sahələrinin müəyyənləşdirilməsi” mövzusunda təqdimatla çıxış etmişdir.
İnstitutun sabiq doktorantı İbadulla Mahmudovun kimyanın sintez və kataliz sahəsində Avropanın qabaqcıl universitetlərindən biri olan Portuqaliyanın Lissabon Universitetinə 2021-ci ilin sonlarında baş tutan 6 aylıq təcrübəkeçmə ezamiyyəti 2022-ci ilin mart ayında başa çatmışdır. O, təcrübəkeçmə müddətində pirazol və digər aromatik aminlərdən ibarət yeni heterohalqalı birləşmələrin sintezi, onların reaksiyalarının mexanizminin kompüter-eksperimental tədqiqi, fizioloji xassələrininin – antioksidant, enzim-izoenzimlər üzərindəki inhibitor təsirlərinin geniş tədqiqi ilə əlaqədar sistematik araşdırmalar aparmış, mühüm elmi nəticələr əldə etmişdir. İbadulla Mahmudovun orada aparılmış tədqiqatları üzrə elmi rəhbərləri – kimya elmləri doktoru, dosent Əfsun Sucayev və kimya üzrə fəlsəfə doktoru Yusif Abdullayevlə həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu nüfuzlu xarici jurnalda dərc olunub. Arabian journal of Chemistry (İF 6.212) https://doi.org/10.1016/j.arabjc.2021.103645
İnstitutun baş direktoru Vaqif Fərzəliyev və baş texnoloq Elman Zülfüqarov 17–22 oktyabr 2022-ci il tarixlərdə Türkiyənin İstanbul şəhərində elmi ezamiyyətdə olmuş Türkiyənin İstanbul Texnik Universiteti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparılan birgə elmi-tədqiqat işlərini müzakirə etmişlər.
(2021-ci il)
İnstitutun icraçı direktoru, kimya elmləri doktoru, dosent Əfsun Sucayev 26.12.2021 – 05.01.2022-ci il tarixlərdə Türkiyənin Ankara şəhərində yerləşən Orta Doğu Texnik Universitetində elmi ezamiyyətdə olub. Əfsun Sucayevin 27 dekabr 2022-ci il tarixdə sözügedən universitetdə iştirak etdiyi görüşlərdə əldə olunan razılığa əsasən İnstitutun fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantlarının Türkiyənin Orta Doğu Texnik Universitetinin Kimya Bölməsində ortamüddətli təcrübə keçməsi mümkün olacaq.
Səfərin əsas məqsədi Aşqarlar Kimyası İnstitutu ilə Türkiyənin Orta Doğu Texnik Universiteti arasında elmi əlaqələrin genişləndirilməsi – müştərək elmi layihələr, PhD, post-doktor hazırlığı, təcrübə mübadiləsi kimi məsələləri genişi müzakirə etmək idi.
Ə.Sucayev Orta Doğu Texnik Universiteti Kimya bölməsinin rəhbəri, professor Cihangir Tanyeli ilə görüşündə 2022-ci ildə bir doktorantın 3-6 ay müddətində Üzvi kimya laboratoriyasında təcrübə keçməsi razılaşdırılıb. Tərəflər birgə aparılacaq tədqiqatın mövzusunu da müzakirə edərək təsdiqləyiblər. Səfər müddətində universitetin Kimya Bölməsinin ən son cihaz və avadanlıqlarla təchiz olunmuş üzvi və fiziki-kimyəvi analitik kimya laboratoriya otaqları ilə tanış olublar.
İnstitutun doktorantı İbadulla Mahmudov 2021-ci ilin oktyabr ayının 18-də kimyanın sintez və kataliz sahəsində Avropanın qabaqcıl universitetlərindən biri olan Portuqaliyanın Lissabon Universitetində elmi rəhbərlərinin və öz hesabına üç aylıq təcrübə keçəyə göndərilmişdir.
Dünya üzrə yayılan koronovirus pandemiyası ilə əlaqədar olaraq beynəlxalq əməkdaşlıq çərçivəsində İnstitutunun alimlərinin xarici ölkələrin aparıcı elmi mərkəzlərinə digər ezamiyyətiləri olmamışdır.
(2020-ci il)
Dünya üzrə yayılan koronovirus pandemiyası ilə əlaqədar olaraq beynəlxalq əməkdaşlıq çərçivəsində İnstitutunun alimlərinin xarici ölkələrin aparıcı elmi mərkəzlərinə ezamiyyəti olmamışdır.
(2019-cu il)
İnstitutun direktoru akademik Vaqif Fərzəliyev 26–31 may 2019-cu il tarixlərdə Belarus Respublikasının Minsk şəhərində ezamiyyətdə olmuş, orada keçirilən “Xammalın və yanacağın alternativ mənbələri” adlı Beynəlxalq elmi-texniki konfransda təşkilat komitəsinin üzvü və plenar məruzəçi kimi iştirak etmiş, həmçinin Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasınınm rəhbərliyi ilə görüşmüşdür. İnstitutun direktor müavini Elman Zülfüqarov da həmin müddətdə Belarus Respublikasının Minsk şəhərində ezamiyyətdə olmuş və qeyd olunan konfransda iştirak etmişdir.
İnstitutun “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasının müdiri kimya elmləri doktoru, dosent Əfsun Sucayev 09 – 13 sentyabr 2019-cu il tarixlərdə Türkiyənin Ankara şəhərində ezamiyyətdə olmuş, Bartin Universitetində keçirilən “Bioüzvi və biotibbi kimyanın inkişafı” XXI Beynəlxalq konqresdə plenar məruzə ilə çıxış etmişdir.
Akademik Vaqif Fərzəliyev 15-19 oktyabr 2019-cu il tarixlərdə Belarus Respublikasının Minsk şəhərində ezamiyyətdə olmuş, burada Belarus Dövlət Texnoloji Universitetinin Belarus Respublikası Təhsil Nazirliyi ilə birgə Minsk şəhərində keçirdiyi “Kimya texnologiyaları və neft-qaz emalı üzrə” II Beynəlxalq elmi-texniki və investisiya forumunda (НЕФТЕХИМИЯ-2019) və forum çərçivəsində keçirilən Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının “Neft Kimyası” Elmi şurasının iclasında həmin Elmi şuranın üzvü kimi iştirak etmişdir.
İnstitutun “Korroziya inhibitorları” laboratoriyasının elmi işçisi Səbiyə Osmanova və “Transmisiya və sənaye yağlarına aşqar və aşqar kompozisiyaları” laboratoriyasının kiçik elni işçisi Günay İsmayılova 30.10.2019 – 03.11.2019-cu il tarixlərdə Türkliyənin Antalya şəhərində ezamiyyətdə olmuş, burada keçirilən “II Beynəlxalq ekoloji kimya” (”2nd İnternational Environmental Chemistru”) konfransında iştirak etmiş və məruzə ilə çıxış etmişlər.
İnstitutun “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasının müdiri kimya elmləri doktoru, dosent Əfsun Sucayev 04 – 09 noyabr 2019-cu il tarixlərdə Belarus Respublikasının Qrodno şəhərində yerləşən Bioaktiv Maddələrin Biokimyası İnstitutunda ezamiyyətdə olmuş, bu İnstitutla birgə həyata keçirilən beynəlxalq layihə çərçivəsində yerinə yetirilən elmi tədqiqatların nəticələri ilə tanış olmuş, gələcək əməkdaşlıq məsələlərini müzakirə etmişdir.
(2018-ci il)
İnstitutun direktoru akademik Vaqif Fərzəliyev İvan Cavanxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Georgi Şarvaşidzenin dəvəti ilə 06-10 fevral 2018-ci il tarixlərdə Gürcüstan Respublikasının Tbilisi şəhərində ezamiyyətdə olmuş, burada Tbilisi Dövlət Universitetinin UNESCO tərəfindən keçirilən 100 illik yubileyi tədbirlərində iştirak etmişdir. Bu tədbirlər çərçivəsində onun Gürcüstanın prezidenti Georgi Marqvelaşvili, baş nazir Giorgi Kvirikaşvili, təhsil naziri Mixeil Çxenkeli və Tbilisi Dövlət Universitetinin rektoru Georgi Şarvaşidze ilə görüşləri olmuşdur. Akademik Vaqif Fərzəliyev bu görüşlərdə 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun (BSB) ümumdünya sərgisinə (Ekspo 2025) ev sahibliyi üçün Bakı şəhərinin namizədliyinin dəstəklənməsini əsaslandıran məlumatları onların nəzərinə çatdırmışdır.
Institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ə.Sucayev 24-31 mart 2018-ci il tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində Türk Bilimlər Akademiyasında və Ərzurum şəhərində Atatürk Universitetində ezamiyətdə olmuş, müştərək beynəlxalq tədqiqatlar çərçivəsində son bir ildə Aşqarlar Kimyası İnstitutunda aparılan tədqiqatlar, əldə olunan nəticələr, eləcə də gələcək perspektiv planları həmkarları ilə müzakirə etmişdir.
İnstitutun laboratoriya müdiri k.ü.e.d. Həqiqət Cavadova, baş elmi işçi tex.ü.e.d. Elmira Nağıyeva və aparıcı elmi işçi k.ü.f.d. Yulduz Ramazanova bu ilin 30 sentyabr – 5 oktyabr tarixlərində Belarusiya Respublikasının Minsk şəhərində elmi ezamiyyətdə olmuş və 02-04 oktyabr tarixlərində orada keçirilən «Химические реактивы, реагенты и процессы малотоннажной химии» (Реактив-2018) XXXI Beynəlxalq elmi-texniki konfransında iştirak etmiş və məruzə ilə çıxış etmişlər. Konfransda iştiraklarına görə sertifikatla və I dərəcəli diplomla təltif olunmuşlar.
İnstitutun direktoru akademik Vaqif Fərzliyev və ümumi işlər üzrə direktor müavini Elman Zülfüqarov institutun Türkiyə Respublikasının Ege Universiteti Fən fakültəsinin Kimya Bölümü ilə əməkdaşlığı çərçivəsində birgə elmi tədqiqatları müzakirə etmək məqsədi ilə sentyabr ayının 24-dən oktyabr ayının 5-dək Türkiyə Respublikasının İzmir şəhərində ezamiyyətdə olmuş, Kimya Bölümünün üzvi kimya laboratoriyası ilə Aşqarlar Kimyası İnstitutunun fizioloji fəal maddələrin sintezi və tədqiqi istiqamətində əməkdaşlığı çərçivəsində son ildə əldə edilən nəticələri müzakirə etmiş və perspektivdə aparılacaq tədqiqatları planlaşdırmışlar.
İnstitutda “Sabahın alimləri” VII Respublika müsabiqəsi çərçivəsində 2 məktəbli – Nizami rayonu 251 saylı orta məktəbin 2 nəfər 10-cu sinif şagirdi Gənc Alim və Mütəxəssislər Şurasının sədri dosent Əfsun Sucayevin rəhbərliyi ilə elmi layihə hazırlayıb yerinə yetirmişdir. Dosent Əfsun Sucayev bu məktəblilərdən Cavad Cəbrayılovla birlikdə 04-10 iyun 2018-ci il tarixlərdə Türkiyənin İzmir şəhərində ezamiyyətdə olmuş, Cavad Cəbrayılov burada keçirilən “OKSEF-2018” beynəlxalq müsabiqənin final mərhələsinə seçilərək 38 xarici ölkədən 450 iştirakçının qatıldığı bu layihə olimpiyadasında ölkəmizə bürünc medal qazandırmışdır.
(2017-ci il)
İnstitutda gənc tədqiqatçıların xarici ölkələrin aparıcı elmi mərkəzlərinə ezam olunması sahəsində 2017-ci il may ayının birinci ongünlüyündə Almaniyanın Justus Liebig Giessen Universitetində “Ətraf mühitə kənd təsərrüfatının təsirinin qiymətləndirilməsi metodları” mövzusunda təşkil olunmuş yay məktəbinə (“DAAD Summer Scool-2017”) İnstitutun 2 gənc mütəxəssisi – mühəndis Hüseynəli Əlili və böyük laborant Günay Əlişanbəyli qatılmışlar. Almaniya Mübadilə Proqramı çərçivəsində maliyyələşdirilən kursda iştirakçılara mövzuya uyğun tədqiqatlarla məşğul olan elm mərkəzlərinin aparıcı professorları mühazirə oxumuşdurlar. Eyni zamanda nəzəri biliklərin praktikada tətbiqi üçün kurs iştirakçıları ayrı-ayrı institutlarda təcrübə keçmişlər. Kursun sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Həmçinin 01-06 mart 2017-ci il tarixlərində AKİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayev “Beynəlxalq laboratoriya” yaradılması məsələsini müzakirə etmək üçün Türkiyənin Ankara şəhərində Orta Doğu Texnik Universitetində, həmçinin müştərək tədqiqatların davam etdirilməsi üçün Atatürk Universitetində olmuşdur.
İnstitutun direktoru akademik Vaqif Fərzəliyev 28 may – 03 iyun tarixində Belarus Respublikasının Minsk şəhərində olmuş, orada keçirilən “Xammalın və yanacağın alternativ mənbələri” adlı VI Beynəlxalq elmi-texniki konfransda təşkilat komitəsinin üzvü kimi iştirak etmiş və plenar məruzə ilə çıxış etmişdir.
İnstitutun elmi işlər üzrə direktor müavini kimya üzrə elmlər doktoru, professor Mirzə Mövsümzadə 17–23 iyun tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində olmuş, M.Qubkin adına Neft və Qaz Rusiya Dövlət Universitetinin “Fiziki və kolloid kimya” kafedrasının təşəbbüsü ilə keçirilən “Alkilfenolyat aşqarların alınması, istifadəsi və sınaq üsulları” adlı seminarda iştirak etmişdir.
İnstitutun direktoru akademik Vaqif Fərzəliyev və direktor müavini Elman Zülfüqarov 27 noyabr – 03 dekabr 2017-ci il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində ezamiyyətdə olmuş, İstanbul Texniki Universitetinin Kimya Bölməsi ilə əməkdaşlıq çərçivəsində görüləcək elmi-tədqiqat işlərini müzakirə etmişlər.
(2016-ci il)
13-15 aprel 2016-cı il tarixlərində fəlsəfə doktorluğu hazırlığı üzrə doktorant Xədicə Məmmədyarova Minsk şəhərində ezamiyyətdə olmuş və “Müstəqil Dövlətlər Birliyi üçün 100 ideya” adlı Beynəlxalq Gənclər Layihəsinin yekunlarına əsasən ən yaxşı işlərin sərgi-təqdimatında iştirak etmişdir.
İnstitutun gənc mütəxəssisi, 4 №li laboratoriyanın elmi işçisi Səbiyə Osmanova 22 may – 04 iyun 2016-cı il tarixlərində Almaniyanın Justus Liebig Giessen Universitetində “Ətraf mühitə kənd təsərrüfatının təsirinin qiymətləndirilməsi metodları” mövzusunda təşkil olunmuş yay məktəbinə (“DAAD Summer School-2016”) ezam olunmuşdur. Almaniya Mübadilə Proqramı çərçivəsində maliyyələşdirilən kursda iştirakçılara mövzuya uyğun tədqiqatlarla məşğul olan elm mərkəzlərinin aparıcı professorları mühazirə oxumuşlar. Eyni zamanda nəzəri biliklərin praktikada tətbiqi üçün kurs iştirakçıları ayrı-ayrı institutlarda təcrübə keçmişlər. Kursun sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
27 iyun – 01 iyul 2016-cı il tarixlərində Səbiyə Osmanova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ezamiyyətdə olmuş və burada keçirilən üzvi kimya üzrə “OргХим-2016” konfransında iştirak etmişdir.
18-21 iyul 2016-cı il tarixlərində institutun doktorantı Xədicə Məmmədyarova Yunanıstanın Afina şəhərində ezamiyyətdə olmuş və Afina Təhsil və Elmi-Tədqiqat İnstitutunda keçirilmiş “IV illik Beynəlxalq kimya konfransı”nda iştirak etmişdir.
İnstitutun direktoru akademik Vaqif Fərzəliyev və direktor müavini Elman Zülfüqarov 14–19 noyabr 2016-cı il tarixlərində Rusiyanın Moskva şəhərində ezamiyyətdə olmuş, Rusiya Federasiyasının Moskva Şəhərində RPİ şirkətinin təşkilatçılığı ilə keçirilmiş “Sürtkü yağılarının istehsalı və bazarı-2016” XII beynəlxalq konfransda iştirak etmişlər. Akademik Vaqif Fərzəliyev konfransda Azərbaycanda sürtkü yağlarının istehsalının vəziyyəti haqqında məruzə ilə çıxış etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin (EİF/GAM-3-2014-6(21)) qalibi olmuş layihəsi (EİF/GAM-3-2014-6(21)-24/08/4-M-17) çərçivəsində gənc mütəxəsisimiz, 10 №li laboratoriyanın kiçik elmi işçisi, fəlsəfə doktorluğu hazırlığı üzrə doktorant Mənsurə Hüseynova 21-28 noyabr 2016-cı il tarixlərində Türkiyənin kimya və kimya mühəndisliyi sahəsində aparıcı elm mərkəzi olan Orta Doğu Universitetində aparılan elmi tədqiqatlarla bağlı qabaqcıl təcrübəni mənimsəmək və öz elmi işlərində tətbiq etmək məqsədilə bu universitetin Kimya Bölümündə təcrübəkeçmə ezamiyətində olmuşdur.
İnstitutun direktoru akademik Vaqif Fərzəliyev və direktor müavini Elman Zülfiqarov 2016-cı il dekabrın 4-dən 11-dək Türkiyənin İzmir şəhərində ezamiyyətdə olmuş, “Fizioloji fəal üzvi birləşmələrin sintezi və tədqiqi” multidisseplinar elmi-tədqiqat proqramı ilə əlaqədar Aşqarlar Kimyası İnstitutu ilə Türkiyənin İzmir şəhərində yerləşən Ege Universiteti arasında elmi əlaqələri müzakirə etmişlər. Ezamiyyət dövründə həmçinin Egey Universitetinin Elm fakültəsinin Kimya bölməsi ilə tanışlıq və bir sıra görüşlər keçirilmiş, institutun fəaliyyət istiqamətləri barədə məlumat alınmış, hər iki tərəfi maraqlandıran elmi istiqamətlər üzrə müzakirələr aparılmış və əməkdaşlığa dair memorandumun imzalanması haqqında razılıq əldə olunmuşdur.
(2015-ci il)
İnstitutun direktoru akademik Vaqif Fərzəliyev və elmi işlər üzrə direktor müavini kimya üzrə elmlər doktoru, professor Mirzə Mövsümzadə 2015-ci il 24-31 may tarixlərdə Belarus Respublikasının Minsk şəhərində ezamiyyətdə olmuş, Minsk şəhərində keçirilən “Xammalın və yanacağın alternativ mənbələri” V Beynəlxalq elmi-texniki konfransında akademik V.Fərzəliyev təşkilat komitəsinin üzvü və plenar məruzəçi, professor M.Mövsümzadə plenar məruzəçi kimi iştirak etmişlər.
İnstitutun gənc alimləri kimya üzrə fəlsəfə doktorları Əfsun Sucayev və Emin Qəribov 25-29 iyul 2015-ci il tarixlərində Türkiyədə İstanbul Texnik Universitetində elmi ezamiyyətdə olublar. Bu ezamiyyətdə də məqsəd Türkiyənin kimya və kimya mühəndisliyi sahəsində aparıcı elm mərkəzi olan bu İnstitutun elm və texnologiya sahəsində müştərək tədqiqatlar aparmaqdan ibarət idi. Bu müddətdə gənc tədqiqatçılar Universitetin ümumi, fiziki və üzvi kimya laboratoriyalarında müasir cihazlarla və ən son üzvi sintez və analiz üsulları ilə tanış olmuşlar.
29 iyul – 02 avqust 2015-ci il tarixlərində isə Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetində elmi ezamiyyət davam etdirilmişdir. Bu müddətdə gənc tədqiqatçılar Universitetin Fen fakültəsi Kimya bölümünə aid bioloji kimya, üzvi kimya laboratoriyalarında müasir cihazlarla və ən son üzvi sintez və analiz üsulları ilə tanış olmuş, xüsusən, bioloji kimya fundamental tədqiqat sahəsi üzrə aparılan elmi araşdırmaları yaxından izləmişlər. Sonrakı mərhələdə ortaq elmi layihələr həyata keçirmək ətrafında fikir mübadiləsi aparılıb. Əldə olunan qarşılıqlı razılıq əsasında Aşqarlar Kimyası İnstitutunun “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasında sintez olunan fizioloji fəal maddələr Atatürk Universitetinə göndərilir. Orada həmin maddələrin fərqli metodlarla antioksidant, eyni zamanda karbonik anhidraz I ve II izoenzimləri üzərində inhibitor xassələri öyrənilir.
AMEA RH-nin 05 sentyabr 2014-cü il 195 saylı sərəncamına əsasən elmi-tədqiqat işinə dair ixtisasartırma təhsilini almaq məqsədilə Almaniyanın Giessen Universitetinə göndərilmiş institutun “Mühafizəedici aşqarlar” laboratoriyasının elmi işçisi, kimya üzrə elmlər doktoru hazırlığından doktorant, kimya üzrə fəlsəfə doktoru Babayev Elbəy Rasim oğlunun elmi ezamiyyəti davam edir.
İnstitutun direktoru akademik Vaqif Fərzəliyev 27 sentyabr – 02 oktyabr 2015-ci il tarixlərdə Rusiya Federasiyasının Novosibirsk şəhərində ezamiyyətdə olmuş, Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Novosibirsk Üzvi Kimya İnstitutu bazasında keçirilən “Kimyəvi reaktivlər, reagentlər və aztonnajlı kimya prosesləri” (Reaktiv-2015) XXIX elmi-texniki konfransında plenar məruzəçi kimi çıxış etmişdir.
İnstitutun direktoru akademik Vaqif Fərzəliyev və ümumi işlər üzrə direktor müavini Elman Zülfüqarov Türkiyə Respublikasının Orta Doğu Texnik Universitetinin Kimya bölümü ilə 21.10.2015-ci il tarixində imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində 2016-cı ildə birgə görüləcək elmi-tədqiqat işlərini müzakirə etmək məqsədilə 05-12 dekabr 2015-ci il tarixlərində Türkiyənin Ankara şəhərində elmi ezamiyyətdə olmuşlar.