Elmi tədqiqat institutların, universitetlərin və alimlərin ilk dəfə milli elmi reytinq siyahısı açıqlanıb

223

Aşqarlar Kimyasi İnstitutu milli H-indeksi 17 olmaqla “Yüksək elmi potensial” statusuna layiq görülüb

 

2023-cü ilin ikinci rübünün elmi nəticələrinə əsasən ölkə üzrə fəaliyyət göstərən universitet və elmi tədqiqat institutlarının beynəlxalq səviyyədə reytinq sıralanması “Azeri National H-index Ranking-2023” açıqlanıb (https://az.h-index.com/az/wos). Reytinq siyahılarının formalaşması üçün 20 mindən çox alim və mütəxəssislərin profili və 150 minə yaxın elmi nəşr təhlil edilmişdir. Nəticə etibarilə “Web of Science”, “Scopus” və “Google Scholar” göstəriciləri əsaında hesablanmış Hirş indeksə (H-index) görə Azərbaycanda lider elmi təşkilatların reytinq siyahısı müəyyən edilib. Bundan əlavə, ölkənin ən yaxşı 1000 elmi işçisinin ayrıca reytinq göstəriciləri “Scopus” və “Google Scholar”dakı Hirş indeksinə əsasən dərc edilmişdir.

Məlumatda qeyd edilir ki, ümumi olaraq, Azərbaycanın 83 elmi təşkilatının və universitetin elmi fəaliyyəti analiz edilib, bunlardan 10-u “Elmi potensial liderlər” statusunu, 20-dən çoxu isə “Yüksək elmi potensial” statusuna daxil ediliblər. Digər tədqiqat müəssisələri “Reytinq üzvləri” adlandırılıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu milli H-indeksi (National H-index) 17 olmaqla reytinq siyahısında 18-ci yerdə qərarlaşıb. Elmi müəssisənin H-indeksi “Web of Science” və “Google Scholar” üzrə 21, “Scopus” üzrə isə 20-yə bərabərdir.

Qeyd edək ki, retinq siyahısında ilk 3 yeri Azərbaycan Milli Elmlər Akademiyası, Fizika İnstitutu və Bakı Dövlət Universiteti bölüşür.

Bundan başqa H-indeksi göstəricilərinə (“Google Scholar” və “Scopus” H-indeksləri) əsaslanaraq Azərbaycanda elmi məhsuldarlığın liderləri,  eyni zamanda hər bir elmi təşkilatda ən məhsuldar 1000 araşdırıcı müəyyən edilib. Aşqarlar Kimyası İnstitutunun Baş direktoru akademik Vaqif Fərzəliyev və icraçı direktor kimya elmləri doktoru Əfsun Sucayev ən məhsuldar 100 alimin reytinq siyahısına daxil olublar.

Məlumat üçün bildirək ki, “Azeri National H-index Ranking” Azərbaycanda araşdırıcılara vacib bir alət hesab olunur, onlara elmi məhsuldarlıqlarını və dünya elmi arenasındakı təsirlərini qiymətləndirmək və elmi fəaliyyətlərini daha səmərəli şəkildə inkişaf etdirmək üçün ən effektiv strategiyaları müəyyənləşdirməyə kömək məqsədi daşıyır.

“Azeri National H-index Ranking-2023”-ün əsas məqsədlərindən biri də Azərbaycan araşdırmaçıların və institutlarının dünya miqyasında təbliğini və tanınmasını genişləndirmək, beynəlxalq əməkdaşlıqlara və tərəfdaşlıqlara cəlb etməkdir. Bununla da Azərbaycanın elmi məhsuldarlığının və beynəlxalq sahədəki təsiri artırılması mümkün olacaq. O cümlədən reytinq Azərbaycanda elmi fəaliyyətin inkişafı və təbliğatı üçün vacib bir vasitə olacaq və ölkənin elmi və innovasiya üzrə regional mərkəzlərindən biri ola biləcək.

 

PAYLAŞ