Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini heç bir respublika etməyib

184

AZƏRBAYCAN NEFTİ VƏ ALİMLƏRİNİN ELMİ KƏŞFİ OLMASAYDI, BÖYÜK QƏLƏBƏ DƏ ƏLDƏ EDİLMƏYƏCƏKDİ

1941-45-ci il İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü tamam olur. Bu qalibiyyətin qazanılmasında ölkəmizin xüsusi payı olduğu üçün həmin qələbəni qeyd etməyə daha çox haqqımız vardır. Bu nöqteyi-nəzərdən bu günlərdə dövlət başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1 500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım verilməsi sözügedən qələbənin qazanılmasında böyük əməyi olan müharibə iştirakçıları və onların ailə üzvlərinin timsalında ölkə, xalq, dövlət olaraq bizim üçün həmin qələbənin əhəmiyyətinə göstərilən diqqətin ən bariz nümunəsidir.

Sözün əsl mənasında Böyük Qələbəyə birinci növbədə Bakı neftinin töhfəsi, özü də əvəzsiz olub. Açıq ensiklopediya məlumatlarında belə qeyd olunur ki, SSRİ-Alman müharibəsi Azərbaycandan uzaq şimal-qərb regionlarında başlansa da, Hitler neftlə zəngin olan Bakını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi. Təsəvvür edin ki, 1941-ci ildə Azərbaycanda 23,5 milyon ton neft çıxarılıb ki, bu da Azərbaycan demirəm, bütün Sovet İttifaqında hasil olunan neftin 71,4 faizini təşkil edib. Belə yüksək hasilat sübuta ehtiyacı olmayan aksiomadır ki, keçmiş SSRİ-nin İkinci Dünya Müharibəsindəki qələbəsini təmin edə bilib.

Tarixçi alimlər fikrimiz təsdiq edər ki, 1942-ci ilin iyulun 23-də Hitler Qafqazla bağlı “Edelveys” kod adı altında strateji bir əməliyyatın həyata keçirilməsinə dair 45 nömrəli direktiv imzalayıb. Həmin planda açıq vurğulanıb ki, Qafqazın əsas neft rayonları (Bakı, Maykop, Qroznı) zəbt olunduqdan sonra vermaxtı həmin ərazilərin nefti hesabına şiddətli ehtiyac duyduğu yanacaq təchiz edəcəkdi. Beləliklə, almanların son dərəcə strateji məqsədlərini hədəfləyən “Edelveys” planına görə, Bakı 25 sentyabr 1942-ci ildə işğal olunmalı idi. Hətta alman hərbi komandanlığı sovet orqanlarının neft mədənlərini sıradan çıxarmağa macal tapmaması üçün Bakıya gözlənilmədən, qəfil desant ordusu çıxarmağı planlaşdırıb.

Faşistlərin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi onların ciddiyətindən xəbər verir və təkcə bu fakta görə, müharibənin gedişində Bakı neftinin əhəmiyyətini və rolunu daha da artırır və onu ön plana çəkir. Təsəvvür edin, müharibə dövründə Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80, sürtgü yağlarının 90 faizini Azərbaycan təmin edib. 1943-cü ildə isə texnika, texnologiyanın təşəkkül tapmadığı bir vaxtda dəniz seysmik kəşfiyyat üsulu hazırlanıb, seysmik məlumatdan və tətbiqi tədqiqatların nəticələrindən istifadə olunub. 

Məsələ ondan ibarətdir ki, İkinci Dünya müharibəsinin taleyinin həll olunmasında təkcə Bakı nefti rol oynamayıb. Azərbaycan alimləri olan akademik Yusif Məmmədəliyev və onun tələbələrinin misilsiz əməyi, hər nəyə desən dəyər. O dövrdə SSRİ-nin yüksək oktanlı benzinə böyük ehtiyacı vardı. Bu cür benzin hava döyüşlərində üstünlük əldə etmək üçün vacib amil idi. Belə ki, yüksək benzin təyyarənin sürətini artırır, göyə qalxma müddətini azaldırdı. Kimyaçı alimimiz Yusif Məmmədəliyevin elmi tədqiqatları sayəsində qısa müddətdə belə yüksək oktanlı benzin alındı. O, benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu işləyib hazırladı, aviasiyanın yüksək oktanlı yanacaqla təmin edilməsinə nail oldu. Məhz, bunun sayəsində idi ki, 1943-cü ilin qışından II dünya müharibəsinin sonunadək İL-2 və La-5 sovet qırıcı təyyarələri havada üstünlüyü ələ keçirə biliblər. Bununla əlaqədar olaraq «Vışka» qəzeti yazırmış ki, sovet aviasiyasının məşhur qəhrəmanı Pokrışkindən, general Dzusovun igid təyyarələrindən və ya general Osipenkonun qırıcılarından soruşun, havada ağalıq etməkdə sizə kim kömək etdi? Yakovlev, Mikulin və Məmmədəliyev – onlar bir iş gördülər: sovet təyyarəçilərinə hamıdan yüksəkdə, hamıdan uzağa uçmaqda kömək etdilər.

Alman faşistlərinin qorxulu yuxusuna çevrilən “Molotov kokteyli” də məhz akademik Yusif Məmmədəliyev və onun tələbəsi Əli Quliyevin elmi fəaliyyətlərinin nəticəsi idi. 

Üstəgəl, İkinci Dünya müharibəsi illərində Azərbaycandan cəbhəyə 700 minə yaxın döyüşçü göndərilib ki, onların da 350 mindən çoxu həlak olub və itkin düşüb. Müharibədə Azərbaycanın qəhrəman övladları çoxsaylı igidliklər göstərib və adlarını hərb tarixinə müharibə qəhrəmanları kimi yazdırıblar.

Amma nə neftinə görə Bakını “Qəhrəman şəhər” adlandıran, nə də elmi kəşflərinin tətbiqinə görə Azərbaycan akademiki Yusif Məmmədəliyevi Nobel mükafatı ilə təltif edən oldu. 

Heç Azərbaycan əsgərlərinin qəhrəmanlığı, fədakarlığı, eləcə də İkinci Dünya Müharibəsində Sovet İttifaqının qələbəsini təmin etmiş Azərbaycan Bakı neftçilərinin ölçüyə gəlməz zəhməti, Azərbaycan əhalisinin arxa cəbhədəki rolu, “hər şey ordu və vətən üçün” devizi altında çalışmaları layiqincə qiymətləndirilmədi. SSRİ-nin müharibədə qələbəsini təmin edən Bakıdan xeyli dərəcədə az xidmətləri olmuş şəhərlərə “Qəhrəman şəhər”, “Hərb şöhrətli şəhər” adları verildi. Belə fəxri adın Bakıya verilməməsi Bakının İkinci Dünya Müharibəsində xidmətlərinin üstündən xətt çəkməyə bərabər idi. Baxmayaraq ki, faşizmi üzərində qələbəmizdən 78 il müddət keçsə də, özünü əsas qələbə müəllifi kimi təqdim edən Kreml rəhbərliyi tərəfindən bəzi şəhərlərə 1941-1945-ci il İkinci Dünya müharibəsində qələbəyə görə müəyyən xidmətləri olmuş şəhərlərə müxtəlif fəxri adlar verilir. Ölçüyə gəlməz dərəcədə xidməti olmuş və qələbənin yanacağı adlanan Bakıya heç bir fəxri ad verilməyib. 

Düzdür, sovet rəsmiləri, rəhbər şəxsləri Azərbaycanın İkinci Dünya müharibəsində başqa respublikalarla müqayisəyəgəlməz rolunu sözdə qiymətləndirirlər. Məsələn, sovet dövlət xadimi, “Lenin” mükafatı laureatı, texnika elmləri doktoru, SSRİ Dövlət Mükafatları Laureatı, SSRİ-nin fəxri neftçisi Nikolay Baybakov deyib ki, faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini heç bir respublika etməyib. 

Marşal Konstantin Rokossovski isə qeyd edib ki, hər bir təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı vardır.

Ancaq fakt faktlığında qalır. Əgər belə olmasaydı, sonrakı dönəmlərdə Azərbaycanda neft sektorunda istər istehsal, istərsə də emal müəssisələrinin yaradılmasında SSRİ rəhbərliyi tərəfindən ittifaq respublikaları arasında məqsədli şəkildə yol verilməzdi. Başqa sözlə, sovet rəhbərliyi bütün sahələrdə olduğu kimi neft sektoru üzrə də Azərbaycanla digər respublikalar arasında fərqli münasibət sərgiləyirdi. O zaman bu sektorun istehsal fəaliyyətinə respublikanın ciddi müdaxilə edə bilməməsi məqsədilə zavodlar birbaşa ittifaq nazirliklərinə tabe etdirilmişdi. Nəticə etibarilə respublikanın neft sənayesi və onun inkişafı məsələləri ümumittifaq mənafeyinə tabe edildiyindən verilən qərarlar çox zaman Azərbaycanın maraqlarının tamamilə əleyhinə olurdu. 

Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun qətiyyəti və iradəsi sayəsində Azərbaycanın neft sənayesinin yenidən qurulmasında, müasirləşdirilməsində əsaslı dönüş mərhələsi başlandı. O, haqlı olaraq sovet rəhbərliyi qarşısında sual qoyurdu ki, Böyük Vətən Müharibəsi adlandırdığınız II Dünya müharibəsininin taleyini həll edən 3 faktordan biri Azərbaycan nefti və akademik Yusif Məmmədəliyevin elmi ixtiraları ilə bağlıdırsa, niyə bu respublikaya qarşı ayrı-seçkiliyə yol verilməlidir?

Yuxarıda qeyd edilənləri ümumiləşdirərək, Azərbaycan nefti və Azərbaycan alimlərinin böyük elmi nailiyyəti olmasaydı nə baş verərdi, sualına cavab verməyə çalışsaq cavab birdir: yurudumuz viran olacaqdı, insanlarımız əsir olacaqdı, sürgün ediləcəkdi, ən əsası da ölkəmiz gələcəkdə ittifaq respublikası kimi dünyada mövcud olmaq şansını belə itirəcəkdi. Ona görə də bu qələbəni bizə qazandıranlardan dünyasını dəyişənlərin ruhu şad, məkanları cənnət, sağ qalanların canları sağlam olsun!!!

Əfsun Sucayev
YAP İdarə Heyətinin üzvü,
Aşqarlar Kimyasi İnstitutunun
İcraçı direktoru, kimya elmləri doktoru

PAYLAŞ