Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

51

Oktyabrın 7-də İsveçdə 123-cü Nobel həftəsi başlayıb. Nobel həftəsi Kral İnstitutunda fiziologiya və təbabət sahəsində Nobel mükafatı laureatı adının elan edilməsi ilə açıldığı üçün ilk olaraq İsveç Karolinsk İnstitutu 2024-cü il üzrə fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb.

2024-cü il üçün fiziologiya və tibb üzrə Nobel mükafatına “mikroRNT-nin kəşfinə və onun transkripsiyadan sonrakı gen tənzimlənməsindəki roluna görə” Massaçusets Tibb Məktəbi Universitetinin professoru Viktor Ambros və Massaçusets Baş Hospitalının, Harvard Tibb Məktəbinin tədqiqatçısı Qari Ruvkun layiq görülüblər.

Yaxın günlərdə digər sahələr üzrə ən məşhur beş nominasiya, yəni fiziologiya və təbabət, fizika, kimya, ədəbiyyat və sülh mükafatı üzrə laureatların adları açıqlanacaqdır. Nobel həftəsinin keçirilməsində məqsəd gənc nəsli həvəsləndirmək və onların elmə, ədəbiyyata və insan hüquqlarına marağını artırmaqdır.

Qeyd edək ki, Nobel mükafatı dinamitin ixtiraçısı kimi tanınan İsveçli alim Alfred Nobel’in (1833-1896) vəsiyyəti əsasında təsis edilmiş və 1901-ci ildən təqdim edilməyə başlanılmışdır. Nobel mükafatı laureatlarının təltif olunma mərasimləri hər il dekabrın 10-da, Alfred Nobelin ölümünün ildönümündə Stokholmda keçirilir.

PAYLAŞ