Gənc alimlər 251№-li tam orta məktəbdə “Elm Günü” ilə əlaqədar “Kimya fənn gecəsi” keçiriblər

1520

Bu gün AMEA Gənc Alim və Mütəxəssislər Şurası AMEA Aşqarlar Kimyası İnstitutunun gənc alimləri ilə birlikdə Bakı şəhəri Nizami rayonu 251№-li tam orta məktəbdə “27 mart Elmi Günü”nə həsr olunan “Kimya fənn gecəsi” təşkil edib.

Tədbiri giriş sözü ilə açıq elan edən məktəbin direktoru Aygün Əzizova qonaqları salamlayıb və tədbir təşkilatçılarının “Elm Günü”nü onun məktəbliləri ilə bir yerdə qeyd etmələrini yüksək qiymətləndirmiş belə maraqlı tədbirlərin istedadlı şagirdlərin elmə marağının yaradılmasına böyük təsir göstərəcəyini vurğuladı.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov ölkə rəhbərinin 27 mart Elm Günü elan olunması haqqında verdiyi sərəncamın əhəmiyyəti, bununla əlaqədar Akademiya rəhbərliyinin təsdiq etdiyi Tədbirlər Planına uyğun yerinə yetirilən silsilə tədbirlər haqqında geniş məlumat verdi. O, Aşqarlar Kimyası İnstitutu gənc alimləri ilə birgə təşkil olunan bu tədbirin “Elm Günü”nə fərqli və böyük töhvə olduğunu vurğuladı.

Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri, kimya üzrə fəlsəfə doktoru zərif üzvi kimya və tibb kimyasının aktual probleminə həsr olunan “Ozümüzü qorxulu xəstəliklərdən necə qoruyaq?” adlı məktəblilərin asan qavrayacağı elmi-populyar təqdimatla çıxış etdi, şagirdlərin suallarını cavablandırdı.

Tədbir çərçivəsində şagirdlərin elementar kimya bilikləri qiymətləndirmək üçün onlar arasında “Kimyanı məntiqlə düşün” adlı müsabiqə keçirildi.

Sonra AMEA Aşqarlar Kimyası İnstitutunun gənc magistrləri şagirdlərin iştirakı ilə bir neçə maraqlı kimyəvi əyləncəli-öyrədici təcrüblər nümayiş etdirdilər.

Tədbirin sonunda müsabiqə qalibləri və elmi müzakirələrdə fəallığı ilə seçilən məktəblilərə diplom və təşəkkürnamələr təqdim olundu.

 

PAYLAŞ