Gəncə Dövlət Universitetində Kimya-biologiya fakültəsinin professor, müəllim və tələbələri üçün Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, professor Əfsun Sucayev “Canlı orqanizmlərin patoloji proseslərinə qarşı yaradılan yeni nəsil enzim-izoenzim inhibitorları” mövzusunda ustad dərsi keçib.
Tədbirdə ilk öncə Kimya-Biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev qonağı salamlayıb və bu cür ustad dərsin keçirilməsinin fakültənin professor, müəllim və tələbələri üçün vacibliyini vurğulayıb. İsfəndiyar Alverdiyev qeyd edib ki, keçirilən ustad dərsi müasir təbabətin aktual problemləri və onların həlli yolları istiqamətində son 10 ildə beynəlxalq səviyyədə aparılan müştərək beynəlxalq və əldə olunan mühüm nəticələrə həsr olunub. Bu mövzuda ustad dərsi keçirilməsində əsas məqsəd Gəncə Dövlət universitetinin professor müəllim heyətini məlumatlandırmaq, sabahın alimi olacaq bu günün tələbələrinə akademik tədqiqat vərdişlərini aşılamaq, yaxın gələcəkdə Gəncə Dövlət universitetinin aparıcı alimlərinin bu tədqiqat qruplarına cəlb olunmasını təmin etməkdir.
Professor Əfsun Sucayev çıxışında bildirib ki, əgər google axtarış sistemində “Canlı orqanizmlərin patoloji proseslərinə qarşı yaradılan yeni nəsil enzim-izoenzim inhibitorları” mövzusu axtarışa verilsə, hər beş məqalədən biri bu elmi istiqamətdə aparılan tədqiqatların nəticələrinə həsr olunub. Tədqiqat obyekti olaraq müxtəlif enzimlər və onların izoformaları götürülmüş, onların üzərində inhibitor fəallıqlar öyrənilibdir.
Əfsun Sucayev diqqətə çatdırıb ki, dərman potensialına malik inhibitorları zərif üzvi sintezdə mühüm əhəmiyyət kəsb edən birmərhələli üç komponentli reaksiyalarla alınmış, sonra onların ayrı-ayrı patoloji proseslərə qarşı inhibitor fəallıqları in vitro, in vivo çalışmalarla incələnibdir. Çoxsaylı tədqiqatlar nəticəsində məlum olubdur ki, bu inhibitorların ayrı ayrı sinif nümayəndələri qlobal xarakter alan bir çox xəstəliklərə qarşı potensial dərman maddələri təsirinə malik, effektivlikləri standart dərmanlarlarla müqayisədə 2-4 dəfə üstündür. Onların tərkibində mövcud farmakofor qruplar gələcəkdə bu inhibitorların xəstəliklərin mualicəsində tətbiqini şərtləndirir.