“Oukitel” şirkəti infraqırmızı gecəgörmə kamerası ilə təchiz edilən “Oukitel WP7” adlı dünyanın ilk smartfonunu təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, infraqırmızı gecəgörmə kamerası qaranlıqda fotoşəkillər və video çəkməyə imkan verir. Əsas təsvir sensoru qismində F/1,79 obyektivli 48 meqapikselli “Sony IMX582” quraşdırılıb. İnfraqırmızı kamera 8 meqapiksellidir. Əlavə olaraq səhnənin dərinliyinə məsuliyyət daşıyan 2 meqapikselli ötürücü yerləşdirilib.
Əlavə qoşulan modul smartfonu bakteriya və virusları məhv etməyə imkan verən sterilizator funksiyası ilə təmin edir. “Oukitel WP7” bir neçə iş rejimli güclü fənər, o cümlədən “SOS” funksiyası ilə təmin ediləcək.
Smartfon 8 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaşa malik “MediaTek Helio P90” birkristallı sistemi əsasında qurulub. “FullHD plus” təsvir ölçülü ekranın diaqonalı 6,53 düym təşkil edir. O, ABŞ-ın “MIL-STD-810G” standartının tələblərinə uyğundur və “IP68” dərəcəsinə uyğun toz və rütubətə qarşı davamlıdır. Qurğu -55 və 70 dərəcəli temperaturlarda iş üçün sınaqdan keçirilib.
“GPS”, “BEIDO”, “GALLILEO” və “GLONASS” naviqasiya sistemlərini dəstəkləyən smartfonun akkumulyator tutumu 8 min milliamper/saata bərabərdir. Həmçinin sifət və barmaq izi skanerinə görə blokdan çıxarma, eləcə də “NFC” modulu nəzərdə tutulub.
İyunun 12-dən etibarən satışa çıxarılacaq “Oukitel WP7” smartfonunun ilkin qiyməti 300 dollar təşkil edir.
Nizam Nuriyev