“Google” pandemiya dövründə insanların hərəkət etməsini izləyən sayt təqdim edib

1134

ABŞ-ın “Google” şirkəti servis istifadəçilərinin bütün dünya üzrə müxtəlif yerlərdə olması barədə hesabatların dərc edildiyi sayt təqdim edib. Tərtibatçılar yeni servisin səhiyyə sistemi işçilərinə və hökumətlərə qlobal “COVID-19” pandemiyasına cavab olaraq insanların hərəkət etməsinin nə dərəcədə dəyişməsini anlamağa kömək edəcəyinə ümid edirlər. Bu barədə şirkətin saytında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, “COVID-19 Community Mobility Reports” (“COVID-19″ ictimai mobillilik haqqında hesabatlar”) saytında yerləşdirilən hesabatlar insanların müxtəlif yer kateqoriyalarında coğrafi regionlar üzrə hərəkət etmə tendensiyasını əks etdirir. Onlar arasında ticarət mərkəzləri və istirahət yerləri, ərzaq mağazaları və apteklər, eləcə də park və vağzallar, iş yerləri və yaşayış binaları yer alıb. Saytda “Google Maps” servisindən əldə edilən informasiya əsasında konkret insanın geolokasiyası göstərilmədən məlumatlar dərc edilir.

Məlumata görə, şirkət tərəfindən müştərilərin fərdi məlumatlarının qorunması məqsədilə hər istifadəçiyə görə deyil, bu və ya digər obyektin ziyarəti haqqında ümumi informasiya təqdim ediləcək.

Bildirilir ki, mütəmadi hesabatlara bir neçə həftə ərzində toplanılan məlumatlar daxil olacaq. İlkin mərhələdə servisdə 100-dən çox ölkə haqqında statistika əks olunub. Yaxın vaxtlarda insanların hərəkətinin izlənildiyi ölkələrin sayının artacağı gözlənilir. Şirkətin məlumatına görə, sayt müxtəlif ölkələrin hakimiyyət orqanı nümayəndələrinə özünü təcridetmə üzrə tədbirləri qiymətləndirməkdə kömək edəcək.

Son məlumatlara görə, dünyada “COVID-19” infeksiyasına yoluxma hallarının ümumi sayı 1 milyonu ötüb, xəstəliyin yayıldığı ilk gündən isə 53 min nəfər həyatını itirib.

Nizam Nuriyev

PAYLAŞ