Azərbaycan Milli Elmlər Akademiyası akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Məcid oğlu Fərzəliyevin biblioqrafiyası işıq üzü görüb. Neft kimyası və üzvi kimya sahəsində görkəmli alim olan V.Fərzəliyevin elmi işlərinin biblioqrafik göstəricisi onun ali təhsil almaq daxil olmaqla elmi fəaliyyətə başladığı vaxtdan etibarən 1962-2019-cu illər dövrünü əhatə edir və bura Azərbaycan, rus, ingilis və digər dillərdə dərc olunmuş kitablar, məqalələr, məruzələrin tezisləri, SSRİ müəlliflik şəhadətnamələri, Azərbaycan patentləri və qazanılmış qrant layihələri daxildir.
Biblioqrafiyada qeyd edildiyi kimi aşqarların kimyası və texnologiyası, onların təsir mexanizminin tədqiqi sahəsində Azərbaycanın görkəmli alimlərindən olan akademik Vaqif Fərzəliyev beynəlxalq elm aləmində böyük nüfuz qazanmışdır. O, dünyanın müxtəlif elm mərkəzlərində uğurla apardığı elmi tədqiqatları, keçirilən konqres, simpozium və konfranslarda məzmunlu elmi məruzələrilə Azərbaycan elmini layiqincə təmsil etmişdir.
Akademikin biblioqrafiyası onun həyatının əsas tarixlərindən, elmi-pedaqoji, təşkilati və ictimai fəaliyyəti haqqında qısa oçerkdən ibarətdir.
Biblioqrafik göstəricidə akademik Vaqif Fərzəliyevin əməkdaşları ilə birlikdə sürtkü yağlarına, yanacaqlara, yağlayıcı-soyuducu və digər xüsusi mayelərə müxtəlif funksional təsirli aşqarların sintezi, tədqiqi və tətbiqi, əvvəlcədən müəyyənləşdirilmiş struktura malik yüksək effektli aşqarların istiqamətləndirilmiş sintezinin elmi əsaslarının, effektli sürtkü və yanacaq kompozisiyalarının, yağlayıcı-soyuducu və digər xüsusi mayelərin işlənilməsi məqsədi ilə aşqarların təsir mexanizminin və aşqarlar kimyasının digər nəzəri məsələlərinin öyrənilməsi sahəsində apardığı elmi-tədqiqat işlərinin ən mühüm nəticələri işıqlandırılmış, həmçinin, aspirantlara, dissertantlara, doktorantlara elmi rəhbərliyi və elmi fəaliyyətinə dair ədəbiyyat haqqında məlumatlar verilmişdir.
Biobiblioqrafik göstərici kimya üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.