Həkimlər uzun ömürlülərin geninin köməyi ilə insanın ürək hüceyrələrini cavanlaşdırıblar

206

Bristol Universitetinin alimləri müəyyən ediblər ki, uzunömürlülərdə  tapılan genin tətbiqi ürəyin fəaliyyətinin azalmasının qarşısını ala və onun bioloji yaşını 10 il azalda bilər. Day.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, araşdırma “Cardiovascular Research” jurnalında dərc olunub.

Məlumdur ki, 100 il və ya daha çox yaşayan insanlar ürək-damar ağırlaşmalarına daha az meyllidirlər. Alimlər yeni araşdırmada tapıblar ki, xüsusilə uzunömürlülərdə rast gəlinən genetik variantlardan biri insanın ürək hüceyrələrinin normal fəaliyyətini bərpa edə bilir.

Alimlər göstəriblər ki, mutant genin bir dəfə yeridilməsi orta yaşlı siçanlarda ürək funksiyasının pisləşməsini dayandırıb. Yaşlı siçanlara yeridildikdə, gen ürəyin qocalmasının bir çox əlamətlərini əks istiqamətə çevirib. Bioloqlar bunun insan ürəyinin on il cavanlaşmasına bərabər olduğunu bildiriblər.

Daha sonra alimlər əksəriyyəti ürək transplantasiyası əməliyyatı keçirmiş, ağır xəstəlikləri olan yaşlı xəstələrin ürək hüceyrələrini toplayıblar. Laboratoriyada genin bu hüceyrələrə yeridilməsi yeni qan damarlarının əmələ gəlməsində iştirak edən hüceyrələrin cavanlaşmasına səbəb olub.

Artıq bəzi xəstəliklərin müalicəsində gen terapiyasından istifadə olunsa da, gen məhsullarının (zülalların) tətbiqi daha təhlükəsizdir. Alimlər ümid edirlər ki, onların kəşfi ürək çatışmazlığı olan insanlar üçün belə terapiyanın inkişafına imkan verəcək.

PAYLAŞ