Hər qarışı bütövləşən Azərbaycan…

41

19 Sentyabr 2024 20:03

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü

Prezident İlham Əliyev təqvimə daha bir tarixi gün əlavə edib, həmin təqvimi şərəf dolu hadisələrlə zənginləşdirdi. Belə ki, Konstitusiyamızın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazilərində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq hər il sentyabrın 20-sini ölkə ərazisində Dövlət Suverenliyi Günü elan etdi.

Bu zamanında atılan addım, verilən qərar ölkəmizin suverenliyinin tam bərpa olunmasına görə canından, qanından keçənlərin adlarını əbədiyyətə yazdırdı. Bundan böyük qiymət ola bilməz. Bunu isə əlbəttə, yalnız və yalnız “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyən Müzəffər Ali Baş Komandan edə bilir.

“Müstəqil Azərbaycanın hər qarışı artıq bir ildir ki, bütövdür, suverendir” kəlməsi necə möhtəşəm səslənir. Biz həmişə bu sözlərin nə vaxt dilə gətiriləcəyinə belə tam əmin deyildik. İnanmırdıq ki, Qarabağın dağlıq hissəsini və ona bitişik 7 rayonu bizdən zorla alıb erməniyə verən güclər yenidən tarixi torpaqlarımızın geri qayıtmasına imkan verərlər. İşləri-gücləri 30 ilə yaxın idi ki, “sülh danışıqları” adı, əslində isə “qərb nağılları” ilə bizi, haqq tərəfini yola verirdilər. Ümid edirdilər ki, indiki nəsil baş verənləri unutsa, yaratdıqları yalançı reallığı gələcək nəsillərlə daha rahat qəbul etdirə bilərlər. Bundan şirniklənən ermənilər və onların Qarabağdakı separatçı başları həyassızlığın ən üst mərtəbəsinə qalxaraq, oradan Azərbaycanı “yeni müharibə – yeni ərazi” iddiaları ilə açıq təhdid etməyə başlamışdılar. Ta ki, buna bədnam qonşularımızın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində “Dənizdən-dənizə Böyük Ermənistan” mifini darmadağın etməklə və son 200 ildə ilk dəfə bu böyüklükdə tarixi Zəfərə imza atmaqla son qoyduq. Lakin Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad etsə də, suverenliyin tam bərpası mümkün olmamışdı. Ələlxüsus terror yuvasına çevrilən Xankəndidə seperatizmin kökü kəsilməmişdi. Orada və ətraf rayonlarda olan Qarabağın erməni vətəndaşlarına “müstəqillik”, “muxtariyyət” və sair kimi xam xəyallardan imtina etmək və Azərbaycan pasportunu almaq şərti ilə qalıb yaşamalarına son şans verildi. Bədbəxt millət bu şansı da dəyərləndirə bilmədi.

Bədnam ermənilər “Qisas” əməliyyatı kimi ciddi xəbərdarlıqlarımızdan nəticə çıxarmadılar. Onlara yeganə çıxış yolunu göstərmək vəzifəsi Azərbaycanın qəhrəman oğullarının üzərinə düşdü. Cəmi 23 saat 43 dəqiqə davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində hazırda üçrəngli dövlət bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Suverenliyimizin qeyd ediləcəyi tarixlə diqqəti cəlb edən digər bir məqam onun Azərbaycanın bütün uğurlarına bünövrə, məhək daşı olan “Əsrin müqaviləsi”nin imzalandığı tarixlə üst-üstə düşməsidir. Bu iki əlamətdar, yadda qalan, şərəf dolu hadisə ilə paralellik aparsaq belə bir qanunauyğunluq görə bilərik ki, əgər 30 il bundan əvvəl müstəqil Azərbaycanın neft strategiyasının şah əsəri imzalanmasaydı, bu gün nəinki suverenliyimizin tam bərqərar olmasından, o zamanlar ölüm-qalım seçimi qarşısında qalan Azərbaycanın mövcudluğundan da danışa bilməzdik. Bu sözləri yazarkən belə sevinc göz yaşlarını saxlamaq mümkün deyil. Sözün əsl mənasında xoşbəxt millətin bəxtəvər nümayəndəsi kimi adları qızıl hərflərlə tarixə yazılan hadisələrə canlı şahidlik edirik.

Gəlin, müstəqilliyimizin, suverenliyimizin dəyərini, qiymətini bilək!

PAYLAŞ