ABŞ tədqiqatçıları insanın immunçatışmazlığı virusunun müalicəsi üçün implant hazırlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “Hightech+” resursuna istinadən yazır ki, implant polimer, üzvi həlledici və dərmanlar birləşməsindən ibarətdir. O, əvvəlcə balın sulu konsistensiyası şəklində olsa da, inyeksiyadan sonra insan bədənində bərkiməyə başlayır və daha sonra yavaş-yavaş həll olunaraq dərmanları buraxır.
Məlumata görə, tədqiqatçılar tərəfindən yeni yanaşma altı antiretrovirus dərman preparatı üzərində sınaqdan keçirilib. Onların hamısı öz fiziki və kimyəvi xüsusiyyətlərini həm implant daxilində, həm də buraxıldıqdan sonra qoruyaraq saxlayıblar. İmplant bir aydan bir ilədək olan müddət ərzində qana davamlı şəkildə dərmanlar buraxmaqla məşğul olub.
Hamiləlik dövründə və ya xəstənin orqanizmi implanta pis reaksiya verən zaman onu cərrahi müdaxilə ilə çıxarmaq mümkündür.
Alimlər ümid edir ki, ildə bir-iki dəfə yenilənən implant HİV-in müalicəsinin və profilaktikasının effektivliyini artıracaq. O, xüsusilə xəstə eyni anda bir neçə dərman qəbul etdikdə faydalı olacaq. Tədqiqatçıların sözlərinə görə, dərmanlar yalnız həblərdən ibarət olanda onları vaxtlı-vaxtında qəbul etməmək və ya səhv salmaq riski artır.
Mütəxəssislərin fikrincə, eyni texnologiyanı gündəlik dərman qəbulu tələb edən digər xəstəliklər üçün də adaptasiya etmək olar.
Nizam Nuriyev