22-23 oktyabr 2025-ci il tarixlərində akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 90 və Azərbaycanın görkəmli kimyaçı alimi, akademik Toğrul Şahtaxtinskinin 100 illik yubileylərinə həsr olunmuş respublika elmi konfransı keçirilib.
Əvvəlcə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun və akademik Toğrul Şahtaxtinskinin fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 90 ildə çətin, məsuliyyətli və şərəfli yol keçdiyini, ölkəmizdə kimya elminin inkişafına mühüm töhfələr verdiyini bildirib. O, qurumun 90 illik fəaliyyəti dövründə bir çox uğurlara imza atıldığını, mühüm elmi nəticələrin əldə olunduğunu söyləyib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev konfransda çıxış edib və institut kollektivini əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Aşqarlar Kimyası İnstitutunun əməkdaşları konfransda müxtəlif mövzularda məruzələrlə iştirak ediblər.




