Dekabrın 6-da AR Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AMEA Kimya Elmləri Bölməsinin (KEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş iclası keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezident, akademik Dilqəm Tağıyev, bölmənin Ümumi yığıncağının üzvləri, elmi müəssisələrin baş və icraçı direktorları, elmi katibləri, BDU və ADNSU- nun əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, KEB-in sədri, akademik Dilqəm Tağıyev iclasın Kimya Elmləri Bölməsinə daxil olan institutların, eləcə də BDU- nun Kimya və ADNSU-nun Kimya Texnologiya Fakültələrinin 2024-cü ildə aprılmış elmi tədqiqat işlərinin yekunlarına həsr olunduğunu bildirib.
Akademik Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov təmsil etdiyi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işləri, nəşr olunmuş məqalələr, tətbiq olunan işlər, beynəlxalq əlaqələr, keçirilən tədbirlər barədə məlumat verib. Alim bildirib ki, cari ildə elmi müəssisədə 3 istiqaməti əhatə edən 6 problem üzrə aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq 16 mühüm elmi nəticə əldə edilib. İnstitut tərəfindən quyularda və neftçıxarma borularında asfalt, qətran və parafinçökmənin qarşısının alınması məqsədi ilə təbii neft turşularının törəmələri, yüngül fleqma əsasında (Marka “Parkorin-22 A”) parafinçökmə inhibitor-bakterisidinin istehsalı təşkil olunub. “İNKOR”-MMC-də 01.12.2024-cü il tarixinə qədər 128 ton “Parkorin-22 A” inhibitor-depresant parafinçökmə inhibitorunun istehsalı təşkil edilmişdir.Eyni zamanda neft turşuları əsasında alınmış komplekslərinin 1:1 mol nisbətində kompozisiyalarının Yevlax rayonunda MKT İK MMC YEVLAX İNNOVASİYA FİLİALLI-nin pambıq sahəsində boy stimullaşdırıcı kimi sahə sınaqları aparılmış və yüksək nəticələr alınmışdır. Cari ildə institut əməkdaşları tərəfindən əldə edilən nəticələr 65-i xaricdə olmaqla 179 elmi məqalədə, 254 tezisdə (63 xaricdə), 12 patentdə öz əksini tapmışdır. Həmçinin cari ildə 7 kitab, 3 dərslik və 4 monoqrafiya çap olunub. 2024-cü ildə institut əməkdaşlarının nəşrlərinə 2277 istinad edilib. Cari ildə İnstitutda 2 qrant layihəsi çərçivəsində tədqiqatlar davam etdirilmiş, 7 yeni qrant layihəsi qalib olmuşdur. 2024-cü ildə İnstitutun bağladığı təsərrüfat müqavilələri nəticəsində 155 300 manat büdcədən kənar vəsait İnstitutun maliyyə hesabına daxil olmuşdur. Məruzəçi aparılan elmi-tədqiqat işlərinin nəticələri və əldə edilən nailiyyətlər barədə ətraflı məlumat verdi.
Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev institutun cari ildəki hesabatını təqdim edib. Alim bildirib ki, cari ildə İnstitutda 3 problem üzrə aparılan elmi-tədqiqat işləri nəticəsində 10 mühüm elmi nəticə əldə edilib. Aparılmış tədqiqatların nəticələri 157 məqalə (89 xaricdə) və 167 (87 xaricdə) tezis şəklində çap olunub. Cari il ərzində 29 məqalə Web of Science və 69 məqalə Scopus bazalarına daxil olan impakt faktorlu jurnallarda dərc olunub. Clarivate Analytics bazasında yer alan ən yüksək impakt faktorlu jurnallarda çap olunan məqalələrdən 1-i Q1, 15-i Q2, 19-u Q3, 45-i Q4 qrupuna daxildir. 2024-cü ildə İnstitut əməkdaşlarının məqalələrinə 2200-dən çox istinadlar edilib. Həmçinin, cari ildə institut əməkdaşları tərəfindən 9 monoqrafiya, kitab və dərslik çap edilmiş, 6 patent alınmış (1-i beynəlxalq) və patent almaq üçün 6 iddia sənədi Əqli Mülkiyyət Agentlyinə təqdim edilərək ilkin ekspertizanın müsbət rəyi alınıb. Cari ildə İnstitutda 1 qrant layihəsi üzrə tədqiqatlar davam etdirilmiş, 3 layihə isə qrant müsabiqələrinin qalibi olmuşdur. Eyni zamanda cari ildə İnstitutun bağladığı təsərrüfat müqaviləsi nəticəsində 100 000 manat büdcədən kənar vəsait İnstitutun maliyyə hesabına daxil olub.
Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev təmsil etdiyi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən hesabatı təqdim edib. Akademik bildirib ki, Aşqarlar Kimyası İnstitutunun əməkdaşları tərəfindən 2024-cü ildə 14 mühüm elmi nəticə əldə olunub. Eyni zamanda cari ildə Aşqarlar Kimyası İnstitutu tərəfindən yaradılmış “Depressator-AKİ” aşqarının istehsalı institutun “Aşqar” EİB-də bu il də davam etdirilib. Həmçinin, institut alimləri tərəfindən turş qudronun emal məhsulundan istifadə edərək mazut əsasında alınan qalıq yanacaqların özlülük və aşağı temperatur xassələrini yaxşılaşdıran əlavənin istehsalı da davam etdirilib. İl ərzində 51 elmi məqalə, onlardan 36 xaricdə (21 məqalə Web of Science və Scopus bazalarında, 5 məqalə isə digər beynəlxalq bazalara daxil olan jurnallarda) çap olunub, 15 patent alınıb, 3 kitab (onlardan 2-i xaricdə) nəşr olunub. 2024-cü ildə İnstitut əməkdaşlarının məqalələrinə 300-ə yaxın istinadlar edilib. 2024-cü ildə İnstitutun bağladığı təsərrüfat müqavilələri nəticəsində 44 141 manat büdcədən kənar vəsait İnstitutun maliyyə hesabına daxil olub.
Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov illik hesabat təqdim edərək təmsil etdiyi elmi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr, nəşr olunmuş məqalələr barədə məlumat verib. Alim bildirib ki, Polimer Materialları İnstitutunda cari ildə aparılan elmi-tədqiqat işləri 8 mühüm elmi nəticə ilə yekunlaşıb. Aparılan elmi-tədqiqat işlərinin nəticəsi 56 çap olunmuş məqalədə və 5 kitabda öz əksini tapmışdır. Məqalələrdən 19-u respublikada, 37-i xaricdə çap olunub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Texnologiya Fakültəsinin dekanı prof. Sevinc Məmmədxanova bildirdi ki, fakültədə 3 mövzu üzrə elmi tədqiqat işləri aparılıb. Fakültəyə daxil olan kafedraların əməkdaşları tərəfindən cari ildə aparılan elmi-tədqiqat işlərinin nəticəsi 3 monoqrafiyada, 1 dərs vəsaitidə, 8 patent və 451 məqalə və tezisdə öz əksini tapıb. Onlardan 137-i respublikada, 237-ı xaricdə çap olunub. Onlardan 70-i Web of Science və Scopus bazalarında indeksləşən jurnallardadır.
Bakı Dövlət Universitetinin Kimya Fakültəsinin dekanı dosent Fuad Kərimli bildirib ki, fakültədə 4 elmi-tədqiqat və “Sənaye kimyası” laboratoriyaları fəaliyyət göstərir və 12 mövzu üzrə tədqiqatlar aparılıb. F.Kərimli qeyd edib ki, əməkdaşlarımız tərəfindəın cari ildə 7 mühüm nəticə alınıb. Aparılan elmi-tədqiqat işlərinin nəticəsi çap olunmuş 178 məqalədə öz əksini tapıb. Onlardan 43-ü pespublikada, 178-ı xaricdə çap olunub. Bu məqalələrdən 72-i WOS və Scopus bazalarında indekslənmiş jurnallardadır.
Aparılan müzakirələrdə akademik Vaqif Fərzəliyev, akademik Adil Qəribov və başqaları iştirak edərək fikir və təkliflərini səsləndiriblər.
Sonda çıxış edən akademik Dilqəm Tağıyev prioritet istiqamətlər üzrə fundamental tədqiqat işlərinin davam etdirilməsinin, eyni zamanda iqtisadiyyata tövhə verə bilən tətbiq yönümlü elmi-tədqiqat işləri ilə bağlı aparılan araşdırmaların daha da genişləndirilməsinin, o cümlədən hidrogenin energetikası ilə əlaqəli tədqiqatların vacib olduğunu vurğulayıb. Akademik qeyd edib ki, elm və təhsilin inteqrasiyası istiqamətində işlər daha da genişləndirilməli, universitetlərlə birgə elmi-tədqiqat işlərinin aparılmasına, layihələrin həyata keçirilməsinə, kadr hazırlığına xüsusi önəm verilməlidir.
KEB-nin Ümumi yığıncağı hesabat verən təşkilatların 2024-cü ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatların qəbul olunmasına yekdilliklə səs verib.