Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Kimya İnstitutu” Publik Hüquqi Şəxs və Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun bir qrup aparıcı alimləri “Dimer formasında aldıqları nikel-pirazolin kompleksinin struktur təhlili, DFT və molekulyar elektrostatik potensial tədqiqi” mövzusunda bəzi zərif üzvi sintez reaksiyaların nəzəri-təcrübi mexanizimində kompüter kimyəvi hesablamaların tətbiqi ilə bağlı istiqamətində beynəlxalq səviyyəli müştərək tədqiqatlar aparmış və aldıqları mühüm nəticələrdən bəhs edən məqaləni Web of Science bazasında indekslənən impakt faktoru 2.3 olan İran Kimya Cəmiyyətinin jurnalında (Journal of the Iranian Chemical Society) nəşr etdirmişlər (https://link.springer.com/article/10.1007/s13738-025-03327-4).
İnstitutun Sənədlərlə İş və İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, kimyaçı və fizik alimlər birlikdə müfəssəl araşdırmalar yolu ilə ilk dəfə olaraq molekulyar qarşılıqlı təsirlərin baş vermə ehtimalı olan elektrofil və nukleofil reaksiya mərkəzləri müəyyən etmişlər. Əldə edilən məlumatlar alimlərə Ni əvəzedicisinin stabilliyini təhlil etməyə və reaktivliyini proqnozlaşdırmağa imkan vermişdir. Bu kompleksdə koordinat rabitələri vasitəsilə iki sabit altı üzvlü boşluq əmələ gəldiyi aşkar edilmişdir. N10H38…N22 (2.21 Å) və N26H27…N6 (2.26 Å) güclü hidrogen rabitələri vasitəsilə bu molekulda iki düz beş üzvlü psevdotsiklin əmələ gəldiyi aşkar edilmişdir. Alınan nəticələr təkmilləşdirilmiş xüsusiyyətlərə malik yeni pirazolin törəmələrinin dizaynı üçün faydalı ola bilər.

