Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Kimyası İnstitutu” PHŞ-in “Aşqarlar kimyası bölməsi”ndə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
“20 yanvar xalqımızın zəfər yolunun başlanğıcıdır” adlı tədbiri giriş nitqi ilə akademik Vaqif Fərzəliyev açıb və qeyd edib ki: “Bu hadisə insanlığa qarşı törədilmiş ən ağır cinayət olmaqla yanaşı, həm də xalqımızın şərəfli, qəhrəmanlıq tarixinə daxil olan əlamətdar bir gündür. Bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi”.
İnstitut Həmkarlar Təşkilatının sədri k.ü.f.d., dosent Elxan İsakov “20 yanvar xalqımızın zəfər yolunun başlanğıcıdır” mövzusunda təqdimatla çıxış edərək bildirib ki,: “20 Yanvarın təkcə faciə deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir”.
Sonra 20 Yanvar gecəsində baş vermiş həmin qətliyamın dəhşətlərini əks etdirən fotolar nümayiş etdirilib.






